Gənclər pandemiyanın öhdəsindən necə gəlirlər?

Gənclər pandemiyanın öhdəsindən necə gəlirlər?

Kanadanın “The Clobe and Mail” qəzetində pandemiyanın yeniyetmələrə, gəncliyinin ilk dövründə olan insanlara psixoloji təsiri haqqında məqalə dərc olunub.

Novator.az saytının məlumatına görə, “Gənclər pandemiyanın öhdəsindən necə gəlirlər?” başlıqlı maqalənin müəllifi Erin Anderssen yazır ki, kanadalı gənclər bir ildir özünütəcrid şəraitində yaşayırlar: “Pandemiya üzündən yeniyetmələrin əyləncələri, əsasən də məktəbdə keçirilən idman yarışları, tamaşalar, məzunların “Son zəng” gecələri kimi tədbirlər ləğv edilib. Orta məktəb illəri insanın ən yaddaqalan dövrləridir. Ancaq pandemiya yeniyetmələrə, gəncliyin ilk dövrünə qədəm qoyan insanalara həmin günlərin zövqünü duymağa imkan vermir”.

Erin Anderssen bildirir ki, məktəbli yeniyetmələr, gənclər bir ildir vaxtlarını yalnız öz otaqlarında və ekran qarşısında keçirirlər, halbuki indi onların əqli cəhətdən və sosial baxımdan ən sürətli inkişaf dövrüdür.

Məqalədə deyilir ki, 1918-ci ildə İspan qripi epidemiyasının gənclərə təsiri haqda tədqiqat materialları mövcud deyil. Ancaq hazırkı pandemiya dövründə mütəxəssislər koronavirusun həm qısamüddətli, həm də uzunmüddətli təsirləri barədə çoxlu məlumat toplayırlar.

Yazıda qeyd olunur ki, araşdırmalar karantin dövrünün ilk 7 ayının gənclərin psixologiyasına təsirinə dair müxtəlif nəticələr ortaya çıxarıb. Yeniyetmələrin, ilk gənclik dövründə olan insanların bir qrupunun, xüsusən əqli sağlamlıq problemi olanların, risk qrupuna aid uşaqların çox çətin anlar yaşadığı aşkarlanıb. Bir qisim isə həyatın asta tempinə uyğunlaşa bilib.

Müəllif yazır ki, təbii fəlakətlər və qlobal hadisələr haqqında elmi nəzəriyyələrə görə, stress halı uzun sürməyəndə və ciddi fəsadlara səbəb olmayanda gənclər belə durumlara qarşı dözümlü olmağı öyrənə, valideynlərindən dəstək ala bilirlər.

“Nəsil” nəzəriyyəsinə əsaslanan Erin Anderssen koronavirus pandemiyasının orta yaşlı nəslin yaddaşından silinməyəcəyini vurğulayır. O, gənclərə yardım məsələsində fərdi yanaşmanı vacib sayır: “Ötən ilin oktyabr ayına qədər aparılan sorğuların nəticələri, xəstəxanalardan toplanan statistikalar və məhkəmə orqanlarının məlumatları göstərib ki, pandemiya hələlik intiharları artırmayıb. Ancaq psixoloji yardım üçün qaynar xətlərə zənglərin sayının kəskin şəkildə artdığı və xəstəxanaya yerləşdirilən gənclərin psixoloji durumunun xüsusilə ağır olduğu bildirilib.

Pandemiya dövründə gənclərə ən çox qoyulan diaqnozlardan biri də qida pozuntrusu olub. Bunun səbəbi hələ tam aydın deyil. Ancaq gənclərin məktəbdən və təhsil rejimindən uzaq düşməsinin onların bəzisində düzgün qidalanmama vərdişi yaratdığı deyilir. Valideynlərin çoxu evdən işlədikləri üçün bu problemi aşkar müşahidə edə bilirlər.

Böhran xətlərinə edilən zənglərin çoxalması psixoloji gərginliyin artdığını göstərir. Amma tədqiqatçılar bunun təhlükəli virusa qarşı normal reaksiya olduğunu bildirirlər.

