Şöbə müdiri: “Bəzən DİM-in işlərinə problem yaradan hallara rast gəlirik”

Şöbə müdiri: “Bəzən DİM-in işlərinə problem yaradan hallara rast gəlirik”

“Qanunla hər bir kəsin əqli mülkiyyəti toxunulmazdır. Lakin buna baxmayaraq, bəzən Dövlət İmtahan Mərkəzinin işlərinə problem yaradan hallara rast gəlirik”.

Bunu APA TV-yə açıqlamasında Dövlət İmtahan Mərkəzinin şöbə müdiri Natiq Əliyev deyib.

Onun sözlərinə görə, buraxılış imtahanının sualları imtahan iştirakçılarına verilmir: “Bu il 7 müxtəlif imtahan nəzərdə tutulub. İmtahan kitabçalarının paylanmasına görə, əvvəl imtahan verənlərlə sonra imtahan verənlər bir az fərqlənir. Sonra imtahan verənlərə əvvəlki sualların hamısı gəlirsə, onlar imtahanın məzmunu ilə əlaqədar müəyyən üstünlük əldə etmiş olurlar. Çox təəssüf ki, bəzi repetitor müəllimlər imtahana gedən şagirdlərini şirin dillə yoldan çıxararaq xahiş edirlər ki, “imtahanda 1-2 sualı əzbərlə, imtahandan çıxan kimi mənim “whatsapp”ıma yaz”. Sonra da həmin repetitor bu sualları toplayaraq imtahan sualları formalaşdırır, imtahan günü və ya ertəsi gün bunun izahını verməyə başlayırlar.

Bəzən o izahlar da keyfiyyətsiz olur, izahda bəzən elmin qüsurlar olur. Bu yolla da öz sosial şəbəkə səhifələrinə süni şəkildə çoxlu sayda izləyici cəlb edirlır. Bununla yanaşı, DİM-in nəşr etdiyi metodiki vəsaitlər də son vaxtlar scan olunaraq müxtəlif sosial şəbəkələrdə paylaşılır. Qaydalara görə, Dövlət İmtahan Mərkəzinin razılığı olmadan onun çap etdiyi heç bir elmi-metodiki vəsaitin sürəti çıxarıla, paylana bilməz, bu, onun əqli mülkiyyətidir. Amma son zamanlar sosial şəbəkədə olan bəzi qruplar DİM tərəfindən çap olunan vəsaitləri paylaşırlar. Bu, əqli mülkiyyətin oğurlanmasıdır. Bununla bağlı hüquqşünaslarımızın müraciətləri olur, amma bu da vaxt aparır, artıq yayılır, sonradan isə bu məlumatların silinməsinə ehtiyac qalmır”.

Mənbə: apa.az