Azərbaycanda dövlətinin veteranlara və şəhid ailələrinə göstərdiyi qayğı dünyaya nümunədir

Azərbaycanda dövlətinin veteranlara və şəhid ailələrinə göstərdiyi qayğı dünyaya nümunədir

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı veteran hərəkatında özünəməxsus yeri və rolu olan qurumdur. Təşkilatımızda yalnız müharibə deyil, həm də əmək və Silahlı Qüvvələr veteranları da təmsil olunur. Təşkilat olaraq qarşımızda duran bir sıra hədəflər var ki, onlardan biri təşkilatın fəaliyyətini daha da genişləndirmək, onun fəaliyyətini müasir tələblərə uyğunlaşdırılmasını təmin etmək, veteranlarla işi daha çevik və operativ şəkildə təmin etməkdir.

AZƏRTAC xəbər verir ki, bu fikri Təşkilatın sədri, İkinci Dünya müharibəsinin iştirakçısı Fatma Səttarovadan rəhbəri olduğu qurumun gələcək fəaliyyətinə dair planlarının öyrənilməsi, dövlətimizin veteranlarla bağlı siyasətinin dəyərləndirilməsi ilə bağlı veteran.gov.az saytına müsahibəsində deyib.

Son vaxtlar Respublika Veteranlar Təşkilatının fəaliyyətində ciddi yeniliklərin hiss olunmasından danışan Fatma Səttarova qurumun yaxın gələcək üçün planlarına toxunaraq deyib: “Bu prosesdə dövlət qurumları ilə yanaşı, qeyri-dövlət təşkilatlarının, ictimai birliklərin, təhsil müəssisələrinin geniş tərkibdə iştirakına nail olmaq da Respublika Veteranlar Təşkilatının qarşısında duran əsas vəzifələrdəndir. Bu baxımdan 2021-ci ilin fəaliyyət planına uyğun olaraq, paytaxtımızda və bölgələrdə çoxsaylı tədbirlərin, layihələrin həyata keçirilməsi nəzərdə tutulur. Hesab edirəm ki, bu tədbirlər cəmiyyətimizin bütün təbəqələri, xüsusilə də gənc və yeniyetmələrimizin maariflənməsi, vətənpərvərlik tərbiyəsinin inkişaf etdirilməsi, qəhrəmanlarımızın cəmiyyətə tanıdılması və baxımından faydalı olacaq.

Qırx dörd gün davam edən Vətən müharibəsində ordumuzun qazandığı parlaq Qələbənin, şəhid və qazilərimizin qəhrəmanlığının, onların döyüş yolunun təbliği istiqamətində nəzərdə tutulan tədbirlər barədə məlumat verən Təşkilat sədri qeyd edib: “Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə göstərdiyi rəşadət, qazandığı tarixi Zəfər bu gün də dünyanın aparıcı dövlətləri, ali hərbi institutları tərəfindən araşdırılmaqdadır. Hazırda dünyanın hərbi baxımdan ən inkişaf etmiş dövlətləri belə Azərbaycan Ordusunun əsgər və zabitlərinin Vətən müharibəsi zamanı nümayiş etdirdiyi cəsarət və qəhrəmanlıq qarşısında heyranlığını gizlədə bilmir, əsgərlərimizin səriştəsindən heyrətlə söz açırlar. Bu, bizdə sevinc və qürur hissi doğurur. Çünki sadəcə işğalçı Ermənistan və onun havadarları deyil, dünya Vətən müharibəsi nəticəsində Azərbaycan Ordusunun gücünü, onun əsgər və zabitlərinin mübarizə və qələbə əzmini gördü. Dövlətimizin erməni faşizminə qarşı uğurlu mübarizəsində veteranlarımızın yaxından iştirak etdiyi, ordumuzu, Ali Baş Komandanımızı qətiyyətlə dəstəklədiyi birmənalıdır. Bu baxımdan Vətən müharibəsi tarixi ilə yanaşı, həm də öz qəhrəmanlığı ilə tarix yazan şəhidlərimizi, hərbçilərimizi, sərkərdələrimizi gənc nəslə tanıtmaq, onların məhz bu ruhda yetişdirilməsinə dəstək vermək təşkilatımızın qarşıdakı fəaliyyəti dövründə diqqət mərkəzində saxlayacağı əsas məsələlərdəndir. Bunun üçün orta, ali məktəblərdə veteranlarımızın iştirakı ilə görüşlərin keçirilməsi, onların yeniyetmələr və gənclər qarşısında çıxışlarının təşkili planlaşdırılır. Respublika Veteranlar Təşkilatı hər zaman veteranlarla yanaşı, yeniyetmə və gənclərlə işə də mühüm əhəmiyyət verib, bu yöndə dövlət qurumları ilə əməkdaşlıq edib.

Respublikamızda veteranların, şəhid ailələrinin dövlətin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunduğunu vurğulayan Fatma Səttarova Azərbaycanın bu baxımdan dünyanın digər dövlətləri üçün də nümunə hesab edildiyini bildirib. Qeyd edib ki, Azərbaycan dövləti hər zaman Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün imkan və resurslarını şəhid ailələrinin, müharibə əlillərinin, veteranların qayğılarının ortadan qaldırılmasına, onların sosial rifahının yüksəldilməsinə, mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına sərf edib. Bu gün ölkəmizdə “YAŞAT” Fondu kimi nadir fondun mövcudluğu dövlətimizin veteranlara, qazilərə olan diqqət və qayğısının göstəricisidir. Bu baxımdan təbii ki, Azərbaycanın bu sahədəki təcrübəsinin öyrənilməsi istənilən ölkə üçün faydalı olar. İnanıram ki, yaxın gələcəkdə dövlətimizin bu sahədəki təcrübəsinin öyrənilməsinə beynəlxalq aləmdə maraq kifayət qədər artacaq.

“Mən şəhid ailələrinə, veteranlara göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına təşəkkür edir, təşkilatımız adından ona minnətdarlığımı bildirirəm. Biz veteranlar hər zaman Prezidentimizin müdrik siyasətini qətiyyətlə dəstəkləməkdə davam edəcək, onun rəhbərliyi ilə milli maraqlarımızın qorunması üçün əlimizdən gələni əsirgəməyəcəyik”, - deyə Respublika Veteranlar Təşkilatının sədri bildirib.

Mənbə: azertag.az