Qobustanda küçənin satılması ilə bağlı iddiaya rəsmi cavab

Qobustanda küçənin satılması ilə bağlı iddiaya rəsmi cavab

“Qobustan rayonunun yeni yaşayış massivində sakinlərin istifadə etdiyi Ağaqulu Xudaquliyev adına küçənin bir hissəsi iki ildir satılıb. O yolda olan tikintini dayandıra, yolu aça bilmirik”.

Bu iddia ilə “Qafqazinfo”ya Qobustan sakini Beyrək Hüseynov müraciət edib. Onun sözlərinə görə, hazırda sakinlərin yaşayış yeri olan ərazi 10 il əvvələ qədər əkin sahəsi olub. Sakinlərə paylanan zaman ümumi istifadə üçün 7 evdən bir yol qoyulsa da, indi həmin yollarda da evlər inşa olunur:

“Ərazi yaşayış yeri kimi sakinlərə paylananda 7 evdən bir yol salınıb. Həmin yola bizim evlərin çıxışları var, qaz xətləri çəkilib, hətta orada FHN-nin su qəza kəməri yerləşir. Bu yol həm də kənddə olan mal-qaranın keçidi üçün istifadə olunur. Şəhərsalma və Arxitektura Komitəsinin xəritəsində də həmin yol göstərilib, Ağaqulu Xudaquliyev adına küçədir. İcra nümayəndəliyinə, İcra Hakimiyyətinə gedirik, deyirlər tikinti dayandırılacaq, 10-15 gün yubadırlar, təkrar yenə tikinti davam edir. Bu şəkildə artıq 2-3 ev tikilib...”

B. Hüseynov qeyd edib ki, yol demək olar tamamilə bağlanıb, keçməyə yer qalmayıb: “10 gün qabaq yolda tikinti başladı, toplaşıb icra nümayəndəliyinə getdik. Hərəni bir bəhanə ilə - bəzilərini maska, bəzilərini təxribat törətmək adı ilə cərimələdilər. Təxminən 40-50 nəfər şikayətçi var. Amma hərəni bir yolla uzaqlaşdırırlar”.

Şikayətlə bağlı Qobustan RİH başçısının müavini, Sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Məharət Əkbərov "Qafqazinfo"ya bildirib ki, Qobustan şəhər statusu alsa da, heyvandarlıq rayonudur: "Əhalinin bu marağı nəzərə alınıb heyvandarlığa şərait yaradılır. İcra Hakimiyyəti tərəfindən sakinlərlə söhbət aparılıb və onlara daha optimal yol təklif olunub. Rayonumuzda həyətyanı sahələr məhduddur. Yolu saxlayanda həyətyanı sahələr itir, ona görə Qobustan sakinlərinə həmin ərazi həyətyanı sahə kimi verilib. Çünki təhlükəsizlik baxımından da hər yüz metrdən bir perpendikulyar küçələrin kəsişməsi yolverilməzdir. Rayonun digər ərazilərində də əvvəllər o səhvlərə yol verilib. Təsəvvür edin ki, 500 metrdə 50 kəsişmə var. İndi bu şəhərsalma baxımından nizamlanıb, rayonun baş planına düzəliş olunub. Ümumi küçə Xudaquliyev küçəsidir, amma yeri dəyişib. Baş planda sakinlərin dediyi yerdə küçə nəzərdə tutulmur. Yeni küçə o küçədən təxminən 50 metr paraleldə yerləşir və 10 metr daha enlidir”.

İcra Hakimiyyəti rəsmisi həmin problemlə şəxsən məşğul olduğunu, şikayətçilərlə görüşdüyünü deyir. Onun sözlərinə görə, sakinlərin şikayət edib yayımladığı video 2 il əvvəl çəkilib: “Şikayət edən bir nəfər çobandır. Onun orada evi və heyvanları var, onlara 25 metr enində yol ayrılıb. Heyvandarlıq rayonlarında heyvan marşrutları müəyyənləşdirilir. Hərə istədiyi yoldan heyvan apara bilməz. Çünki əks halda biz həmin yolların təmizliyini nəzarətə götürə bilmərik. Bizim bələdiyyə ilə də bununla bağlı söhbətimiz olub, konkret marşrutlar müəyyənləşib. Gözətçilər ayrılıb ki, yaşıllıqlara ziyan vurulmasın, heyvanlar keçib gedəndən sonra asfalt təmizlənsin. Hazırda həmin ərazidə heç bir problem yoxdur”.

Gülnar Əliyeva

Mənbə: qafqazinfo.az