Azərbaycan nümayəndə heyəti Vyanada Avstriya hökumət rəsmiləri ilə görüşüb

Azərbaycan nümayəndə heyəti Vyanada Avstriya hökumət rəsmiləri ilə görüşüb

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti Avstriyada səfərdədir.

“Qafqazinfo” AZƏRTAC-a istinadən xəbər verir ki, səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Avstriya hökumətinin və parlamentinin üzvləri ilə görüşüb.

Görüşdə Allahşükür Paşazadə, Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Xarici İşlər nazirinin müavini Ramiz Həsənov, Milli Məclisin komitə sədrləri Siyavuş Novruzov və Səməd Seyidov, Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilov, Avstriyanın Federal Nəqliyyat, İnnovasiya və Texnologiya naziri Andreas Rayxhart, Avstriya parlamentinin üzvü Qeral Hauzer, Azərbaycan-Avstriya Əməkdaşlıq Şurasının rəhbərliyi iştirak ediblər.

Görüşün əvvəlində iyunun 19-da Vyanada keçiriləcək "Dinlərarası və sivilizasiyalararası əməkdaşlıqdan bəşəri həmrəyliyə" mövzusunda beynəlxalq konfrans üçün yaradılan şəraitə görə təşəkkür edən Allahşükür Paşazadə Azərbaycan Prezidenti İlham Əliyevin ideya rəhbəri olduğu tədbir barədə ətraflı məlumat verib. Qeyd edilib ki, müxtəlif dinlərin və mədəniyyətlərin dinc birgə yaşadıqları Avstriya tarixən yüksək tolerantlığın hökm sürdüyü ölkə kimi tanınıb və məhz buna görə də beynəlxalq konfransın bu ölkənin paytaxtı Vyana şəhərində keçirilməsi qərara alınıb.

Şeyxülislam Avstriya nümayəndələrini bu ilin sentyabrında keçiriləcək “Dünya dini liderlərinin II Bakı sammiti”ndə iştiraka dəvət edib.

Avstriyanın Federal Nəqliyyat, İnnovasiya və Texnologiya naziri Andreas Rayxhart konfransın Vyanada keçirilməsindən məmnunluğunu ifadə edərək, özünü əbədi bitərəf dövlət elan etmiş Avstriyada dinlərarası və mədəniyyətlərarası dialoqun mühüm əhəmiyyət daşıdığını bildirib. Bu tarixi ənənə fonunda Avstriyanın müxtəlif dini, milli, mədəni və digər görüşləri təmsil edən tərəflər arasında dialoqun baş tutduğu ölkəyə çevrildiyini qeyd edən nazir, həmçinin bu amillərlə yanaşı, iqtisadi əlaqələrin inkişafının diqqət mərkəzində durduğunu bildirib. Diqqətə çatdırılıb ki, Azərbaycanı və Avstriyanı uzun illərə söykənən dostluq əlaqələri bağlayır. Bu ilin martında Azərbaycan Prezidenti İlham Əliyevin Avstriyaya səfəri bu dostluğun zirvə nöqtəsini təşkil edib. Həmin səfər çərçivəsində Azərbaycan-Avstriya Əməkdaşlıq Şurasının əsası qoyulub. Bu Şuranın əsas məqsədi iki ölkə arasındakı dostluq əlaqələrini yeni mərhələyə çıxarmaqdır. Avstriya-Azərbaycan iqtisadi əlaqələrinin dərinləşməsi ilə yanaşı, mədəni və dini mövzularda layihələrin inkişaf etdirilməsini hədəf seçən bu qurum ölkələrimizin və xalqlarımızın daha da yaxınlaşmasına xidmət edəcək. Uzunmüddətli əməkdaşlığın inkişaf etdirilməsinə qarşılıqlı marağın mövcud olması hər iki ölkənin bu əlaqələrdən bəhrələnməsinə gətirib çıxaracaq.

