Nazir: “Hər il 50 mindən çox təhsilalanın peşə təhsilinə yiyələnmək imkanı yoxdur”

Nazir: “Hər il 50 mindən çox təhsilalanın peşə təhsilinə yiyələnmək imkanı yoxdur”

“Ali və peşə təhsildə əlçatanlıq problemimiz var”.

APA-nın məlumatına görə, bunu Təhsil İdarəçiliyi Beynəlxalq konfransında çıxış edən Təhsil naziri Emin Əmrullayev bildirib.

Onun sözlərinə görə, Azərbaycanda IX sinfi bitirdikdən sonra təhsilalanların ali və peşə təhsilində əhatəliliyi dünyanın qabaqcıl inkişaf etmiş ölkələri ilə müqayisədə qat-qat aşağıdır: “Ümumilikdə ölkənin təhsil müəssisələrinin potensialından maksimal istifadə etsək, təxminən 40-60 minə qədər insanın istər ilkin peşə, istər orta ixtisas, istərsə də ali təhsil səviyyəsini almaq imkanı yoxdur. Mənə elə gəlir ki, bu, ən vacib həll olunmalı problemlərdən biridir. Təhsil Nazirliyi olaraq bu istiqamətdə müəyyən qısamüddətli kurslar, təhsil müəssisələrinin nəzdində peşə təmayüllü siniflər kimi layihələrə başlamışıq. Xüsusi olaraq qeyd edim ki, uzunmüddətli vədədə hər il təxminən 50 mindən bir qədər çox təhsilalanın formal da olsa, yəni ümumtəhsil müəssisəsində bu və ya digər səviyyədə peşə təhsilinə yiyələnmək imkanı yoxdur”.

Nazir deyib ki, bu problem qısa zaman ərzində innovativ yanaşmalarla həll edilməlidir: “Son illərdə ali təhsildə tələbə sayının artmasını müşahidə edirik. Son bir neçə ildə tələbə sayımız 30 faizə qədər artıb. Təhsil Nazirliyi daha çox insanın ali təhsil almasında maraqlıdır. Amma təbii ki, həm maliyyələşmə, həm də keyfiyyət baxımından əmin olmalıyıq ki, xüsusilə ali təhsil səviyyəsində kəmiyyət artımı keyfiyyət tənəzzülü ilə bir anda baş verməsin. Bu, gələcək iqtisadiyyatın düzgün qurulması baxımından vacibdir”.

Mənbə: apa.az