Bakı şəhəri üzrə 285 məktəbdə “Kiçik Akademiya” fəaliyyət göstərir

Bakı şəhəri üzrə 285 məktəbdə “Kiçik Akademiya” fəaliyyət göstərir

Paytaxtdakı ümumi təhsil müəssisələrində “Kiçik Akademiya”ların fəaliyyəti təkmilləşdirilir. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 285 ümumi təhsil məktəbində “Kiçik Akademiya” fəaliyyət göstərir.

BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, daha 22 məktəbdə “Kiçik Akademiya”ların yaradılması nəzərdə tutulur. Onların təşkil olunmasında əsas məqsəd yuxarı sinif şagirdlərinin elmi axtarışlara sövq edilməsi, məktəblilərin müasir tədqiqat metodlarına yiyələnməsi, ali və orta təhsil müəssisələri arasında əlaqələrin genişləndirilməsindən ibarətdir.

“Kiçik Akademiya” yaradıcılıq və elmi-tədqiqat işlərinə maraq göstərən, bu sahədə potensial imkanları ilə fərqlənən istedadlı şagirdlərin üzvlüyü əsasında təhsil müəssisələrində yaradılan ictimai birlikdir. Bu, istedadlı şagirdlərin aşkarlanaraq üzə çıxarılmasında önəmli rol oynayır. Üzvlük könüllüdür. Marağı və istedadı olan bütün şagirdlər təhsil aldıqları məktəbdə fəaliyyət göstərən “Kiçik Akademiya”ya üzv ola bilərlər. Ona üzv olan şagirdlərin elmi konfranslara, olimpiadalara və digər tədbirlərə qatılmaq, məktəblilər arasında elmi bilikləri təbliğ etmək kimi vəzifələri var.

“Kiçik Akademiya”nın tərkibində humanitar, təbiət, fizika-riyaziyyat, texniki, sosial-iqtisadi və digər elmi istiqamətlər üzrə bölmələr olur. Fəaliyyət göstərəcək bölmələr məktəblərin seçimi əsasında müəyyən olunur.

Mənbə: azertag.az