Nazir bir daha iki ölkə arasında sıx və mütəmadi əlaqələrin inkişaf etməsində maraqlı olduqlarını və şəxsən özünün Azərbaycana dərin dostluq hissləri bəslədiyini ifadə edib.

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov görüşdə çıxış edərək Prezident İlham Əliyevin Avstriya xalqına və hökumətinin üzvlərinə ehtiram və salamlarını çatdırıb. Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycan tərəfi ölkələrimiz arasında münasibətlərin daha da inkişafına dəstək verəcək və bu inkişafa maraq dövlət başçıları tərəfindən də ifadə olunub.

Cari ilin martında Prezident İlham Əliyevin Avstriyaya uğurlu səfərinin nəticəsi olaraq Azərbaycan-Avstriya Əməkdaşlıq Şurasının yaradıldığını və bu qurumun artıq öz fəaliyyət istiqamətlərini müəyyən edərək işə başladığını bildirən Əli Həsənov Şuranın iki ölkə arasında əlaqələrin dərinləşməsinə töhfə verəcəyinə inandığını vurğulayıb.

Vyananın Avrasiyada dinlərarası və mədəniyyətlərarası dialoqun mərkəzlərindən biri olduğunu bildirən Prezidentin köməkçisi beynəlxalq konfransın keçirilməsi üçün məkan seçimində qərarın bu şəhərin xeyrinə verilməsinin təsadüfi olmadığını diqqətə çatdırıb. Qeyd edilib ki, dinlər, mədəniyyətlər və sivilizasiyalar arasında dialoq Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin istiqamətlərindən biridir. Azərbaycanın müstəqillik tarixinin son 25 ilində ölkə daxilində davamlı olaraq bu istiqamətdə dialoq dövlətin yürütdüyü ali siyasi kursdur. Lakin Azərbaycan bu dialoqu ölkə daxilində reallaşdırmaqla kifayətlənmir, eyni zamanda, qarşılıqlı hörmət və rəğbətə söykənən bu dəyərləri dövlətlərarası münasibətlərin əsas prinsiplərindən biri hesab edir. Dövlətlərarası müstəvidə bu, özünü müxtəlif sivilizasiyalar arasında əlaqələrin intensivləşməsində tapır. Azərbaycan dövlətinin başçısı müxtəlif xüsusiyyətlərə malik sivilizasiyalar arasında dialoq, əməkdaşlıq və tərəfdaşlığı alternativi olmayan bir istiqamət hesab edir və dünya ölkələrinin bu siyasi xəttə əməl etməsi arzuolunandır.

Vyanada keçiriləcək konfransa toxunan Əli Həsənov qeyd edib ki, bütün dinləri və sivilizasiyaları təmsil edən nümayəndələrin, dövlət və hökumət rəsmilərinin iştirak edəcəkləri tədbirdə dinlərarası və sivilizasiyalararası əməkdaşlığa çağırış edən bəyannamənin qəbul olunacağı da gözlənilir. Konfransda müzakirəyə çıxarılacaq mövzular, ediləcək çağırışlar, onun təmsil etdiyi dəyərlər həm Azərbaycanın, həm Avstriyanın, həm də bütövlükdə Avropa İttifaqının kursuna tam uyğundur.

Qeyd edək ki, iyunun 19-da Vyanada "Dinlərarası və sivilizasiyalararası əməkdaşlıqdan bəşəri həmrəyliyə" mövzusunda keçiriləcək beynəlxalq konfransda dünyanın 30-dan çox ölkəsini təmsil edən 300-ə yaxın dövlət, ictimaiyyət, elm və din xadimlərinin, həmçinin 5 beynəlxalq və 16 qeyri-hökumət təşkilatının rəhbərlərinin, o cümlədən BMT Baş katibinin müavinləri - M.Moratinos və R.Xalikovun, Avstriya Federal Hökumətinin və parlamentinin nümayəndələrinin, habelə Avstriyada akkreditə olunmuş səfirliklərin və beynəlxalq təşkilatların, dini konfessiyaların nümayəndələrinin iştirakı nəzərdə tutulub.

Mənbə: qafqazinfo.az