ÜST-ə görə pandemiya bu il başa çatmaya bilər

ÜST-ə görə pandemiya bu il başa çatmaya bilər

Cenevrə, 2 mart, AZƏRTAC

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirus pandemiyasının bu il başa çatmayacağını hesab edir.

AZƏRTAC xəbər verir ki, təşkilatın fövqəladə hallar proqramının icraçı direktoru Maykl Rayan bu barədə danışıb və qeyd edib ki, virus üzərində bu ilin sonunadək qələbə çalınacağına dair təsəvvürlər “vaxtından əvvəl və qeyri-realist“ hesab olunmalıdır.

M. Rayan bildirib ki, virusun il ərzində aktuallığını qoruyacağına baxmayaraq, vaksinasiya kampaniyaları sayəsində xəstəxanalardakı xəstələrin və ölüm hallarının sayı azala biləcək.

Altı həftəlik azalan tendensiyadan sonra yoluxma hallarında yenidən artımın müşahidə olunması isə ehtiyatlı olmağı tələb edir. Afrika və Qərbi Sakit Okean regionu istisna olmaqla bütün regionlarda artım trendi mövcuddur. ÜST-ün baş direktoru Tedros Qebreyesus səbəblər barədə danışarkən müxtəlif ölkələrdə karantin qaydalarının yumşaldılması və virusun mutasiyaya uğramış variantlarının yayılmasını göstərib. Ona görə də ÜST beynəlxalq ictimaiyyəti əsas diqqəti vaksinasiya prosesinə yönəltməməyə, eyni zamanda yoluxmanın qarşısını alan tədbirləri gücləndirməyə çağırıb.

ÜST-ün məlumatına görə, dünyanın yoxsul ölkələrində vaksinasiya prosesinin irəliləməsi pandemiyanın qarşısının alınmasında mühüm rol oynayacaq. Qeyd edilib ki, bir sıra ölkədə, məsələn, Qana və Fil Dişi Sahilində tibb işçilərinin vaksinasiyasına artıq başlanılıb və may ayınadək 142 ölkəyə 237 milyon doza peyvəndin çatdırılması nəzərdə tutulur.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Cenevrə

 

Mənbə: azertag.az