3 qadın, 3 roman - Kitab afişası

3 qadın, 3 roman - Kitab afişası

Dünya ədəbiyyatı tarixinə nəzər salsaq, görərik ki, kişi yazıçıların sayı həmişə böyük əksəriyyət təşkil etmişdir. Hər əsrdə az da olsa, qadın şair və yazıçıları olmuş, lakin onlar cəmiyyət tərəfindən birmənalı qarşılanmamış, təqib edilmiş, bir çoxları ya gizli adlarla yazmış, ya da kişi paltarı geyinərək cinsiyyətlərini gizlətməyə məcbur olmuşlar. Bununla belə dünya ədəbiyyatına qadın müəlliflərin bəxş etdikləri elə nümunələr var ki, dövrünə damğa vurmuş və geniş oxucu kütləsi qazanmışdır. Bu yazımda dünya klassikasına çevrilmiş möhtəşəm 3 əsər haqqında məlumat vermək istəyirəm.

1. "Tom dayının koması"
Amerikalı qadın yazıçı Harriet Biçer Stounun "Tom dayının koması" romanı 1852-ci ildə nəşr olunmuşdur. İlk nəşrində ABŞ-da 300.000, İngiltərədə 1 milyon tirajla satılmışdır. Bu rəqəmlər o dövr üçün çox böyük göstərici idi. 19-cu əsrin ən çox satılan kitabına çevrilən roman dəfələrlə nəşr olunmuşdur. Dünya klassik ədəbiyyatına böyük töhfə olması ilə yanaşı, roman Amerika tarixinə sərt sillə vurmuş, o dövrün Amerikasının ləkəsi olan köləlik rejimi ilə mübarizəyə təkan olmuşdur. ABŞ Prezidenti Avraam Linkoln sevərək oxuduğu romanın müəllifi ilə görüşü zamanı ona: "Demək, bu böyük savaşı başladan kitabın müəllifi o kiçik qadın sizsiniz", - demişdir. Bişer Stou romanı yazarkən 7 uşağı var idi və kiçik qızı hələ südəmər idi. Bir sözlə, Amerikanı silkələyən adı çəkilən roman çoxuşaqlı bir ananın yuxusuz gecələrinin məhsuludur.
Biçer Stou əsərdə şahidi olduğu hadisələrdən təsirlənərək qaradərili insanlara qarşı olan bu köləlik rejimini pisləmiş, Tom dayının simasında nəcib, sədaqətli, polad iradəli zənci obrazını yaratmışdır. O dövr üçün adi hal olan kölələrin alınıb satılmaları, ailələrindən, uşaqlarından ayrılmaları, fiziki və mənəvi zorakılığa məruz qalmaları, insan yerinə qoyulmamaları, ağır işlərdə işlədilmələri və s. tənqid edilir. Azadlıqları canları bahasına başa gələn kölələr bir az şansları varsa, yaxşı sahibə rast gəlir, başqa cür, hər günləri əzab, yoxsulluq, təhqir içərisində keçir.
Tom dayı Şelbi ailəsinin yanında işləyir. Ailə vəziyyəti pisləşdiyi üçün kölələrini satmağa məcbur olur. Qəddar kölə alverçisi Elizanı almaq istəyərkən ev sahibi razı olmur. Bu zaman Elizanın oğlu Harini almaq istəyir. Övladından ayrılmaq istəməyən Eliza bir gecə onunla bərabər komadan qaçıb gedir. Bundan sonra, Tom ailəsindən ayrılaraq satılmalı olur. Gəmi səyahətində balaca Eva ilə tanışlıq Tomu qəddar kölə tacirindən xilas edir. Yeni sahibi Toma hörmət edir, onunla insan kimi rəftar edir. Təbii ki, bu insanlıq o dövrün reallıqları çərçivəsindədir. Tomu çox sevən balaca Evanın ölümü ona çox pis təsir edir. Müəllif göstərmək istəyir ki, kölələrin də ürəyi, hissləri var. Onları sahiblərinə tək qorxu hissi bağlamır, bəzən də sevgi hissi bağlayır. Lakin çox təssüf ki, onları seçmək şansı əllərində deyil. Evanın atası qızının ölümündən sonra Tomu azad etmək istəyir, ancaq mərhəmətli kölə sahibini çətin günündə tərk etmək istəmir.
Mövzusu bizə yad olsa da, əsərin dili, təsvirlər, süjet xətti oxucunu əsərə bağlayır. Tom dayının dilsiz-ağızsızlığı, vəfası, mərhəməti ona qarşı rəğbət oyadır.


