Türkiyə Azərbaycanın yanındadır

Qarabağın işğaldan azad olunma prosesində olduğu kimi onun bərpasında, dirçəlişində də Türkiyə Azərbaycanın yanındadır

Artıq 30 illik həsrət bitdi. Azərbaycanın ayrılmaz bir parçası olan doğma Qarabağımız Azərbaycan Respublikasının Ali Baş Komandanı cənab İlham Əliyev və Azərbaycanın rəşadətli ordusu sayəsində işğaldan azad olundu. Artıq Azərbaycan bu gün bütöv bir dövlətdir. İnanıram ki, daha heç bir qüvvə bizim torpaqlarımıza göz dikə bilməz. Əks halda Ali Baş Komandanımız demişkən hər kəs qarşısında “dəmir yumruğumuzu” görəcəkdir. Çünki bu gün Azərbaycan xalqı qalibiyyətimizin rəmzi olan “Dəmir Yumruq" ətrafında birləşmişdır. Tarixən olduğu kimi bu haqq mübarizəmizdə də qardaş Türkiyə dövləti bizə həm mənəvi, həm də siyasi cəhətdən böyük dəstək oldu.

 

Artıq işğaldan azad olunmuş Qarabağ torpaqlarına yeni nəfəs gəlib, yenidənqurma işləri başlayıb. Bu işlərin həyata keçirilməsi üçün müxtəlif şirkətlərlə bir çox müqavilələr imzalanıb. İlk müqavilələr isə təbii ki, qardaş ölkədən olan şirkətlərlə bağlanıb. Bu da bütün dünyaya sübutdur ki, Türkiyə və Azərbaycan əbədi qardaş dövlətdirlər. Bu irqçilik deyil, bu illərə dayanan, qədim köklərə malik dostluqdur.

 

Qarabağın sürətli bərpası və orada yaşayışın təmin olunması bu gün ən vacib məsələlərdəndir. Hazırda Füzulidən Şuşaya yeni yolun inşasında iki qardaş ölkənin şirkəti birlikdə çalışır. Bu, ilk addımdır. Füzulidən Şuşaya çəkilən yollardan birini Cənab Prezident İlham Əliyev “Zəfər yolu" adlandırmışdır. Bununla yanaşı Füzulidə aeroport tikilir və payız aylarında istifadəyə verilməsi nəzərdə tutulub. Bərpa olunan bu yolların qısa müddətdə istifadəyə verilməsi üçün “Kolin İnşaat" başda olmaqla türk şirkətlər qrupu və bir yerli tikinti şirkəti də layihəyə cəlb olunub. İri layihə hesab edilən və çox çətin relyefdən keçən Toğanalı - Kəlbəcər yolunun tikintisində də türk şirkətləri ilə ilkin razılaşmalar əldə olunmuşdur. Türk şirkətlərinin Qarabağın dirçəlişində iştirakı təkcə yol infrastrukturunun bərpası ilə bitmir. İnşaat, şəhərsalma, tarixi abidələrin bərpası və digər infrastruktur layihələrdə də iki qardaş ölkənin şirkətləri bərabər addımlayacaqdır. Görünən odur ki, Qarabağın işğaldan azad olunma prosesində olduğu kimi onun bərpasında, dirçəlişində də Türkiyə Azərbaycanın yanındadır.

Aidə Dadaşova

Xıllı qəsəbə sakini, müəllimə

Faktor.az

ƏVVƏLKİ XƏBƏR

Dünəndən maqnit qasırğası başlayıb - Martda təhlükəli günlər

SONRAKI XƏBƏR

Azərbaycanda mobil operatorların gəlirləri azalıb