Pekin sakinlərinin təxminən 25 faizinə COVID-19 peyvəndi vurulub

Çin paytaxtı Pekində COVID-19 infeksiyasına qarşı vaksinasiya proqramı çərçivəsində 5 milyondan çox nəfərə peyvənd vurulub.

AZƏRTAC Pekin şəhər hökumətinin məlumatına istinadla xəbər verir ki, peyvənd olunanların 2,64 milyon nəfəri 2 doza, qalanları isə bir doza vaksin qəbul edənlərdir. Təxminən 21 milyon əhalisi olan Pekində peyvənd vurulanların əsas hissəsi risk qrupundan olanlardır. Bundan başqa, vaksinasiya proqramına uyğun olaraq, əvvəlcədən müraciət etməklə könüllü qaydada peyvəndləmə də aparılır. Müraciət edənlərin sayında isə artım dinamikası müşahidə olunur. Vaksinasiyada "Sinovac" və "Sinopharm" şirkətlərinin istehsalı olan inaktiv peyvəndlərdən istifadə olunur. Çin hökuməti hər iki şirkətin COVID-19 vaksinlərinin ölkədə kütləvi marketinqinə icazə verib.

Qeyd edək ki, Çində əhalinin COVID-19 infeksiyasına qarşı vaksinasiyası iki mərhələdə aparılır. İlk mərhələdə tibb işçiləri, xaricdən idxal edilən donmuş ərzaqların qəbulu məntəqələrində, o cümlədən yük limanlarında çalışanlara, gəmi və təyyarə heyəti üzvlərinə, ərzaq və meyvə-tərəvəz satıcılarına, ictimai nəqliyyatda çalışanlara və s. peyvənd vurulur. Bundan başqa, yoluxma sayı çox olan ölkələrə təhsil və iş məqsədilə səfər edənlər də birinci mərhələdə vaksinasiya olunurlar. İkinci mərhələ üzrə vaksinasiya prosesi könüllülük prinsipi əsasında aparılır.

Azertag.az

ƏVVƏLKİ XƏBƏR

Azərbaycan hansı addımlar atmalıdır ki, üçtərəfli bəyanatın 4-cü bəndi tam olaraq yerinə yetirilsin?..

SONRAKI XƏBƏR

Balıq məhsulları, dizayn, təmir və tikinti bazarları - Araşdırılacaq