Qələbədən sonra döyüş yoldaşları ilə görüşməyə əhd edən qəhrəmanımız - FOTO

 

44 gün davam edən Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızdan biri də Niyaməddin Musayevdir.

Niyaməddin Musayev 1997-ci ildə Şəmkir rayonunun Mahmudlu kəndində anadan olub. Yaşar Əsgərov adına orta məktəbi əla qiymətlərlə bitirib. Niyaməddin Musayev 2015-ci ildə hərbi xidmətə çağırılıb.

Nümunəvi əsgər idi Niyaməddin Musayev. Hələ hərbi xidmətə çağırılmamışdan atasından maşın təmir etməyi də öyrənib. Necə deyərlər, bu, Niyaməddinin hərbi hissədə ikinci ixtisası olub. Asudə vaxtlarında sürücü əsgər yoldaşlarından köməyini əsirgəməyib. Hər zaman “Sizin maşınlarınızı döyüşə özüm hazırlayacam...” deyirdi.

“Hər yerdə şəhidlərə böyük ehtiram var. Mən şəhidlərə də qazi deyərdim. Ruhu sıramızda olanlar, əlbəttə ki, qazidi. Şəhidlərimiz ürəyimizdə həm də qazi kimi yaşayacaqdır ...” - bir dəfə əsgər yoldaşları ilə söhbətində Niyaməddin Musayev deyib.

Niyaməddin hərbi xidmətdən tərxis olunub. Yeniyetməliyindən öyrəndiyi, hərbi xidmətdə təkmilləşdirdiyi peşənin “qulpundan yapışdı”, maşın təmiri ustası oldu. Cavan olsa da, maşınının təmirini ona etibar edənlər çox idi. Hərdən maşın sahibləriylə kəlmələşirdi də. Hərbi xidmətdə asudə vaxtlarda olduğu kimi, yenə Vətəndən danışardılar, torpaqlarımızın işğalda olmasından danışardılar.

“Döyüşlər olanda mütləq gedəcəm, yəqin ixtisasımı nəzərə alıb xahişimə yox deməzlər...”, - Niyaməddin belə deyərdi.

Sentyabrın 27-də Ali Baş Komandanın əmri ilə əks-hücum əməliyyatı başlayıb. Niyaməddin Musayev də işğal altındakı torpaqlarımızı azad etmək uğrunda başlanan bu döyüşlərə qatılıb.

Niyaməddin Musayev Murovdağ istiqamətində döyüşüb. Sonra onun xidmət etdiyi bölməni Hadrut istiqamətinə göndəriblər.

Niyaməddin Musayev Füzuli istiqamətində də döyüşüb. Döyüş vaxtı yoldaşları ilə “Bura qələbədən sonra gələrik, qələbədən sonra doyunca söhbətləşərik” deyərək, əhd ediblər. Ancaq bu görüş Niyaməddinə nəsib olmayıb.

Oktyabrın 25-də döyüşdə Niyaməddin Musayev şəhid olub.

Əsgər Niyaməddin Musayev “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

“Azərbaycan Ordusu” qəzeti

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Putin vətəndaşları koronavirusa qarşı peyvənd vurdurmağa çağırdı

SONRAKI XƏBƏR

“Şuşaya atılan İsgəndər-M” raketlərinin düyməsini basan ruslar olub“ - Şok iddia