36 ilin müəllimi 4 ildir universitet ilə məhkəmədədir

36 ilin müəllimi 4 ildir universitet ilə məhkəmədədir

Azərbaycan Dövlət İqtisad Universitetinin rus dili kafedrasının müəllimi Zərifə Mansurova rektor Ədalət Muradovun adamları tərəfindən vəzifəsindən kənarlaşdırıldığını iddia edir.

Azərbaycan Dövlət İqtisad Universitetinin rus dili kafedrasının müəllimi Zərifə Mansurova Metbuat.az-a şikayət edərək bildirdi ki, bir müddət əvvəl o qanunsuz işdən çıxarılıb.

Zərifə Mansurova deyir ki, O, 30 ildən çox pedaqoji fəaliyyətinin üstündən belə bir qara xətt çəkilməsi ilə barışmır və əmindir ki, işindən əsassız uzaqlaşdırılıb.

Baş vermiş bu məsələnin səbəblərinə gəldikdə isə...

“Mən tam ştatlı müəllim idim. Uzun müddət cəmisi 280 manat maaş almışam. Təzə rektor Ədalət Muradov gələn ərəfədə, rektorun əmri ilə bütün müəllimlər yarımştata keçirildi. Bundan sonra elan edildi ki, universitetdə differensial əməkhaqqı sistemi yaradılacaq və həmin sıralamada da hansı müəllim ilk 100-lüyə düşəcəksə, onların maaşı artırılacaq. Biz də fikirləşdik ki, həqiqətən bu sistemlə maaşımızı artıra bilərik.

Daha sonra xəbərdarlıq edildi ki, guya universitetin rus dili kafedrası bağlanacaq və digər işçilərlə bərabər mən də ixtisar olmalıyam. Amma ərizə yazdıqdan sonra məlum oldu ki, məndən başqa heç kim işdən azad olunmayıb. Məni heç bir nöqsan göstərilmədən vəzifəmdən kənarlaşdırdılar”.

Hazırda nə pensiya, nə də ki maaş alan Zərifə Mansurova deyir ki, maddi baxımdan çox çətin bir vəziyyət yaşayır. Məhz bu vəziyyətlərdən çıxış yolunu o məhkəmədə görsə də çox keçmir ki, bu məsələ ilə də bağlı ona heç də xoş cavablar verilmir.

‘’6 dekabr 2017-ci ildə ADİU-dan sənədlərimi təhvil alandan sonra iddia ərizəsi ilə 27 dekabr 2017-ci ildə Səbail rayon məhkəməsinə getdim. 26 yanvar 2018-ci ildə məhkəmədə mənim işimə baxdılar və qərardat çıxarılır ki, müddət ötürülüb.

Bundan sonra qərardan apellyasiya şikayəti verdim. Buradan da mən şikayətimin təmin olunmadığını görüb 18.02.2019-cu il tarixində Ali məhkəməyə müraciət etdim’’.

Ali məhkəmə Zərifə Mansurovanın şikayəti ilə bağlı qətnamə qəbul edib. Qətnaməyə əsasən, Səbail rayon Məhkəməsində Z.Mansurovanın işi ilə bağlı gecikmə qərarına dair çıxarılan qərardad ləğv edilib, işin mahiyyəti üzrə baxılmasına dair qərar verilib.

Beləliklə,Z.Mansurovanın işinə bərpa olunması ilə bağlı məsələyə yaxın müddətdə Apelliyasiya Məhkəməsində təkrar baxılacaq.

Məsələ ilə bağlı UNEC-in İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Elnarə Məmmədova ilə əlaqə saxladıq.

Metbuat.az-a açıqlamasında Elnarə Məmmədova bildirdi ki, Zərifə Mansurovanın işi hazırda məhkəmədədir. Onun durumu ilə bağlı məhkəmə qərar verəcək. Əgər Zərifə xanım məhkəmənin işi yubatmağından narazıdırsa, bu iddiaçı ilə məhkəmə arasında olan məsələdir.

Bəs Zərifə Mansurova yenidən universitetə qaytarıla bilərmi? Bu sualımıza universitetin səlahiyyətli nümayəndəsinin cavabı belə oldu.

“Rus dilindən dərs yükü az olduğu üçün bəzi müəllimlər ixtisara düşdü. İxtisara düşən müəllimlərə isə UNEC-in tərcümə mərkəzində tərcüməçi işi təklif olundu. Zərifə Mansurova isə həmin təklifdən imtina etdi’’.

Qeyd edək ki, bu məsələ ilə bağlı Zərifə Mansurova ölkə başçısına, I vitse-prezident Mehriban Əliyevaya müraciət ünvanlayıb. O,ümid edir ki, İlham Əliyev və Azərbaycanın I vitse-prezidenti Mehriban Əliyevanın göstərişi ilə onun işinə yenidən baxılaraq pedaqoji fəaliyyətinə davam etdirilməsinə şərait yaradacaqlar.

 

Gülbəniz Hüseynli 

Mənbə: metbuat.az