“Pandemiya yubileyimi qeyd etməyə imkan vermir” - 80 yaşlı Novella

“Pandemiya yubileyimi qeyd etməyə imkan vermir”  - 80 yaşlı Novella

Bu gün Azərbaycanın tanınmış hüquq müdafiəçisi, Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlunun 80 illik yubileyidir.

“Qafqazinfo” xəbər verir ki, 1941-ci ildə Naxçıvanda dünyaya gələn xanım Cəfərova Azərbaycan ictimaiyyətinin sevimli simasına çevrilib. Xüsusən insan hüquqları sahəsində fəaliyyət göstərən sədr 500-dən artıq layihənin koordinatoru olmuş, elmi məqalələr və kitablar çap etdirib. N. Cəfəroğlu Açıq Cəmiyyət inkişafına görə 1998-ci ildə Avropa Şurası və ABŞ-ın Beynəlxalq Marşall mükafatı ilə təltif edilib. Bundan əlavə olaraq,o, ABŞ Dövlət Departamentinin 2007-ci il Beynəlxalq Cəsur Qadın mükafatını da qazanıb.

“Qafqazinfo” xanım hüquq müdafiəçisinin 80 illik yubileyi münasibətiylə təəssüratlarını öyrənib. Xanım yubileyar qeyd edib ki, özünü bu yaşda çox gümrah hiss edir: “Səhhətim də yaxşıdır. Bu mənim 80 illik yubileyimdir. Əgər pandemiya olmasaydı, bütün dostlarımı, jurnalistləri bir araya yığıb gözəl bir yubiley mərasimi keçirərdim. Heyif ki, pandemiya buna imkan vermir. Ona görə də ad günümü bacımgildə qeyd edəcəm”.

N. Cəfəroğlu onun ad gününə ən böyük hədiyyənin torpaqlarımızın işğaldan azad olunması olduğunu vurğulayıb: “Bu yolda can qoyan şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyirəm. Mən vaxtilə o torpaqlarda çox işləmişəm. Orada laboratoriyamız var idi. İndi ən böyük arzum həmin torpaqları, xüsusilə Şuşanı yenidən görməkdir. İnşallah bu arzuma da tezliklə çataram. Daha bir arzum isə Azərbaycanı tam demokratik ölkə kimi görmək, gənclərimizin daha xoşbəxt həyat yaşamasına şahid olmaqdır”.

 

 

Mənbə: qafqazinfo.az