Tanınmış həkimdən vacib tövsiyələr: "Test neqativdirsə, bu o demək deyil ki...”

Tanınmış həkimdən vacib tövsiyələr: "Test neqativdirsə, bu o demək deyil ki...”

"Əgər özümüzdə qızdırma, halsızlıq, boğaz qıcıqlanması, boğaz ağrısı, öskürək, əzələ-oynaq ağrıları, iştahasızlıq və s. oxşar əlamətlər hiss edərsək burun-udlaqdan və ağız-udlaqdan (əsnəkdən) yaxma-COVID-19 üçün PZR test analizi verək və özümüzü insanlardan təcrid (izolyasiya) edək, ola bilsin ki, yoluxmuşuq".

Cebhe.info xəbər verir ki, bu sözləri Azərbaycan Həkimlər Birliyinin sədr müavini, tanınmış həkim-radioloq Aydın Əliyev səsləndirib.

O bildirib ki, test analizinin cavabı neqativdirsə, bu hələ tam şəkildə virusa yoluxmamışıq anlamına gəlmir:

"Virusa yoluxmuş şəxslərin təqribən 30%-də test neqativ cavab ola bilir. Şikayətlər davam edirsə və test analizi mənfidirsə, o zaman bizdə koronavirusun olub-olmamasını bilmək üçün qanda COVID-19 İgM və İgG analizlərini verə bilərik.

Bu analizlərin və ya 1-ci punktdakı yaxma-test analizinin cavabı poztivdirsə, demək yoluxmuşuq, amma panik olmayaq. Əksər insanlar xəstəliyi yüngül keçirir, panika-stress immun sistemi zəiflədir. İgM pozitivdirsə, İgG neqativdirsə onda təqribən 1-14 günə qədərdir yoluxmuşuq və başqalarını yoluxdura bilərik, izolyasiya edilməliyik. Hər ikisi - İgM və İgG pozitivdirsə onda təqribən 14-30 gündür yoluxmağımız və başqalarını yoluxdurma ehtimalımız demək olar ki, 0-a bərabərdir, istisna hallar ola bilər.

Əgər İgM neqativ, İgG pozitivdirsə onda yoluxmadan təqribən 1 ay və daha çox keçib, ya da peyvənd edilmişik, başqalarını yoluxdurma ehtimalı yoxdur. Hər ikisi - İgM və İgG neqativdirsə yoluxmamışıq, xəstəliyi keçirməmişik, 2 doza peyvənd etdirməmişik ya da sağalmağımızdan təqribən 1 il və daha çox vaxt keçib".

Həkim qeyd edib ki, yaxma-test və ya İgM analizi pozitivdirsə mütləq təcrid edilək-evdən bayıra çıxmayaq:

"Həyət evindəyiksə, həyətdə heç kim olmayanda öz həyətimizdə çıxıb gəzişə bilərik, heç kimlə 2 metrdən az məsafədən ünsiyyət etməyək ki, atrafımızdakıları yoluxdurmayaq, onların içərisində yanaşı xəstəliyi olan, immuniteti zəif olan yaxınlarımız ola bilər ki, onları yoluxdursaq zəif olduqlarına görə ağırlaşıb həyatlarını itirə bilərlər.

Artıq aktiv yoluxma halında olduğumuz təsdiq edildisə o saat KT müayinəsinə və bir sicilləmə qan analizlərini verməyə qaçmayaq. Öncə Pulsoksimetr cihazı əldə edib, barmaq ucundan Oksigen saturasiyasını ölçək. 95%-dən çoxdursa, heç bir müalicəyə ehtiyac yoxdur! 95%-dən azdırsa, güvəndiyiniz müalicə həkiminə və ya təcili yardıma zəng etmək lazımdır, çünki artıq Oksigen dəstəyinə və müalicəyə ehtiyac var. Necə davam etmək və hansı analiz və müayinələrin lazım olduğunu onlar deyəcək".

"Öz yanımızdan və ya həkim olmayan qonşu, qohum, tanış və COVID-19 xəstəliyini keçirmiş şəxslərin müalicəsini etməyək. Ağırlaşan xəstələrin bir qismi bu səbəblərdən ağırlaşır və bəzən də belə xəstələrin həyatını xilas etmək mümkün olmur", - deyə həkim-radioloq qeyd edib.

Semra Ələkbərli
Cebhe.info

 

Mənbə: cebhe.info