Xüsusi təyinatlı şəhidin ATASI:“Gözüm pəncərələrdə qalır, Maisi axtarıram...” - Fotolar

Xüsusi təyinatlı şəhidin ATASI:“Gözüm pəncərələrdə qalır, Maisi axtarıram...” - Fotolar

Sabah Qazax rayon Daş Salahlı kəndindən olan şəhidimiz Mais Yaqubovun doğum günüdür. Yaşasaydı 23 yaşı tamam olacaqdı qəhrəmanımızın. Mais Yaqubov İkinci Qarabağ müharibəsində tarix yazan oğullarımızdandır. O oğullar ki, cəbhədə igidlik göstərdilər, qanları-canları bahasına torpağımız uğrunda döyüşüb, ən ali və yüksək məqama - şəhidlik zirvəsinə ucaldılar.

M.Yaqubov 1998-ci ilin 20 aprelində anadan olub. 2015-ci ildə Şahin Cəbiyev adına Daş Salahlı kənd orta məktəbini bitirib. 2015-2019-cu illərdə isə Heydər Əliyev adına Ali Hərbi Akademiyada təhsil alıb. Qəhrəmanımız Füzuli uğrunda gedən döyüşlərdə böyük şücaət göstərərək şəhadətinə qovuşub. O, Xüsusi Təyinatlı Qoşunların leytenantı idi.

“Sherg.az” olaraq şəhidimizin atası Rəhim Yaqubovla əlaqə saxlayıb, Maisin uşaqlıq dövrləri ilə bağlı xatirələrini öyrəndik.

-Maisin anadan olduğu günü necə xatırlayırsız?

-Mais doğulanda ailəmizdə hər kəsin, əsasən də mənim sevincimin həddi-hüdüdu yox idi. Çünki o, dünyaya gələndə çox gözəl idi, sanki parlayırdı. Mais anadan olduqdan sonra hələ 40-ı çıxmamışdı, o zaman anası yuxusunda görüb ki, ağ saçlı və ağ saqqallı nurani bir kişi gəlib Maisin ayağından tutub. Anası qorxub və Maisi həmin kişinin əlindən almaq istəyib. Amma nurani kişi deyib ki, qorxma mən bu uşağa yaxşı bir tale yazmağa gəlmişəm. Bu yuxu hələ də anasının gözünün qabağından getmir. Biz həmişə arxayın idik ki, Maisə heç nə olmayacaq...

-Uşaqlıqda necə idi?

-Maisin uşaqlığı çox rəngarəng keçib. Hər zaman başqalarından seçilərdi. Vətənpərvərlik ruhu güclü idi, ağacdan silahlar düzəldərdi. Həmişə döyüş filmlərinə baxıb, orada özünü filmin qəhrəmanı kimi təsəvvür edirdi. Heç vaxt görmədim ki, Mais uşaqlıqda maşın oyuncaqlarla oynasın. O, həmişə silah oyuncaqları ilə oynamağı sevirdi. 6-7-ci sinifdən etibardən ağaca bıçaq atırdı. Deyirdim ki, niyə belə edirsən? Cavab verirdi ki, böyüyəndə erməniləri öldürəcəm, hərbçi, kəşfiyyatçı olacam. Elə hərbçi olmağı da özü seçdi.

-Dostları ilə əlaqəniz varmı, gəlib-gedirlərmi?

-Maisin ətrafında onu sevən uşaqlar çox idi. O, istər orta məktəbdə, istərsə də hərbi akademiyada dostları arasında böyük hörmət qazanmışdı. Bu yaxınlarda bir yerdə döyüş yolu keçmiş hərbçi yoldaşı, kapitan Mirtağı Rəhimov gəlmişdi. Kənddəki dostları Maisi o qədər çox istəyirdilər ki, öz aralarında pul toplayıb Şəhidlər Xiyabanına işıq çəkib, oranı işıqlandırdılar, oğlumun adına dayanacaq tikdirdilər. Gecə-gündüz Şəhidlər Xiyabanında işlədilər. Həm pul qoydular, həm də xərc çəkdilər. Həvəslə, can-başla işıq çəkdilər ki, gecələr Maisin yatdığı yer qaranlıq olmasın...

-Bu sualı verməyə çox çəkinirəm... Maisin yoxluğundan sonra həyatınız necə keçir?

- Bir az ağırdı danışmaq. Hərdən mənə elə gəlir ki, Mais şəhid olmayıb. Çünki o, 6-7 il idi ki, yanımızda çox olmurdu, ildə 20 gün gəlirdi. 45 günlük məzuniyyəti var idi, onu iki hissəyə bölüb, ildə iki dəfə bizimlə görüşürdü. Əvvəllər də hər gün görmürdük deyə son zamanlar oğlumun şəhid olduğunu belə unuduram. Hələ də gözləyirəm ki, Mais gələcək, gözüm pəncərələrdə qalır, hələ də onu axtarıram...

-Kənd camaatı dərdinizə şərik çıxırmı?

-Bəli. Maisin ad gününə bütün Daş Salahlı kəndi hazırlaşır. Xidmət etdiyi hərbi hissə Naxçıvanda yerləşdiyi üçün hərbçi yoldaşları iştirak edə bilmir, ancaq ayrı-ayrı vaxtlarda məzuniyyətə çıxdıqca hamısı gəlib onu ziyarət ediblər və edirlər də. Bu yaxınlarda bir yerdə döyüş yolu keçmiş hərbçi yoldaşı, kapitan Mirtağı Rəhimov gəlmişdi. O, Maisin qrup komandiri olub və döyüşdə ayağından snayperlə vurulub. M.Rəhimov döyüş anını danışanda sanki döyüş filmi izləyirdim. O, Maisin döyüşdəki qəhrəmanlığından danışdıqca ürəyim dağa dönürdu. Düşmən onları mühasirəyə salmaq istəyirmiş. Amma müharibə bitənə qədər döyüşüblər və ermənilər geri çəkilməyə məcbur olublar. 20 dəqiqədən sonra isə ermənilər bizimkiləri minamyot atəşinə tutublar, orada 5 nəfər şəhid olub. “Əjdaha” leytenant Mais Yaqubov da həmin qəhrəman şəhidlərədn biuri olub. Həmin döyüşdə düşmənin 84 hərbiçisi məhv edilib. Xatırladım ki, bu Maisin axırıncı döyüşü olub…

Söhbətləşdi: Yeganə Bayramova

Mənbə: sherg.az