“İki dövlət bir millət” prinsipi Azərbaycan-Türkiyə münasibətlərinin ana xəttidir

“İki dövlət bir millət” prinsipi Azərbaycan-Türkiyə münasibətlərinin ana xəttidir

26 fevral 2021-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən yerli və xarici media nümayəndələri üçün keçirilən mətbuat konfransı 4 saatdan çox davam edərək öz müddəti baxımından belə demək mümkündür ki, tarixə düşmüşdür. Dövlət başçısı yerli və xarici media qurumlarının nümayəndələri tərəfindən ona ünvanlanan bütün sualları Azərbaycan, türk, rus və ingilis dillərində maksimum dərəcədə cavablandırmış və dünya mediasının diqqətini çəkən mövzulara toxunmuşdur. Xüsusən, Türkiyə-Azərbaycan arasındakı əməkdaşlıq, iki dövlət arasındakı münasibətlər və Türkiyənin bu müharibədə Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstək qeyd olunmuşdur.

Türkiyə Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək üçün haqlı olaraq apardığı 44 gün davam edən Vətən müharibəsində öz mövqeyini və dəstəyini göstərmiş, bu dəstəkdən dolayı Azərbaycan daha da güclənərək düşmənə qarşı əzmkar şəkildə mübarizə aparmışdır. Bununla yanaşı, Türkiyə Müdafiə Sənayesi istehsal etdikləri müasir tipli silahlarla və müdafiə sistemləri ilə Azərbaycanın bu müharibə ərəfəsində zəfər qazanmasına mühüm töhfə verərək, bütün dünyaya Türkiyə iqtisadiyyatının, Türkiyə müdafiə sənayesinin inkişaf etdiyini bir daha sübüt etmişdir. Bu gün hərbi sahədə gücümüzü qüvvətləndirmək, ordumuzu möhkəmləndirmək üçün də iki dövlət arasında əməkdaşlığa əsasən həm Bakıda, həm Türkiyədə hərbi təlimlər keçirilir. Bundan sonra da bu istiqamətdə bərabər çalışmağa və Azərbaycan Ordusunun güclü və müasir olması üçün hərbi əməkdaşlığa davam ediləcək. Bunun üçün iki dövlət arasında sənədlər və müqavilələr imzalanmışdır.

Ölkə başçısı suallara cavab verərkən bildirmişdir ki, 2020-ci il noyabrın 10-da imzalanmış Bəyanatda Rusiya-Türkiyə Monitorinq Mərkəzinin yaradılması və fəaliyyəti öz əksini tapmışdır. Belə ki, Ağdam rayonu ərazisində yerləşəcək olan Monitorinq Mərkəzinin əsas məqsədi münaqişə zonasında baş verəcək hər hansı bir qarşıdurmanın qarşısını almaqdır.

Dövlət başçısı daha sonra ərazilərin minalardan təmizlənməsi məsələsinə də aydınlıq gətirərək yolun başlanğıcında olduqlarını vurğulamışdır. Ölkə başçısı bildirmişdir ki, bu yaxınlarda Türkiyədən xeyli sayda müasir texnikalar alınmışdır. Bununla yanaşı, müharibə başa çatdıqdan dərhal sonra işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi prosesi başlanmış və treninqlər keçirilməsi məqsədilə Türkiyə dövləti Azərbaycana bu sahədə çalışan təcrübəli mütəxəssislər göndərmişdir. Bu istiqamətdə təcrübəyə malik bir çox şirkətlə razılaşmalar əldə olunması üçün danışıqlar aparılmış və demək olar ki, Türkiyədən olan bir neçə şirkət artıq bu layihələrdə yer almışdır. Türkiyə şirkətlərinin minalanmış ərazilərin təmizlənməsindən sonra tunellərin qazılması və Azərbaycan üçün strateji mühüm əhəmiyyət kəsb edən Füzuli-Şuşa avtomobil yolunun inşası üçün artıq fəaliyyətə başlanılması qeyd olunmuşdur.

Vurğulanmışdır ki, Türkiyə şirkətlərinin buradakı fəaliyyəti üçün geniş imkanlar yaradılacaq və bu sahədə mühüm addımlar atılmağa başlanılmışdır. Belə ki, bir sıra mühüm islahat işləri aparılır və razılaşmalar əldə edilib. Dövlət başçısı qeyd edib ki, Türkiyə

şirkətləri yenidənqurma sahəsində müvafiq təcrübəyə malikdir və onların bu sahədə işləri bütün dünyaya məlumdur. Azərbaycan Türkiyə arasında tarixi dostluq, qardaşlıq, etimad, səmimi münasibətlər mövcud olmuş və bu ənənə bu gün də davam etməkdədir. Türkiyə öz siyasi-mənəvi dəstəyi ilə Azərbaycanın hər zaman yanındadır və iki qardaş ölkə arasında olan bu münasibətlər bundan sonra da daha da möhkəmlənəcəkdir.

Səadət İsmayılova

Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının

İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi

Mənbə: sia.az