Yevlax sakini illərdir bağında Xarıbülbül yetişdirir

Yevlax sakini illərdir bağında Xarıbülbül yetişdirir

İllərdir bu gözəlliklər məskəninə həsrətlə baxırdıq. 44 günlük Vətən müharibəsində ermənilər üzərində qazanılan möhtəşəm qələbə bizi işğal altında olan torpaqlarımıza qovuşdurdu. Şuşanın azad edilməsi ilə azadlığına qovuşan Xarıbülbül Ordumuzun zəfər simvoluna çevrildi. Əsl adı Qafqaz qaş səhləbi olan bitkiyə digər bölgələrdə çox az təsadüf edilir. Lakin Yevlax sakini Vidadi Şöyübov Ərəbbəsrə kəndində yerləşən bağında hamıdan xəbərsiz Xarıbülbül yetişdirib. Bunu gizlin etməsinin səbəbi kimi isə Şuşanın işğalda olmasını deyir. Şuşa azad edildikdən sonra mənzərə dəyişib. İndi Vidadi kişinin sevinci hədsizdir.
Maraqlı görünüşü ilə diqqət çəkən Xarıbülbülün yalnız Azərbaycanda yetişdiyi bildirilir. Aprel ayında çiçəkləyib mayın ilk günlərində solur. Xarıbülbül Şuşa sakinlərinin sevimlisi hesab edilir. Gülün üzərində sanki bülbülün əyləşməsi isə insanların daha çox diqqətini çəkir.
Vidadi Şöyübov Ərəbbəsrə kəndində yetişən Xarıbülbülün toxumdan artırmaq istəsə də, buna nail ola bilməyib. Çiçək hər il yabanı halda bağın müxtəlif hissələrində bitir. Xarıbülbül bu il ötən illərə nisbətən daha çox olub.
Qeyd edək ki, görnüşü ilə göz oxşayan Xarıbülbül, Azərbaycan Respublikasının Qırmızı Kitabına daxil edilmiş nadir çiçək növüdür.
Esmira Hidayətova, Yevlax

Mənbə: www.yeniavaz.com