“Nizaminin türklüyü və türklüyə münasibəti Azərbaycan nizamişünaslığında” monoqrafiyası nəşr olunub

“Nizaminin türklüyü və türklüyə münasibəti Azərbaycan nizamişünaslığında” monoqrafiyası nəşr olunub

 

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfzadənin “Nizaminin türklüyü və türklüyə münasibəti Azərbaycan nizamişünaslığında” monoqrafiyası çapdan çıxıb.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, monoqrafiyada XIX-XX əsrlərdə yaşamış Azərbaycan tədqiqatçılarının, eləcə də müasir dövr Azərbaycan alimlərinin tədqiqatlarında dahi Nizaminin milli mənsubiyyət etibarilə türk olması, şairin öz əsərlərində türklüyə xüsusi rəğbəti araşdırılıb. Azərbaycan nizamişünaslığını xronoloji ardıcıllıqla təqdim edən Əzizağa Nəcəfzadə mövcud araşdırmalar üzərində təhlillər aparıb.

Kitabın baş elmi məsləhətçisi və ön sözün müəllifi AMEA-nın müxbir üzvü, professor Nüşabə Araslıdır. Monoqrafiyanın elmi redaktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Əkrəm Bağırov, rəyçiləri filologiya üzrə elmlər doktoru, professor Xəlil Yusifli və filologiya üzrə fəlsəfə doktoru, dosent İbrahim Quliyevdir.

Qeyd edək ki, bu kitab Əlyazmalar İnstitutu və AMEA-nın Gəncə Bölməsi arasında birgə elmi-tədqiqat işlərinin aparılması məqsədilə 2017-ci ildə imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində regional bölmənin maliyyə dəstəyi ilə nəşr olunub.

İyunun 18-də Əlyazmalar İnstitutunun qonağı olan AMEA-nın Gəncə Bölməsinin elmi katibi, tarix üzrə fəlsəfə doktoru Elnur Həsənov çapdan çıxmış kitabı onun müəllifi Əzizağa Nəcəfzadəyə və redaktoru Əkrəm Bağırova təqdim edib.

Yeni mövsümdə layihənin davamı olaraq həmin müəllifin “Nizaminin türklüyü və türklüyə münasibəti” monoqrafiyasının nəşri gözlənilir.

Mənbə: azertag.az