Həkim-otorinolarinqoloq: Karlıq və eşitmə zəifliyi anadangəlmə və sonradan qazanılmış ola bilər

Həkim-otorinolarinqoloq: Karlıq və eşitmə zəifliyi anadangəlmə və sonradan qazanılmış ola bilər

İnsan qulağı vasitəsilə eşidir və bu vacib orqan beş duyğu üzvündən biridir. Eşitmənin olmaması, yəni karlıq və yaxud eşitmənin zəifliyi, insanın səsləri qəbul edə bilməməsinə və yaxud çox zəif qəbul etməsinə, nitqdə və ünsiyyətdə, sosial adaptasiyada problemlərin yaranmasına səbəb olur.

Mərkəzi Gömrük Hospitalının həkim-otorinolarinqoloqu Elvin Əzizov bu barədə AZƏRTAC-a məlumat verərək deyib: “Karlıq və eşitmə zəifliyi anadangəlmə və sonradan qazanılmış olur. Anadangəlmə karlığa və eşitmə zəifliyinə irsi meyillilik, genetik xəstəliklər və ananın hamilə vaxtı keçirmiş olduğu infeksion xəstəliklər, alkoqol və siqaret kimi zərərli vərdişlərdən istifadə, daimi stress və eləcə də vaxtından əvvəl doğuşlar səbəb olur.

Sonradan qazanılmış karlıq və eşitmənin zəifləməsi, itirilməsi istər uşaq yaşlarında, istərsə də böyüklərdə iltihabi xarakterli olub, xəstə tərəfindən keçirilmiş kəskin və xroniki orta otitlərdən sonra, həmçinin, qulağa olan mexaniki travmalar, yüksək səs və küylərin daimi və intensiv təsirindən sonra yaranır. İstər anadangəlmə və istərsə də qazanılmış eşitmə itkisinin vaxtında aşkar edilməsi və onunla əlaqədar olaraq aparılan müalicə və reabilitasiya müsbət nəticələr verir”.

Həkim-otorinolarinqoloq bəzi tövsiyələr də verib: “Eşitmənin itirilməsinin profilaktikası üçün qulaqcıqlarla yüksək tonlarda musiqiyə qulaq asmamaq və müntəzəm olaraq yüksək səs-küylü tədbirlərdən uzaq olmaq lazımdır. Valideynlər uşaqları küt və ya iti alətlərlə qulaqlara müdaxilə etməkdən və yad cisimləri qulaqlarına salmaq vərdişindən çəkindirməlidirlər. Qulaq ağrısı, qulaqlarda tutqunluq, eşitmə zəifləməsi və ani eşitmə itkisi hiss etdikdə, sonradan fəsadların yaranmaması üçün özbaşına müalicə aparılmamalı və mütləq ixtisaslı həkimə müraciət edilməlidir”.

Mənbə: azertag.az