Mədəni irsə qarşı terror həyata keçirənlər beynəlxalq səviyyədə qınanmalı və cəzalandırılmalıdır

Mədəni irsə qarşı terror həyata keçirənlər beynəlxalq səviyyədə qınanmalı və cəzalandırılmalıdır

Ermənilərin Azərbaycan torpaqlarında mədəni irsə qarşı törətdiyi vandallıq aktları beynəlxalq səviyyədə qınanmalıdır. İşğaldan azad olunmuş ərazilərə səfər edən diplomatik korpus nümayəndələri, xarici jurnalistlər bu faktların şahidi olublar. Həmin ərazilərdə yaşayış evləri və inzibati binalarla yanaşı, 700 tarixi-mədəni abidə, 927 kitabxana, 800 mədəniyyət mərkəzi, 85 musiqi və incəsənət məktəbi, ümumilikdə, 22 muzey məhv edilib və ya yararsız hala salınıb. Məlumdur ki, işğal dövründə faktaraşdırıcı missiyaların sırf mədəni-dini abidələrin vəziyyəti ilə bağlı bir neçə dəfə apardıqları monitorinqin nəticələrinə dair hazırlanan hesabatlar obyektiv olmayıb.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

Deputatın sözlərinə görə, bu gün Azərbaycan öz ərazi bütövlüyünü təmin edərək həm də bu faktların daha açıq formada təqdim olunması üçün imkan yaradıb. Lakin ICESCO istisna olmaqla, aidiyyəti beynəlxalq təşkilatlar məsələyə laqeyd yanaşmaqda davam edir. Prezident İlham Əliyev bütün çıxışlarında dünyanın diqqətini mədəni irsə qarşı həyata keçirilən terror aktlarına yönəldir. Dünya KİV-ləri işğal dövründə ermənilərin törətdiyi vandallıq və terror aktlarını video və fotofaktlarla təqdim edir. Azərbaycan hətta faktları yerində təqdim etməyə hazırdır. Yəni, obyektiv araşdırma üçün heç vaxt olmadığı qədər tarixi şans yetişib. Lakin təəssüflə qeyd etməliyik ki, beynəlxalq təşkilatlar məsələyə susqun və laqeyd münasibət göstərməkdə davam edirlər. Halbuki obyektiv araşdırma aparmağa, faktların təftiş və təqdim edilməsinə mane olacaq heç bir tutarlı arqument yoxdur. Amma prosesə mane olan yenə də ikili standartlar siyasətidir ki, elə bu yanaşma ucbatından Cənubi Qafqaz regionunda 30 ilə yaxın müddətdə status-kvo dəyişməz qalırdı. Bölgədə sülh və təhlükəsizliyin təmin olunması mümkün deyildi. Bu gün Azərbaycan iradə nümayiş etdirərək bölgədə sülh və təhlükəsizliyi təmin etdi. İndi beynəlxalq təşkilatların və dünya birliyinin də iradə sərgiləməsinə ehtiyac var. Bu, həm də bu cür halların təkrarlanmaması üçün lazımdır.

Mənbə: azertag.az