AZAL: Ləğv edilmiş reyslərin biletləri yenidən təxsis ediləcək

"Azərbaycan Hava Yolları" QSC (AZAL) koronavirus (COVID-19) pandemiyasına görə ləğv edilən reyslərin biletlərinin yenidən təxsis edilməsi şərtlərini açıqlayıb.

Bu barədə "Report"un sorğusuna cavab olaraq AZAL-dan bildirilib.

Məlumatda deyilir ki, aviaşirkət və onun aşağıbüdcəli törəməsi - "Buta Airways”in ləğv edilmiş reyslərinə bilet almış sərnişinlərə həmin biletləri aviadaşıyıcıların hazırda yerinə yetirilən xüsusi reyslərinə yenidən təxsis etməyə icazə verilir.

Belə ki, AZAL sərnişinlərinə, uçuş tarixini dəyişməklə, lakin əvvəlki hərəkət marşrutunu saxlamaqla, bileti ödənişsiz yenidən rəsmiləşdirməyi təklif edir. Tariflər arasındakı fərqi ödəyərək sərnişinlər aviaşirkətin bütün hazırkı istiqamətləri üzrə uçuş marşrutunu dəyişə bilərlər.


"Buta Airways”in ləğv edilmiş reyslərinin biletlərini alan sərnişinlər isə tariflər arasındakı fərqi ödəyərək, həmçinin həmin biletləri AZAL-ın xüsusi reyslərinə yenidən rəsmiləşdirə bilərlər.

"Buta Airways” aviaşirkətinin ləğv edilən reyslərinin biletlərini alan sərnişinlər həmin biletləri əlavə ödəniş etmədən, aşağıbüdcəli aviaşirkətin hazırkı xüsusi reyslərinə (istənilən istiqamət) yenidən təxsis edə bilərlər.

AZAL və "Buta Airways” sərnişinləri biletlərin dəyişdirilməsi üçün müvafiq olaraq [email protected] və [email protected] ünvanları vasitəsilə, həmçinin müvafiq olaraq https://help.azal.az/hc/az/requests/new və https://help.butaairways.az/hc/az/requests/new linkləri ilə geri əlaqə forması vasitəsilə aviaşirkətlərin çağrı mərkəzlərinə və ya aviabiletlərin alındığı yer üzrə müraciət edə bilərlər.

Hər iki aviaşirkətin sərnişinləri yalnız bir dəfə aviabileti ödənişsiz yenidən təxsis edə bilər.

Aviabiletin dəyərinin qaytarılmasına alternativ olaraq vauçer formasında sənəd təklif olunur. Həmin vauçeri ilkin aviabiletin əldə edildiyi tarixdən iki il ərzində istifadə etmək mümkündür.


 

Anews.az

ƏVVƏLKİ XƏBƏR

Gürcüstanda ali təhsil alan azərbaycanlıların sayı AÇIQLANDI

SONRAKI XƏBƏR

Maliyyə Nazirliyi təmizlik işlərinə 233 min manat xərcləyəcək