Mütəxəssislər gənclərin xüsusi qayğıya ehtiyac duyduğunu vurğulayırlar. Yetkinlik dövrü psixoloji xəstəliklərin ən çox ortaya çıxdığı mərhələdir. Bu dövrdə stress və travmaya xüsusi həssaslıq olur. Erkən yaşda yardım alanda insanın yaxşılaşması şansı artır”.

Məqalədə London Sağlamlıq Elmi Mərkəzində çalışan uşaq psixiatrı doktor Suheranın ümidsizlik məsələsinə diqqət çəkdiyi qeyd olunur. Psixiatr gənclərdə gələcəyə ümidsizliyin baş qaldırdığını vurğulayır və hesab edir ki, gənclik dövrü üçün bu, ən böyük problemdir.

Daha sonra məqalədə Kanadanın Narkoloji və Psixoloji Sağlamlıq Mərkəzinin həkimi Handersonun rəhbərliyi ilə aparılan araşdırmadan bəhs edilir. Araşdırma 14-28 yaş arasında olan 600 nəfərin iştirakı ilə aparılıb. Karantin dövrünün başlanğıcında gənclər arasında narahatlığın ən yüksək hədddə çatdığı qeydə alınıb.

Tədqiqatın nəticələrinə görə, ötən ilin yayında məhdudiyyətlər nisbətən yumşaldıldığına görə gənclərin psixoloji gərginliyi azalıb, payızda isə yenidən artıb.

Gənclərin üçdəbir hissəsi pandemiya dövründə həyatlarında müsbət dəyişikliklərə nail olduqlarını da bildiriblər. Bəziləri məktəb stresindən uzaq olduqları üçün əqli və fiziki sağlamlığın qayğısına daha çox qala və ailə ilə daha çox vaxt keçirə bildiklərini söyləyiblər: “Mütəxəssislər bu məsələdə xarakterin və genetik amilin böyük rol oynadığını qeyd edirlər. Özünü ələ alma bacarığı və nikbinlik hissi gənclərə hər növ problemin öhdəsindən gəlməyə yardım edir.

Yeni Zelandiya tədqiqatçılarının apardığı araşdırma göstərib ki, əqli sağlamlıq insanın imkanlı ailədə doğulub-doğulmamasından, yaxud digərlərindən daha zəkalı olmasından asılı deyil. Əqli sağlamlığın əsas səbəbi ailədə əqli baxımdan heç bir irsi xəstəliyin olmaması və yaxınlarının sosial dəstək göstərməsindədir”.

Məqalə müəllifi yazır ki, uşaqlar təbii fəlakətlərdən əziyyət çəkdiklərinə görə günahkar deyillər və pandemiyanın yaratdığı mənəvi-psixoloji problemləri, xüsusilə əvvəlcədən psixoloji çətinlikləri olan, koronavirus dövründə yaxınlarını itirən, daha çox təcridə məruz qalan və ya ailə problemlərləri səbəbindən özünü evə qapadan yeniyetmələrdə yaranmış problemləri aradan qaldırmaq elə də asan olmayacaq: “Keçmiş tədqiqatlar da göstərib ki, təbii fəlakətlər zamanı böyüklərin yaşadığı stress və travmalar yeniyetmələrin həyatına təsir edir. Ona görə doktor Suhera böyükləri uşaqlara qarşı daha diqqətli olmağa çağırır.

Tədqiqatların nəticələrinə görə, gənclərin fəlakətin səbəb olduğu fəsadların aradan qaldırılmasında iştirakı, təcrid olunmuş yaşlı insanlara ərzaq məhsulları çatdırması və ictimai baxımdan digər faydalı işlərə cəlb olunması onlara xoşbəxtlik hissi yaşadır. Bu, eləcə də yeniyetmələrin indiki qeyri-müəyyən şəraitdə baş verənləri daha yaxşı başa düşmələrinə kömək edir”.

Mənbə: pia.az