ABŞ Səfirliyi 2021-2023-cü illər üçün jurnalistika üzrə magistr proqramını elan edib

ABŞ Səfirliyi 2021-2023-cü illər üçün jurnalistika üzrə magistr proqramını elan edib

ABŞ Səfirliyi Gürcüstanın İctimai Əlaqələr İnstitutunun (GIPA) Azərbaycan vətəndaşları olan namizədləri arasında Qafqaz Jurnalistika və Media İdarəçiliyi Məktəbinin jurnalistika və media idarəçiliyi üzrə magistr proqramına tələbə qəbulunun aparılması haqda məlumat verir. Proqram üzrə dərslər ABŞ, Avropa Birliyi və Gürcüstandan olan müəllimlər tərəfindən aparılır. Bu proqram ABŞ-ın dövlət departamenti tərəfindən Açıq Cəmiyyət İnstitutunun əlavə yardımı ilə maliyyələşdirilir. Ümumilikdə proqramın məqsədi Qafqazda formalaşmaqda olan demokratik cəmiyyətdə medianın gücləndirilməsidir.

Səfirlikdən APA-ya verilən məlumata görə, Azərbaycandan beş nəfər tələbə bu proqramda iştirak üçün seçiləcək. Proqram dörd semestrdən ibarətdir və 2021-2023-cü illərdə həyata keçiriləcək. Proqramın üç semestri – (sentyabr 2021 – dekabr 2022) Tbilisi şəhərində GIPA-da keçiriləcək. Dördüncü semestrdə isə (2023 ilin yanvar-iyun aylarında) tələbələr Bakıda diplom işinə hazırlaşacaqlar. 2023-cü ilin iyul ayında diplom işlərini müdafiə etmək üçün onlar yenidən GIPA-ya qayıdacaqlar. GIPA-da təhsil aldıqları zaman tələbələrin kompüter, radio və video avadanlıqlarından, internet və zəngin kitabxanadan istifadə etmək imkanları olacaq. Proqram çərçivəsində tələbələr “Brosse Street Journal” adlı jurnalın həm çap, həm də internet versiyasını buraxacaq və “GIPA FM” radiosu vasitəsilə xəbər proqramlarını yayımlayacaqlar.

Çap, onlayn və teleradio yayımı mediası nümayəndələri üçün nəzərdə tutulan tədris planı praktiki yanaşma və toplanmış təcrübə prinsipləri üzərində qurulub və faktlarla əsaslanan peşəkar xəbər çatdırılmasını nəzərdə tutur. Burada, həmçinin idarəçilik üsullarına və iqtisadiyyat və hüquq fənlərinin tədrisinə də diqqət ayrılacaq.

Dil imtahanından və müsabiqədən keçmək üçün namizədlərdən yüksək səviyyədə ingilis dili biliyi tələb olunur.

ABŞ-ın Bakıdakı Səfirliyi tələbələrin tədris və yaşayış xərclərini maliyyələşdirəcək.

Qaliblər bu ilin avqust ayında birgə Azərbaycan-Amerika qəbul komissiyası üzvlərinin Bakıda keçirəcəyi müsahibə nəticəsində müəyyənləşəcək. Sənədlərin son qəbul ğünü 10 may 2020-ci ildir.

Mənbə: apa.az