Bənövşə ilə söhbət - Birinci Qarabağ müharibəsinin iştirakçısı yazır

Bənövşə açılıb demək yaz gəlir,

Ətirli,çiçəkli gülbahar gəlir.

Novruzlu, xonçalı bir bahar gəlir,

Ruhları isidən növbahar gəlir.

 

Bağımda hər yazda bənövşə açar,

Hər yerə, hər yana ətrini saçar.

Boynunu görəndə bükük bənövşə

Üzümdən göz yaşı elə hey axar.

 

Əyilib baxıram mən bənövşəyə,

Boynu bükük durub heç halı yoxdur.

Soruşdum nə olub belə, bənövşə!

Heç yazdan, bahardan əsərin yoxdur!

 

Hər il tez açardın, ətir saçardın,

Yayardın ətrini çölə, bənövşə!

İndi söylə görüm nə olub sənə,

Boynun bükük qalıb niyə, bənövşə!

 

Düzəldib qamətin, qaldırıb başın,

Üzündən axıtdı gözünün yaşın.

Söylədi:

Aldım xəbərini bəd bir xəbərin,

Şəhidli, qazili qanlı payızın.

Sən demə yağılar yenə qudurmuş,

Yiyəsiz it kimi bizlərə cummuş.

 

Baxmayıb ağına, bozuna yağı,

Körpəni,qadını qətlə yetirmiş.

Kəndi, kəsəkləri viran qoyubmuş.

Döyüşə girməkçün səngər qurubmuş.

 

Bizləri yıxmağa, məğlub etməyə,

Çoxları onlara arxa durublar.

Qalxaraq ayağa igid əsgərim,

Dağıdıb düşmənin bütün səngərin.

 

Vuraraq başına dəmir yumruqla,

Qudurmuş düşməni qovdu əsgərim.

 

“Allahu Əkbər” deyib hücuma keçən,

Əlinin qolundan qüvvət bəsləyən.

Hüseyndən döyüşdə imdad səsləyən

İgid oğullarım şəhid olublar.

 

Qəhrəman Poladım qayatək durdu,

Xudayar dumandan xeymə də qurdu.

Abdullah sinəsin sipərtək tutdu,

İgidlər can verdi Vətən qurtuldu.

 

Döyüşdə şəhid də, qazi də olar,

Döyüşdə qan ilə torpaq suvanar

İgidlər itirdik, ərən igidlər

“Qoy Vətən sağ olsun” dedi analar.

 

Köçərəm bu bağdan mən məzarlığa,

Şəhid məzarında çiçək açaram.

Şəhiddən qoxuyan Cənnət ətrinə,

Bənövşə ətrimi mən də qataram.

 

Nazim Tahirov

(red.müəllif özü birinci Qarabağ müharibəsinin, oğlu Emin Tahirov isə ikinci Qarabağ müharibəsinin iştirakçısıdır)

Buta.ws

ƏVVƏLKİ XƏBƏR

Rəsulzadənin xilas etdiyi Rzayevin gündəliyi...

SONRAKI XƏBƏR

Könüllü döyüşçülərə aprelə qədər ölkədən getməmək tapşırılıb?