Ekspertdən DİM-ə sual kitabçaları ilə bağlı ETİRAZ: "Burada hansı qanun pozuntusu var?"

Ekspertdən DİM-ə sual kitabçaları ilə bağlı ETİRAZ: "Burada hansı qanun pozuntusu var?"

"DİM açıqlayıb ki, imtahandan sonra sual kitabçasının şəklini çəkərək sosial şəbəkələrdə yayanlar haqqında araşdırma aparılır. Ciddi dövlət qurumlarından qeyri-ciddi rəsmi açıqlamalar oxuyanda çox təəccüblənirəm və təəssüf hissi keçirirəm".

Olaylar.az-ın məlumatına görə, bunu Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz deyib. Onun sözlərinə görə, normalda DİM özü bu sualları dərhal açıqlayıb izahatlar verməlidir:

"Bu olmadığından repetitorlar, kurslar, məktəblər imtahandan sonra özləri uşaqlardan soruşub keçmiş imtahanla bağlı sual kitabçasını formalaşdırmaq məcburiyyətində qalırlar. Burada hansı qanun pozuntusu var, hansı xəta törədilib? Dövlət resursları hesabına formalaşan və istifadə edilən sual kitabçasının paylaşımında, müzakirəsində hansı hüquq pozuntusu var?

Əgər test bazası yetərli deyilsə, yeni testlər üçün DİM- in pulu yoxdursa, eyni tapşırıqlardan istifadə etmək məcburiyyəti varsa, onda DİM-in təhsil alan və təhsil verənlərə xəbərdarlıq əvəzinə, test bazasını gücləndirmək üçün hökumətə əlavə resurslarla bağlı müraciət etməsi daha məntiqli olardı".

 

O.Gündüz qeyd edib ki, bu cür ciddi, oturuşmuş ənənəsi, yetərincə peşəkarları olan dövlət qurumu daha ciddi əhəmiyyət kəsb edən işlərə zaman ayırmalıdır:

"Məsələn, DİM daha doğru olardı ki, İnformatika müəllimi və İT ixtisası seçənlərdən, nə qədər absurd səslənsə də, Kimyadan imtahan götürmək əvəzinə, İnformatikadan imtahan salınması və onun kontent bazasının formalaşdırılması üzərində araşdırmalar aparsın".

Mənbə: olaylar.az