Qubadlıda dağıntılar arasında boy atan meyvə ağacı qışda çiçəkləyib - Bu yerlər doğma sakinlərini gözləyir - FOTO

Qubadlıda dağıntılar arasında boy atan meyvə ağacı qışda çiçəkləyib - Bu yerlər doğma sakinlərini gözləyir - FOTO

Erməni vandalizminə məruz qalan yaşayış yerlərimizdən biri də Qubadlı rayonunun Mərdanlı kəndidir. Şanlı Azərbaycan Ordusunun şücaəti nəticəsində kənd artıq öz sahiblərindədir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, vaxtilə insanların firavan, xoşbəxt yaşadığı Mərdanlı kəndi erməni işğalı dövründə xarabalığa çevrilib. Evlər dağıdılıb, tikililərdən geriyə yalnız uçmuş divar qalıqları qalıb. Dağıntılar arasında boy atan kiçik meyvə ağacının qışda çiçəkləməsi isə bu torpaqların əsl sahibləri üçün darıxdığının bir rəmzidir.

Lakin bəzi tək-tük yeni tikililər də var. Bu da ermənilərin Mərdanlıda qanunsuz olaraq məskunlaşdığını göstərir.

Qubadlı rayonunun azad edilməsi əməliyyatı bir neçə gün çəkib. Oktyabrın 20-də Zəngilan şəhəri azad olunandan sonra Azərbaycan əsgərinin növbəti istiqaməti Qubadlı rayonu idi. Ermənilər burada güclü istehkam qurmuş, şəhərin girəcəyində hərbi baza yaratmışdılar. Əməliyyat planına əsasən Qubadlını azad etmək üçün, ilk növbədə, yüksəkliklər götürülməli idi. Çünki düşmən bu yüksəkliklərdən, həmçinin Ermənistan ərazisindən müntəzəm olaraq hərbçilərimizə atəş açırdı. Bu baxımdan, Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. Azərbaycan Ordusu da bu peşəkarlığı, fədakarlığı göstərərək, qısa müddətdə Qubadlını düşməndən təmizlədi.

Artıq Mərdanlı sakinləri ata-baba yurdlarına dönəcəyi, yenidən tikib-quracağı, doğma kəndlərində firavan yaşayacağı günü gözləyirlər. O gün isə çox da uzaqda deyil.

 

Mənbə: news.milli.az