Paytaxtda səkilər necə təmizlənməlidir? - Yaşlı qadınların...

Paytaxtda səkilər necə təmizlənməlidir? - Yaşlı qadınların...

"Onlar yıxılıb travma alarlarsa, avtomobillərin hərəkət hissəsində təmizləmə aparırlarsa avtomobillər sürüşərək dayanıqlığını itirdikdə qəza törədə bilər"

Ötən həftə qarlı-şaxtalı havalarda yolların Mənzil İstismar Sahələrinin (MİS) yaşlı qadın əməkdaşları tərəfindən təmizlənməsi sosial şəbəkələrdə qınaq obyektinə çevrildi. Hətta millət vəkili Aydın Mirzəzadə də buna irad bildirərək qarlı havada qadınların küçələrin qar və buzdan təmizlənməsi prosesinə cəlb edilməsinin düzgün olmadığını söylədi. Soisal platformada buna irad bildirənlər Bakı Şəhər İcra Hakimiyyətini (BŞİH) küçə və səkilərin təmizlənməsi üçün müvafiq texnika almamaqda da qınadı. Sputnik Azərbaycan paytaxtda qış aylarında küçələrin kənarlarının, səkilərin təmizlənməsi üçün müvafiq texnikanın alınıb-alınmadığını, qadınların bu prosesə cəlb olunması məsələsini araşdırıb.

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) mətbuat xidmətinin rəhbəri Mətin Hüseynov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, qarlı havalarda yol kənarlarının və səkilərin təmizlənməsinə ancaq qadınların cəlb edilməsi fikri doğru deyil: " Həmin qadınlar rayonların MİS-lərinin əməkdaşlarıdır. Amma elə rayon var ki, orada MİS-də ancaq texniki işçilər kişilərdir. O ki, qaldı qadınların səkilərin təmizlənməsinə cəlb edilməsinə, bu onların işidir. Bəzi yerlər var ki, texnika o yerlərə çıxa bilmir. Bu zaman Mənzil İstismar Sahələrinin kommunal təsərrüfat əməkdaşları bu işə cəlb olunur".

Sosial sahə üzrə ekspert İqar Hüseyli isə deyir ki, Azərbaycanda hər il qışa hazırlıqla bağlı işlər aparıldığı açıqlansa da, qar yağan kimi kommunal sektorun nəinki qışa, heç payıza belə hazır olmadığı üzə çıxır: " Xarici ölkələrdə küçələrlə yanaşı səkilərin, yol kənarlarının qar və buzdan təmizlənməsində insan əməyindən çox texnikadan istifadə olunur. Bunun üçün kiçik ölçülü qartəmizləyən avtomobillər alınaraq kommunal qurumlara verilir. Bizdə isə səkiləri təmizləyən texnika yoxdur. Ona görə də çarə qalır əl əməyindən istifadə etməyə. Əlbətə, qarlı, şaxtalı havada bu yaşlı Azərbaycan qadınlarını qartəmizləmə işlərinə cəlb etmək utancverici hadisədir. Bu xanımların evlərində oturub,t əqaüdlərini alıb, nəvələrini qarda oynadan yaşlarıdır. Bakı Şəhər İcra Hakimiyyətinin rəhbərliyinə sual edirəm, hansı zərurət bu yaşlı insanları bu qədər əziyyətə vadar edir? Kim haqq verib sizlərə bu ağır hava şəraitində yaşlı qadınları küçələrə tökməyə? Təbii ki, cavab verə bilərlər ki, bui işçilər maaş alır və bu onların borcudur. Amma cəmiyyət olaraq bizim mental dəyərlərimiz var. 9-10 dərəcə şaxtada bu qadınları küçələrə töküb texnikanın görə biləcəyi işləri onlara gördürmək doğru deyil".

Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, kommunal təsərrüfat işçiləri cinsindən və yaşından asılı olmayaraq əmək qabiliyyətlidirsə onlar kommunal işlərin həyata keçirilməsinə cəlb olunmalıdır: "Payızda yarpaq töküldükdə onun təmizlənməsinin də biz kommunal təsərrüfat işçiləri olan qadınların cəlb edildiyini görürük. Bizdə qar təmizləmək üçün infrastruktur Moskva kimi qarın intensiv olduğu şəhərlərdə olduğu kimi deyil. Bakı relyefli və küləkli şəhərdir. Ona görə də qar yağanda tez donur səkilərdə sürüşmə olur. Amma səkilərin qismən də olsa təmizlənməsi üçün bu işçilərin cəlb olunması normal haldır".

S. Məmmədov bildirir ki, bu halda qanunvericiliyin müəyyən tələblərinə əməl olunmalıdır: " Sadəcə olaraq bu halda əməyin mühafizəsi qaydalarına, işçilərin texniki təhlükəsizliyinə əməl edilməlidir. Tutaq ki, onlar yıxılıb travma alarlarsa, avtomobillərin hərəkət hissəsində təmizləmə aparırlarsa avtomobillər sürüşərək dayanıqlığını itirdikdə qəza törədə bilər. Ona görə də bu faktorlar nəzərə alınmalıdır. Əməyin mühafizəsi və texniki təhlükəsizlik məsələsinə əməl etmək şərtilə, işçilərin ektremal şəraitdə kommunal işlərə, qar təmizləməyə cəlb edilməsində problem görmürəm. Biz təkid etsək ki, onlar yaşlıdırlar, bu zaman onları işdən çıxardılacaq. Mən Bakı şəhərində lüzumsuz texnikanın tətbiqini də düzgün saymıram. Bu zaman işçilərin sayı azalır. Həmin xanımlar ixtisara düşər. Bizdə isə işsizlik çoxdur. Texnikanın sürətin yüksək olduğu və mərkəzi küçələrdə qardan təmizlənmə işləri aparması daha məqsədəuyğundur. Kapitaltutumlu işlərdənsə əmək tutumlu işlərə üstünlük verilməlidir. Texnikanın bəzi yerlərdə lüzumsuz tətbiqindənsə canlı qüvvənin cəlb edilməsi daha yaxşıdır".

Mənbə: sputnik.az