"Əsgərlərimiz anamın və qızımın qisasını aldı" - ermənilərin öldürdüyü azyaşlı Zəhranın atası Alxanlıdan reportaj - VİDEO - FOTO

Alxanlı Füzulinin ən böyük kəndlərindən biridir. Erməni təcavüzü nəticəsində kəndin təxminən 30 faizi düşmən tapdağı altında idi. Bu illər ərzində erməni vandalları yaşayış məntəqəsini daim atəş altında saxlayır, sakinlərə məxsus mal-qaranı, texnikaları, əkin sahələrini yararsız hala salırdılar. Ən dəhşətli hadisə isə 2017-ci ilin iyulun 4-də yaşanmışdı. Kəndi ağır artilleriya atəşinə tutan ermənilər yaş yarımında olan Zəhranı və nənəsini öldürmüşdülər.

Milli.Az bildirir ki, AZƏRTAC-ın müxbiri Alxanlı kəndində olub, sakinlərlə söhbət edib, minatəmizləmə əməliyyatlarını izləyib.

Alxanlı sakini, Zəhranın atası Elnur Quliyev o dəhşətli günləri belə xatırlayır: "Axşamçağı erməni təcavüzkarları mərmi ilə atəş açmışdılar. Mərmi düz onların yanına düşmüşdü. İkisi də şəhid oldu. Mənim 52 yaşındakı anam və yaş yarımındakı qızım Zəhra erməni terroristləri tərəfindən öldürüldü. Əzizlərimi aldılar məndən. Onların qisasını bu əllərimlə almağı arzulayırdım. Amma bu qisası 44 günlük Vətən müharibəsində Ali Baş Komandanımız İlham Əliyev və ordumuz aldı. Əsgərlərimiz bütün şəhidlərimizin, o cümlədən mənim anamın da, qızımın da qanını yerdə qoymadılar, qisasını aldılar".

Kəndinin icra nümayəndəsi İlham İsrafilovun sözlərinə görə, 1993-cü il avqustun 23-də Alxanlı kəndi mənfur düşmənlərimiz tərəfindən tam işğal olunmuşdu. "1994-cü ilin yanvarında şanlı Ordumuz kəndin bəzi ərazilərini işğaldan azad edib. Həmin vaxtdan etibarən köçkün düşmüş əhali yavaş-yavaş geri qayıtmağa başladı. Təxminən 400-dən çox ev dağıdılmışdı. O evlər də ulu öndər Heydər Əliyevin göstərişi ilə tam təmir olundu. Əhali öz evlərində yaşamağa başladı", - deyə İlham İsrafilov bildirir.

İcra nümayəndəsi deyir ki, Alxanlı kəndi düşmən mövqelərinə yaxın olduğundan hər zamanı snayperlərin hədəfində idi. Bəzən də artillerya atəşinə tutulurdu. Lakin 44 günlük Zəfər yürüşündən sonra kənd sakinlərində böyük ruh yüksəkliyi var. İndi hər kəs dədə-baba torpağında öz işi-gücü ilə məşğuldur.

Söhbət etdiyimiz kənd sakini Yavər Quliyev bildirir ki, uşaq yaşlarından bu kənddə boya-başa çatıb: "Demək olar ki, 90-cı illərdən, ağlım kəsən vaxtlardan ermənilər həmişə bizə ziyan vurublar. Örüşə mal-qara aparan, əkin sahələrində çalışan camaat hədəf alınırdı. Düzdür, biz qorxmamışıq. Ancaq hər zaman uşaqlardan, ailəmizdən ehtiyatdan edərdik, onlara görə narahat olardıq. Artıq o günlər arxada qalıb. Vətən müharibəsindən sonra biz rahat yaşayırıq, örüşə, əkin sahələrinə sərbəst gedib-gəlirik. Camaat öz işində-gücündədir".

Bəli, şanlı və qüdrətli Azərbaycan Ordusu cəmi 44 gün ərzində ərazilərimizi düşmən tapdağından azad etdi, üçrəngli, ay-ulduzlu bayrağımızı müqəddəs torpalarımızda dalğalandırdı. Amma ermənilər bu gün də minalanmış ərazilərin xəritələrini verməməklə vandal xislətlərini bir daha sübut edirlər. Xəritə olmasa da, Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşları öz işlərini görürlər. Digər ərazilərimiz kimi, Alxanlı kəndinin işğaldan azad edilən əraziləri də minalardan təmizlənir.

ANAMA-nın əməkdaşı Habil Babayev vaxtilə bu ərazilərin düşmənlə təmas xətti olduğunu, kütləvi şəkildə minalandığını bildirir. Düşmən minaları həm hərbi xəritə əsasında, həm də pərakəndə şəkildə torpağa basdırıb. Minalar pərakəndə basdırılsa belə onların xəritələri var. Amma erməni tərəfi bu xəritələri vermir.

ANAMA-nın digər əməkdaşı Mədəd Məmmədov isə deyir ki, pərakəndə sözünü düşmənin savadsız olduğunu göstərmək üçün işlədirlər: "Yəni, hansısa minanın basdırılmasında nizam-intizam qaydaları, bir standart var. Minalar həmin qaydalara uyğun basdırılmalıdır. Təxminən 200 min kvadratmetrdən çox sahə minalardan təmizlənib. Bu ərazilərin təmizləməsi zamanı 207 ədəd tank əleyhinə, 168 ədəd isə piyada əleyhinə mina aşkarlanıb. Aşkarlanan minalar, əsasən, Rusiya istehsalıdır. Bununla yanaşı, Ermənistan istehsalı olan piyada əleyhinə minalar da var".

Beləliklə, bir vaxtlar erməni tapdağı altında olan Alxanlı kəndi ilə bərabər, digər kənd və qəsəbələrimiz, rayon və şəhərlərimiz də qüdrətli və şanlı Azərbaycan əsgərinin qəhrəmanlığı sayəsində yenidən öz sahiblərinə qayıtdı. Ərazilər minalardan təmizləndikdən, yollar çəkildikdən, evlər bərpa olduqdan sonra doğma yurd-yuvasından didərgin düşən vətəndaşlarımız da o yerlərə qayıdacaq. Bu torpaqlarda həyat yenidən canlanacaq.

Milli.Az

 

 

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Prodüser Təranə yenə Musanı "topa tutdu": "O getsin...!"

SONRAKI XƏBƏR

Salyanda Vətən müharibəsi şəhidinin adına bulaq istifadəyə verilib