Qadın, Ana adı həmişə böyük ehtiramla tərənnüm olunur

Şərqdə ilk demokratik cümhuriyyət olan Azərbaycan Demokratik Respublikası qadın siyasətinə, cəmiyyətin qadına münasibətinə xüsusi önəm verən ilk dövlət kimi tarix yazdı. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin qəbul etdiyi İstiqlal Bəyannaməsinin IV bəndində bərabərhüquqluluq prinsipi seçmək və seçilmək hüququnun təsbit edilməsi ilə öz qanuni təsdiqini tapdı. Nəticədə Azərbaycan Şərqdə qadınlara seçmək və seçilmək hüququ verən ilk ölkə oldu. Dünya gördü ki, Azərbaycan Demokratik Respublikası demokratik, hüquqi, dünyəvi dövlətdir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Səbinə Xasayeva bildirib.
O qeyd edib ki, Azərbaycanda qadınlara həmişə xüsusi ehtiram olub. Böyük tarixi şəxsiyyət Heydər Əliyevin Azərbaycanda hakimiyyətdə olduğu illərdə qadınlar cəmiyyətin bütün strukturlarında təmsil olunurdu. Qadın yazıçılar, şairlər, rəssamlar, həkimlər, hüquqşünaslar, partiya və dövlət xadimləri, Məhəmməd Hadinin təbirincə desək, Azərbaycanın imzasının beynəlxalq qurumlarda daha yaxından, böyük sayğı və ehtiramla tanınmasının cəfakeşləri olublar. Ulu Öndər deyirdi: "Qadın bəşərə yaraşıq, zinət, insanlığa şərəf, şan-şöhrətdir. Qadın ucalıq ülvilik məbədidir. İsmət, qeyrət, qüdrət rəmzidir”. Bu kəlamlar qadınların cəmiyyətdə rolunun və ona olan ehtiramın göstəricisidir.
Deputatın sözlərinə görə, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi hər zaman ehtiramla anılır. Bu, təkcə görkəmli alimə, böyük insani keyfiyyətləri ilə cəmiyyətin əzizi olan insana sevgi ilə məhdudlaşmır, həm də onun timsalında Azərbaycan qadınına olan sevgidir: "Tarix, o cümlədən Azərbaycan tarixi təsdiqləyir ki, xalqımızda qadına hörmət mental dəyərlərdəndir. Böyük tarixi şəxsiyyət Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra qadınların cəmiyyətdə rolu daha da yüksəldi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ulu Öndərin siyasi kursunu bu istiqamətdə də uğurla davam etdirir, qadınların cəmiyyətdə roluna müstəsna əhəmiyyət verir. Bunun nəticəsidir ki, bu gün azərbaycanlı qadınlar təkcə respublikamızda deyil, dünya miqyasında beynəlxalq qurumlarda Azərbaycanımızı layiqincə təmsil edirlər”.
Səbina Xasayeva bildirib ki, regionda güclü dövlət olan Azərbaycanda gender siyasəti getdikcə güclənir, qadınların cəmiyyətdə rolunun yüksəldilməsi istiqamətində dövlət səviyyəsində müxtəlif tədbirlər həyata keçirilir. Respublikamızda yaradılan Ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsi uğurla fəaliyyət göstərir. Azərbaycan qadınları mühüm dövlət qurumlarında, parlament və bələdiyyələrdə uğurla təmsil olunur, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərdə fəal iştirak edirlər. Bütün bunlar dövlətin qadın siyasətinin mahiyyətinin göstəricisidir.
"Azərbaycanda Birinci vitse-prezident təsisatının yaradılması, bu vəzifəyə UNESCO-nun və ICESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təyin edilməsi də qadınlarımızın cəmiyyətdə rolunun kontekstləşdirilməsinin nəticəsidir”, - deyə deputat vurğulayıb.
S.Xasayeva diqqətə çatdırıb ki, Ermənistan dislokasiya yeri Xankəndi olan 366-cı alayın fəal iştirakı ilə Xocalıda qətliam, soyqırımı törətdi. Dünya ictimaiyyəti bu qətliama görə işğalçı Ermənistanı dövlət səviyyəsində, bəşəri qanunlar əsasında qınamadı. Heydər Əliyev Fondunun Birinci vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə başlayan "Xocalıya ədalət!” kampaniyası faciənin tanıdılması, onun mahiyyətinin daha əhatəli açılması istiqamətində müqayisəyəgəlməz təsirə malik oldu. Bu fakt da təsdiqləyir ki, Azərbaycan qadını azərbaycançılıq ideologiyasını yaşadır, Azərbaycan dövlətçiliyinin cəfakeşidir.
"Azərbaycan qadını Vətən müharibəsində Zəfər qazanan oğulların anası, bacısı, həyat yoldaşıdır. Onlar hər birimizin əzizidir. Azərbaycan şairlərinin şeirlərində Qadın, Ana böyük sevgilərlə tərənnüm olunur. Şeirlər Ana adının, Ananın böyüklüyünün, qəhrəmanlar anası olduğunun poetik təqdimatıdır. Cəfər Cabbarlının "Ana” şeirinin finalına bütün azərbaycanlıların Ana sevgisinin möhürbəndi deyərdim: Ana… Ana… Sənə mən rahibəm itaətdə!..
8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə bütün qadınları səmimi-qəlbdən təbrik edir, hər birinə cansağlığı, ailə səadəti, qadın xoşbəxtliyi arzulayıram”, -deyə deputat bildirib.
 

Kaspi.az

ƏVVƏLKİ XƏBƏR

DİN-dən feministlərin aksiyası ilə bağlı - Açıqlama

SONRAKI XƏBƏR

Ermənilər Şurnuxda 30 metrlik bayraq qaldırdı - VİDEO