"Hər kəs maskasız gəzmək istəyir, amma halva-halva deməklə ağız şirin olmur” - Ekspertdən ÇAĞIRIŞ

"Hər kəs maskasız gəzmək istəyir, amma halva-halva deməklə ağız şirin olmur” -  Ekspertdən ÇAĞIRIŞ

Xəbər verdiyimiz kimi ötən gün Siyəzəndə repetitor fəaliyyəti ilə məşğul olan rayon sakini Vüqar Abdullayevin 22 şagirdlə bir otaqda dərs keçməsi müəyyən edilib.

Karantin qaydalarına rəğmən, zaman-zaman belə halların olduğunu müşahidə edirik. Bir çox müəllim pandemiya dövrünün qaydalarına riayət etmək istəmir.

Olaylar.az-ın məlumatına görə, bununla bağlı təhsil eksperti Kamran Əsədov bildirib ki, həmin müəllimlər koronavirusa yoluxandan sonra səhiyyə qurumlarından narazı qalırlar:

"Ölkədə ona görə məktəblər bağlanır ki, təmas halları azalsın. Mən də bilirəm ki, müəllim maddi rifahının yaxşılaşdırılması üçün repititorluq etməlidir. Şagirdlər buraxılış və qəbul imtahanlarında yaxşı nəticə əldə etmək üçün repititor və hazırlıq kurslarına müraciət etməlidirlər. Amma bütün bunlar pandemiya qaydalarına riayət etməmək üçün əsas deyil.

Hər kəs mövcud vəziyyətdən narahatdır. Hər kəs əvvəlki kimi maskasız gəzmək, normal həyata qayıtmaq istəyir. Amma atalar demiş, halva-halva deməklə ağız şirin olmur".

 

Ekspert vurğulayıb ki, hər kəs qaydalara əməl etməlidir:

"Mövcud qaydalara görə repititor otağının şəraiti imkanı daxilində dərslərini təşkil edir. Yəni ara məsafəsi azı 1.5 metr olmalıdır. Otaqda maksimum 10 abituriyent olar. Lakin bu o demək deyil ki, sıx vəziyyətdə 10 nəfər, otağın nə qədər şagirdə 1.5 metr ara ilə uyğundursa, o qədər şagird ola bilər. Qaydalara ciddi yanaşmalıyıq.

Hər gün nə qədər həmkarımızı COVID-19 səbəbi ilə itiririk. Bəlkə də onların yoluxmasına bizim hansısa səhlənkarlığımız səbəb olur. Digər tərəfdən isə, hər kəsi vaksinasiya olunmağa dəvət edirəm. Bu bizim normal həyata qayıtmağımız üçün çox vacibdir". sfera

Mənbə: olaylar.az