“Kollec məzunlarının universitetlərə imtahansız qəbulunun bu kimi faydaları var”- Şahlar Əsgərov

“Kollec məzunlarının universitetlərə imtahansız qəbulunun bu kimi faydaları var”- Şahlar Əsgərov

Bir müddət öncə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə ali məktəblərə müsabiqəsiz qəbulun şərtləri müəyyənləşdi. Həmin şərtlərə əsasən, respublika və beynəlxalq fənn olimpialarının qalibi olan bakalavrlar ali təhsil müəssisələrinə müəyyən ixtisaslara imtahansız qəbul oluna biləcəklər.

Hamının maraqla qarşıladığı başqa bir bənd isə kollec məzunları olan subbakalavrlara da universitetlərə müsabiqəsiz qəbulun şamil edilməsidir.

Yəni, kollec (əvvəlki adı ilə “texnikum”) bitirən subbakalavrlar məzun olduqları ixtisaslara uyğun olaraq, universitetlərə imtahansız qəbul oluna biləcəklər.

Subbakalavrlara universitetlərə imtahansız qəbul olma imkanlarının yaradılması Azərbaycan təhsilində hansı müsbət dəyişikliklərə səbəb olacaq?

Təhsil eksperti, professor Şahlar Əsgərov

Moderator.az-a açıqlamasında yuxarıdakı sualı cavablandırıb:

“Bu, niyə əhəmiyyətli hal sayılmalıdır? - Keçmiş ata-baba termini ilə desək, texnikumları (indiki kollecləri) qurtarmış uşaqlar ali məktəblərə imtahansız qəbul olacaqlar. Bu, ilk növbədə ali məktəbə qəbul olanların sayını artıracaq.Yəni bizim cəmiyyətdə ali savadlı insanların sayı artacaq.

İkincisi, oxumağa həvəsi olan gənclərin ali məktəbdə bilikləri dərindən öyrənməsi üçün imkan yaranacaq.

Üçüncüsü, subbakalavr səviyyəsində bəzən ixtisası düz seçməyən gənc ali məktəbə ixtisas seçimi edəndə daha bu səhvi təkrarlamayacaq.

Bunları sadalamağımın isə məqsədi var: mənim çoxillik müşahidələrimə görə insanlar bilikləri o zaman daha çox toplayırlar ki, öz sevib-seçdikləri ixtisaslarda təhsil alırlar. İnsan öz sevdiyi ixtisasda oxumayanda, tədris prosesi ona xoş gəlmir, əksinə, əziyyət verir. Ona görə də, gənclər öz sevdiyi, məhəbbəti olduğu ixtisasa yenidən yaxşı yiyələnəcəklər. Bu da güclü mütəxəssis yetişdirməyə kömək olacaq”.

 

Aygül

Mənbə: moderator.az