Birgəyaşayış ənənəsi Azərbaycanda bütün dövrlərdə müşahidə edilib

Birgəyaşayış ənənəsi Azərbaycanda bütün dövrlərdə müşahidə edilib

Prezident İlham Əliyevin 26 fevral 2021-ci il tarixində yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransı Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması yönündən mühüm önəmə malikdir. Dörd saatdan çox davam edən konfransda dövlətimizin başçısı 35-dən çox media nümayəndəsinin 50-yə yaxın sualına ətraflı cavab verdi. Ölkə başçısı dünya ictimaiyyətinə çox mühüm mesajlar çatdırdı. Qeyd edək ki, mətbuat konfransının məhz Xocalı faciəsinin Anım günündə keçirilməsi də xüsusi məna daşıyırdı. Dövlətimizin başçısı dünya ictimaiyyətinin diqqətini bir daha soyqırım faktına yönəltməklə bildirdi ki, Xocalı faciəsi Ermənistan tərəfindən Azərbaycan əhalisinə qarşı törədilmiş qanlı cinayətdir.

Prezident İlham Əliyev konfrans zamanı Azərbaycanın mövqeyini bir daha bütün dünyanın gözü qarşısında qəti şəkildə ifadə etdi: Dağlıq Qarabağ problemi həll olunub, terroristlərin sayıqladığı “Artsax” olmayıb, yoxdur və olmayacaq. Ölkədə yeganə dövlət dili Azərbaycan dilidir. İşğaldan azad olunan ərazilər bərpa olunacaq, vətəndaşlarımız tezliklə doğma yurdlarına qayıdacaqlar. Torpaqlarımız uğrunda apardığımız haqlı mübarizədən sonra işğaldan azad olunan ərazilərdə ermənilərlə azərbaycanlıların birgə yaşayışı qarşıda duran əsas məsələlərdən biridir. Azərbaycanlılar Qarabağda əvvəl yaşadıqları bütün ərazilərə qayıtmalı və ermənilər isə ölkəmizin qanunlarına, konstitusiyasına və dövlətçiliyimizə hörmət edərək, dövlətimizdə yaşaya bilərlər.

Bildiyimiz kimi, I və II Qarabağ müharibələrində Azərbaycan hərbçiləri dinc erməni sakinlərinə qəsdən xəsarət yetirməyib və mülki obyektləri, yaşayış yerlərini hədəfə almayıb. Baxmayaraq ki, ermənilər hərbi texnikanı dinc erməni sakinlərinin yaşadığı yerlərdə yerləşdirməklə onları hədəfə çevirmişdilər amma Azərbaycan tərəfi əsla bilərəkdən erməni əhaliyə qarşı hücum cəhdi göstərməyib. Bu Azərbaycanın dövlət siyasətinin də əyani təzahürüdür. Müharibə ancaq əli silahlı erməni ordusuna qarşı aparıla bilər, erməni əhaliyə qarşı yox. Xatırladaq ki, Azərbaycan döyüş bölgəsindəki dinc erməni sakinlərinin ərazini tərk etməsi üçün humanitar dəhlizi də açıq saxlamışdı. Bu humanist davranış ermənilərin bölgəni rahat şəkildə tərk etməsinə yardım etmək üçün idi. Ümumiyyətlə, Azərbaycan Ordusunun bölgədən qaçanlara hər an zərbə endirmək, onları PUA-larla vurmaq imkanı olsa da, bunu etməyib. Deməli, azərbaycanlılar ermənilərlə dinc yanaşı yaşamaq üçün körpüləri yandırmayıb. Bu baxımdan Azərbaycan tərəfi ermənilərin yerli azərbaycanlılarla dinc yanaşı yaşaması üçün hər cür şəraiti yaradıb.

Bildiyimiz kimi, fransız, alman və ingilislər də bir-birinə qonşudurlar. Tarixən onlar arasında çoxillik müharibələr olub. Ancaq sonda onlar bir yerdə Avropa İttifaqı kimi möhtəşəm beynəlxalq birliyi yaradıblar, dinc şəkildə yaşayırlar. Hazırda onları daha çox iqtisadi maraqlar birləşdirir. Keçmiş düşmənlikləri isə yalnız tarixdə qalıb. Ona görə ehtimal etmək olar ki, ermənilər Qafqazda, o cümlədən Azərbaycanda yaşamaq istəsə, gərək başqa xalqlara düşmən mövqeyindən çəkinsinlər.

Prezident İlham Əliyev çıxışlarında dəfələrlə bildirib ki, Azərbaycan vətəndaşı olan dinc ermənilərin Qarabağda azərbaycanlılarla birgə yaşaması üçün heç bir problem yoxdur. Onlar da Azərbaycanın bərabərhüquqlu vətəndaşları ola bilərlər. Bu isə onların hüquqlarının və təhlükəsizliklərinin qorunmasına ən yüksək səviyyədə təminatdır.

Bundan əlavə dövlətimizin başçısı mətbuat konfransında jurnalistlərin regionun gələcək inkişafı, inteqrasiya layihələrinin icrası, Qarabağda sülhməramlı missiyasının fəaliyyəti, ermənilər tərəfindən müharibə zamanı ağır silahlardan, o cümlədən Rusiya istehsalı olan “İsgəndər” əməliyyat-taktiki raketlərdən istifadə olunması barədə Ermənistan rəsmi şəxslərinin heyrətamiz və ziddiyyətli bəyanatları, əcnəbi investorların Qarabağın bərpa prosesində iştirakı, parlaq qələbəmiz nəticəsində regionda yeni reallıq yaranması ilə bağlı suallarına da əhatəli şəkildə cavablandırmışdı. Beləliklə, Prezident İlham Əliyevin keçirdiyi mətbuat konfransı Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, regionda yaranmış yeni reallıqlara və bölgənin gələcəyi ilə bağlı məqamlara aydınlıq gətirilməsi baxımdan çox uğurlu oldu. Bu mətbuat konfransı informasiya cəbhəsində Azərbaycanın mövqeyini daha da möhkəmləndirdi.

Rüfət Əhmədov

Pirallahı rayon İcra Hakimiyyəti başçısı Aparatının

İnformasiya təminatı və təhlili sektorunun müdiri

Mənbə: sia.az