Respublika Günü və Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illiyi münasibətilə Əmmanda rəsmi qəbul keçirilib

Respublika Günü və Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illiyi münasibətilə Əmmanda rəsmi qəbul keçirilib

 

İordaniyanın paytaxtı Əmmanda 28 May – Respublika Günü və Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illik yubileyi münasibətilə rəsmi qəbul keçirilib. Azərbaycanın İordaniyadakı səfirliyindən AZƏRTAC-a verilən məlumata görə, qəbulda əsas qonaq qismində Krallığın Siyasi və Parlament Məsələləri üzrə naziri Musa əl-Maayta iştirak edib. Həmçinin İordaniyanın dövlət və hökumət rəsmiləri, Əmman şəhərinin meri, senatorlar, sabiq baş nazirlər, nazirlər və xarici ölkələrin Əmmanda akkreditə olunmuş diplomatik missiyalarının rəhbərləri və diplomatik heyət üzvləri ziyafətə qatılıblar.

Dövlət himnləri səsləndirildikdən sonra çıxış edən səfir Rasim Rzayev 28 May – Respublika Günü haqqında ətraflı məlumat verib. O, 28 may 1918-ci il tarixində müsəlman Şərqində ilk parlament quruluşlu ölkənin – Azərbaycan Demokratik Respublikasının yarandığını və Azərbaycan diplomatiyasının səyləri nəticəsində 11 yanvar 1920-ci ildə Paris Sülh Konfransı tərəfindən rəsmən tanındığını diqqətə çatdırıb, 23 ay ömür sürmüş respublikanın demokratiya, azadlıq kimi prinsiplərin təməlini qoymağa müvəffəq olduğunu vurğulayıb.

1991-ci il oktyabrın 18-də XX əsr ərzində ikinci dəfə öz müstəqilliyini elan edən Azərbaycan Respublikasının ilk illərdə mövcud daxili siyasi, iqtisadi və ictimai problemlər, habelə Ermənistanın hərbi təcavüzü fonunda öz müstəqilliyini itirmə təhlükəsi ilə üzləşdiyini xatırladan səfir yalnız ulu öndər Heydər Əliyevin böyük siyasi təcrübəsi sayəsində həmin təhlükənin aradan qalxdığını, ölkəmizdə demokratik dövlətin əsaslarının qoyulduğunu, ümumxalq səsverməsində yeni Konstitusiyanın qəbul edildiyini və hərtərəfli islahatlara start verildiyini qeyd edib. Həmçinin ölkəmizin dünya ölkələri ilə qarşılıqlı ehtiram, daxili işlərə qarışmama kimi prinsiplər əsasında xoş əlaqələr qurduğu bildirilib.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışan diplomat problemlə əlaqədar qəbul edilmiş beynəlxalq sənədlərdə işğalçı Ermənistan qüvvələrinin Azərbaycan torpaqlarından çıxmasının və Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasının tələb edildiyini xatırladıb. O, işğalın hələ də davam etməsinə baxmayaraq, ölkəmizin rəhbərliyinin münaqişəni sülh yolu ilə həll etməyə çalışdığını və xalqımızın bir qarış torpağı belə güzəştə getməyəcəyini bildirib.

Səfir R.Rzayev ulu öndər Heydər Əliyevin əsasını qoyduğu kursun bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qonaqların nəzərinə çatdıraraq, dövlətimizin enerji və nəqliyyat sektorunda strateji layihələrin həyata keçirilməsi nöqteyi-nəzərindən qlobal əhəmiyyətə malik regional mərkəzə çevrildiyini qeyd edib, milli iqtisadiyyatımız barədə yeni göstəriciləri təqdim edib.

