Maskadan qurtulmağın tək yolu: VAKSİNASİYA – İsrail sübut etdi...

Maskadan qurtulmağın tək yolu: VAKSİNASİYA – İsrail sübut etdi...

Yaya cəmi 2 ay qalır. Koronavirus pandemiyası isə bitmək bilmir. İlyarıma yaxındır ki, dünya bu bəla ilə mübarizə aparır. Demək olmaz ki, heç bir nəticə də yoxdur. Ölkələr bu və ya digər şəkildə müxtəlif karantin tədbirləri həyata keçirir, bir neçə ay öncədən başlayaraq vaksinasiya prosesi həyata keçirilir, pandemiyanın nəzarət altında saxlanılmasına nail olunur.
Ancaq ümumilikdə yoluxmalar dünya boyunca yeni rekordlar vurur. Xüsusi narahatlıq doğuran hal ölüm sayının artmasıdır. Məsələn, son statistikaya görə Türkiyədə bir gündə COVİD-19-dan ölənləri sayı 318 nəfər olub.
Qardaş ölkədə hazırda sərt karantin qaydaları tətbiq edilir. Ramazan ayı boyunca qapanmalar və sərt məhdudiyyətlər davam edəcək.
Azərbaycanda da vəziyyət ürəkaçan deyil. Günlük yoluxma sayı 2000-dən artıqdır. Hər gün də 30-35 arası vətəndaşımız bu bəladan dünyasını dəyişir. Real vəziyyət ürəkaçan deyil...

Belə bir durumda qarşıdakı isti havalarda maska taxmaq, bu il də məzuniyyətsiz, təbiət, dəniz üzünə qalmaq təhlükəsi hər kəsi narahat edən məsələdir. Bir müddət öncə sosial şəbəkələrdə kor-təbii şəkildə maska əleyhinə bir kampaniya da başlamışdı. Açıq havada tibbi maskadan istifadə tələbinin götürülməsini tələb edirdi insanlar.
Əlbəttə, maskasız həyat gözəldir, doyunca təmiz hava almaq haqqımız var. Xüsusən mənim kimi eynəkli və faringiti olan adamlar daha çox arzulayırıq maskadan xilas olmağı. Ancaq bunun sanitar- epidemioloji baxımdan nə dərəcədə doğru olub-olmaması məsələsi daha vacibdir. Çünki bizdə virus tüğyan edir. Bir saat maskasız gəzib, virusa yoluxmaq və ya onlarla adamı yoluxdurmaq da olmaz axı.
İndi isə sosial şəbəkələrdə İsraildə açıq havada tibbi maska taxmaq tələbinin aradan qaldırılmasından danışılır və eyni qaydanın bizdə də tətbiqini istəyir insanlar. Deyirlər ki, İsrail bunu edibsə, biz də edək.

Lakin bir ciddi məqama diqqət yetirək: İsrail hansı şəraitdə və şərtlər daxilində bu qərarı verib? Məsələyə məhz bu prizmadan yanaşmaq doğru olar. Məsələnin məğzi ondan ibarətdir ki, son açıqlamaya görə, İsraildə yoluxma sayı artıq SIFIRA enir! Nəyin hesabına? Israil bunu necə etdi? Bu, heç də gizli deyil və ya burada zaman-zaman ara söhbətlərində dolaşan “İsrail tibbi nailiyyətlərini gizli saxlayır” variantı yoxdur. Səbəb bəllidir: İsraildə ölkə əhalisinin 52 faizdən çoxu tam vaksin olunub! İlk dozanı alanlar isə 57-dən artıqdır. Nəzərə alsaq ki, əhalinin 10-15 faizi də koronavirusa yoluxub, bu o deməkdir ki, İsrail əhalisinin təxminən 70 faizində kütləvi immunitet formalaşıb, anticisim yaranıb. Eyni zamanda vətəndaşlar sanitar qaydalara ciddi riayət ediblər. Nəticədə isə İsrail artıq pandemiyaya qalib gəlib, məsələni həll etmək üzrədir.


Oxşar nümunə Çində də var. Çin də məhz vaksinasiya ilə pandemiyanı yenməyə müvəffəq olur.
Beləliklə, sevindirici, ümidli bir mənzərə yaranır: dünya artıq COVİD-19-dan, maskadan xilas olmağın, normal yaşama qayıtmağın yolunu tapıb. Bircə qaydası var bunun – vaksinasiya!

Bəllidir ki, bu gün dünyada vaksin əldə etmək uğrunda ciddi mübarizə gedir, peyvəndlər ədalətli şəkildə bölüşdürülmür. Bu problemlə bağlı Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə dünyaya çağırış edib.

Belə bir çətin vəziyyətdə Azərbaycan dövləti bütün imkanlarını səfərbər edərək, ölkəyə mərhələli şəkildə vaksin alıb gətirir. Artıq 1 milyondan çox insan birinci mərhələ üzrə peyvənd olunub.

Peyvənd defisiti yoxdur, dövlətimiz bunu hər kəsə çatacaq sayda alıb gətirir. Əgər biz də İsrail nümunəsinə istinad ediriksə, o zaman insanlar fərqində olmalıdır ki, adıçəkilən ölkə pandemiyaya məhz kütləvi peyvəndlənmə ilə qalib gəlib, maskadan məhz bu cür xilas olublar. Kor-təbii şəkildə maskadan imtina etməyiblər.
Əgər biz də tezliklə rahat nəfəs almaq, normal yaşama dönmək, yayda gəzib dolaşmaq, Ramazandan sonra toylar etmək, yoluxmaların artmamasını, sərt karantininə gedilməməsini istəyiriksə, eynilə İsrail vətəndaşları kimi hamımız peyvəndlənməliyik. Əgər bizdə də ölkə vətəndaşlarının 50-60 faizi peyvəndlənərsə, maskadan imtina edə bilərik. Bunun tək yolu budur – İsrail variantı istəyiriksə, onların COVİD-19-la mübarizədə keçdiyi yolu təkrarlamalıyıq. Başqa yolu yoxdur bunun. Təcrübə sübut edib. Azərbaycan vətəndaşları fəal şəkildə peyvəndlənərsə, biz də koronavirusa qalib gələn ilk ölkələrdən olarıq.

Əks təqdirdə - kütləvi immunitet yaranmayana qədər yoluxma dayanmayacaq, bu o deməkdir ki, karantin qaydası, maska tələbi də bitməyəcək. Hər şey özümüzdən asılıdır...

 

Mənbə: cia.az