2. "Ovod"
İrlandiya əsilli qadın yazıçı və bəstəkar Etel Lilian Voyniçin 1897-ci ildə nəşr olunan "Ovod" romanı qısa bir vaxtda dünyada məşhurlaşmışdır. Əsər inqilabi-demokratik mövzuda yazılsa da, din, sevgi, qəhrəmanlıq, faciəvi insan həyatı da onunla paralel irəliləmişdir.
Artur Bertonun gənclik illəri, Cemma ilə dostluğu, Padre Montanelli ilə tanışlığı romanın 1-ci hissəsində müqəddimə xarakteri daşıyır. 2-ci hissədə artıq 13 il keçmişdir. "Ovod" adı ilə İtaliya inqilabi hərəkatına təhlükəli yazılar yazaraq gizli şəkildə davam edən Artur yaşadığı çətinlikləri danışır. Onun yaşamaq üçün təlxəklik etdiyinin, insanların ona daş atarkən, ələ salıb gülərkən qrimin altında hönkür-hönkür ağladığının şahidi oluruq. İztirab dolu həyatının nişanəsi olan üzündəki çapıq izi onu tanınmaz hala salmışdır və artıq o, Artur yox, Rivarisdir. 13 il sonra Cemma belə onu tanımır. Cemmaya olan sevgisi ona yalnız məyusluq gətirir.
Ölüm hökmü belə Rivarisi öz amalından, ideyasından döndərə bilmir. Ovod zindanda sonradan atası olduğunu öyrəndiyi Padre Montanelli ilə son dəfə göşürür. Padre onun günahlarını bağışlayaraq ona tövbə etməsi üçün yalvarır. Əsərin çox təsirli olan bu hissəsinə ən soyuqqanlı oxucu belə laqeyd qala bilmir.
Voyniç Artur obrazını İtaliya səyahəti zamanı tanıdığı Cüzeppe Qaribaldi və Cüzeppe Madzini kimi inqilabi şəxsiyyətlərdən bəhrələnərək yaratmışdır. Əsər inqilabi ideyasına görə keçmiş SSRİ-də çox məşhurlaşmış, əsasında film belə çəkilmişdir.


3. "Bülbülü öldürmək"
Harper Linin 1960-cı ildə Pulitzer mükafatına layiq görülmüş "Bülbülü öldürmək" əsəri vətənində böyük səs-küyə səbəb olmuşdur. Bu əsərlə bir əsr sonra Harper Li Biçer Stounun başlatdığı savaşı davam etdirmişdir.
Müəllifin uşaqlıq illərində şahidi olduğu hadisələr əsasında yazdığı roman 6 yaşlı Luiza adlı qızcığazın dilindən nəql edilir. Onun uşaqlıq şıltaqlıqlarının fonunda çox ciddi məsələlərə toxunlur. İrqçilik, vicdan, sosial bərabərlik, dinə fərqli baxış əsərin onurğa sütunudür. Ölkə tarixində ilk dəfə qaradərili birinin hüqüqları müdafiə olunur. İftiraya məruz qalan şəxs qaradərili olmaqla yanaşı, həm də aşağı təbəqəli muzdlu işçidir. Vəkil Attikus Finç öz həyatını təhlükə altında qoysa da, müdafiə etdiyi müvəkkilini qoruyur və başından bəri məğlub olacağını bildiyi döyüşdə var gücü ilə vuruşur. Acı nəticəni dəyişə bilməyən hüquqçu Finç obrazı o dövrkü Amerika reallıqlarını dəyişə bilmir.
40-dan çox dilə tərcümə edilən "Bülbülü öldürmək" əsəri çap olunduğu gündən günümüzədək 60 milyon nüsxə satılmışdır. Kitab əsasında çəkilmiş eyniadlı film 1962-ci ildə 3 nominasiyada Oskar mükafatı qazanmışdır. 1999-cu ildə isə Amerika Kitabxanaçılar Birliyi tərəfindən əsrin ən yaxşı kitabı seçilmişdir. 2006-cı ildə isə ingilis kitabxanaları əsəri "Ölməzdən əvvəl hər bir şəxsin oxumalı olduğu kitab" adlandıraraq Bibliyadan da öndə sıralamışlar.
Haqqında danışdığım hər üç qadın müəllifin romanı mütaliə etməyi sevənlər üçün möhtəşəm əsərlərdir. Və düşünürəm ki, verdiyi mesajlarla, insana qatdığı duyğularla, mənəvi dəyərlərlə hər kəsin şəxsi kitabxanasında olmağa layiq kitablardır.

Fraza jurnalı,
Tükəzban Məmmədli

Mənbə: www.yeniavaz.com