Bu gün Azərbaycanın müstəqil dövlətə xas bütün xüsusiyyətlərə malik olduğuna diqqət yetirən səfir İordaniya ilə ikitərəfli əlaqələrdən bəhs edib. Bu xüsusda, diplomat 1994-cü ilin dekabrında Mərakeşin Kasablanka şəhərində keçirilmiş İƏT (o zaman İKT) dövlət və hökumət başçılarının Zirvə görüşü çərçivəsində ulu öndər Heydər Əliyev və Kral Əl-Hüseyn bin Talal arasında baş tutan tarixi görüşün iki qardaş ölkə və xalq arasında əlaqələrin güclü təməlini qoyduğunu ziyafət iştirakçılarının diqqətinə çatdırıb. Səfir bu əlaqələrin layiqli davamçılar Prezident İlham Əliyev və Kral II Abdullah İbn Əl-Hüseyn arasında dostluq və qardaşlıq əlaqələri fonunda uğurla inkişaf etdiyini vurğulayıb. O, ikitərəfli əməkdaşlığın müxtəlif sahələrində əldə edilən uğurların gələcəkdə davam edəcəyinə ümidini ifadə edib.

Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illik yubileyindən danışan R.Rzayev müasir Azərbaycanın düşünülmüş və müdrik xarici siyasətinin əsasının ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu bildirib. O, Ulu Öndərin hakimiyyəti illərində Azərbaycan diplomatiyasının işğalçı Ermənistanla atəşkəsə nail olduğunu, ölkəmizin uğurlu sosial-iqtisadi və ordu quruculuğunu təmin etməyə, bununla da dövlətimizi Cənubi Qafqaz regionunda qlobal layihələrin gerçəkləşdirilməsi məsələsində söz sahibinə çevirməyə müvəffəq olduğunu qeyd edib.

Səfir bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam edən diplomatik kursun Azərbaycanın həm regional, həm də qlobal müstəvidəki çəkisinin artmasına gətirib çıxardığını vurğulayıb.

Diplomat Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun həyata keçirdiyi mədəni diplomatiyaya toxunaraq, Fondun böyük əməyi sayəsində paytaxt Bakının multikulturalizm, dini tolerantlıq, sivilizasiyalararası dialoq kimi aktual mövzularda beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini söyləyib.

Senatda İordaniya-Azərbaycan dostluq qrupunun, İordaniya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Mərvan əl-Hmud tədbirdə çıxış edərək qonaqların diqqətini uğurlu Azərbaycan diplomatiyası sayəsində dövlətimizin mühüm nailiyyətlər əldə etməsinə, habelə qlobal və regional miqyaslarda sanballı yer tutmasına yönəldib. O, bu uğurların tarixi qeydlərdə qızıl hərflərlə yazılığını və hər bir Azərbaycan diplomatının bununla fəxr etməli olduğunu qeyd edib.

Dostluq qrupunun rəhbəri bu gün Azərbaycanın bütün sahələrdə şahidi olduğu inkişafın ölkə üçün parlaq gələcək vəd etdiyini vurğulayaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu istiqamətdə böyük səylər göstərdiyini söyləyib. Senator Azərbaycanın dinlər və mədəniyyətlər arasında dialoqa dəvət edən tolerantlıq məkanı olduğunu vurğulayıb.

Mərvan əl-Hmud Kral II Abdullah ilə Prezident İlham Əliyev arasında qardaşlıq əlaqələrinin olduğunu vurğulayaraq, iki liderin qarşılıqlı səfərlərini qeyd edib, dost ölkələrimiz arasında istər regional, istərsə də qlobal məsələlər, xüsusən də Fələstin məsələsi üzrə mövqelərdə uyğunluğun olduğunu bildirib. O, eyni zamanda, qarşılıqlı rəsmi səfərlərin əhəmiyyətini əsas tutaraq, bu səfərlərin iki xalq arasında əlaqələrin möhkəmlənməsinə kömək olacağını qeyd edib.

Daha sonra ulu öndər Heydər Əliyev və Kral Əl-Hüseyn bin Talalın Kasablanka görüşünün videosu, ardınca isə “Azərbaycan Diplomatiyası 100” adlı sənədli film nümayiş etdirilib.

Səfirliyin rəsmi ziyafəti barədə süjet İordaniyanın dövlət televiziyasında efirə gedib. Bununla yanaşı, tədbir İordaniyanın Petra dövlət informasiya agentliyi, eləcə də aparıcı “Ad-Dustour” və “Al-Rai” qəzetləri, www.orobanews.com, www.ammonnews.net, www.sahafahn.net, www.news-sinaa.com kimi xəbər portalları tərəfindən işıqlandırılıb.

Mənbə: azertag.az