Metro işləmir, keçidləri isə zibilliyə çevrilib - FOTOLAR

"Ola bilər ki, belə arzuolunmaz hallar həftəsonları müşahidə olunsun. Bu da həftəsonları ictimai nəqliyyatın işləməməsi səbəbindən hansısa təmizlik işçisinin işə gələ bilməməsi ilə bağlı ola bilər"

Bakıda metro keçidləri zibilliyə çevrilib. Metronun 6 aydan çoxdur ki, fəaliyyətini dayandırması metro keçidlərini də baxımsız vəziyyətə salıb. Xüsusilə həftəsonları metro keçidləri zibilli olur. Sputnik Azərbaycan metro keçidlərinin natəmiz olmasının səbəbini araşdırmazdan öncə keçidlərdə müşahidə aparıb.

Bakı metropoliteninin "İnşaatçılar" stansiyasının piyada keçidi sellofan torbalarla dolu idi. Əsən külək bayırdakı toz-torpağı, polietilen torbaları keçidə doldurmuşdu. Bu keçiddə natəmiz vəziyyətdən piyadalar da narazı idilər. Yasamal rayon sakini Mehparə Hüseynova deyir ki, metro bağlanandan keçidlərin təmizliyinə o qədər də diqqət yetirilmir: "Hava küləkli olanda, həftəsonları metro keçidləri zibil poliqonuna dönür. Natəmizlik baş alıb gedir. Bu, təkcə "İnşaatçılar" metrostansiyasının keçidində belə deyil. Digər metro keçidlərində də təmizliyə diqqət yetirilmir".

"İnşaatçılar" metrosunda Sputnik / Zulfiyya Guluyeva"İnşaatçılar" metrosunda Sputnik / Zulfiyya Guluyeva"İnşaatçılar" metrosunda Sputnik / Zulfiyya Guluyeva1 / 3"İnşaatçılar" metrosunda

Qeyd edək ki, Bakı metropoliteninin fəaliyyəti pandemiya dövründə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən dayandırılsa da, metro keçidlərindən hər gün yüzlərlə piyada istifadə edir. Metro keçidlərinin zibilli olması, istər-istəməz keçiddən istifadə edənlərdə narazılıq yaradır. Metro keçidləri isə piyadaların təhlükəsizliyi baxımından önəmlidir. Piyadaların keçidlərdən istifadəsi isə yol-nəqliyyat hadisələri zamanı piyada vurmalarının qarşısını alır.

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, metro işləməsə də, metro keçidləri hər gün təmizlənir: "Ola bilər ki, belə arzuolunmaz hallar həftəsonları müşahidə olunsun. Bu da həftəsonları ictimai nəqliyyatın işləməməsi səbəbindən hansısa təmizlik işçisinin işə gələ bilməməsi ilə bağlı ola bilər. Yaxud da hava şəraiti ilə bağlı məqam ola bilər. Hava küləkli olduqda zibili sovurub keçidlərə doldurur. Buna baxmayaraq, əgər hansısa keçiddə natəmizlikdən şikayət varsa, bu məsələ dərhal həmin metrostansiyanın rəhbərliyinə çatdırılır və aradan qaldırılır. Metronun işləməməsinə baxmayaraq, keçidlərin təmizliyi gündəlik həyata keçirilir".

Sputnik.az

ƏVVƏLKİ XƏBƏR

Durov ilk dəfə Rusiyanın ən varlı milyarderləri arasında yer aldı

SONRAKI XƏBƏR

Amazon, IKEA, Estée Lauder kimi uğurlu şirkətlərin rəhbərləri uşaqlıqda necə pul qazanırdılar?