Korrupsiya virusu ilə mübarizə - VİDEO

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən “Yeni klinika” Publik Hüquqi Şəxsin direktoru və Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin Modul Tipli Hospitalının baş həkiminin qanunsuz əməlləri ifşa edilib.

Xəstəxana rəhbərliklərinin ayrı-ayrı koronavirus xəstələrinin tibb müəssisəsində stasionar müalicə alması üçün yerləşdirilməsi müqabilində onların yaxınlarından hər xəstənin yerləşdirilməsi üçün 3000-3500 manat məbləğində pul vəsaitini alması, eləcə də, müalicə alan xəstələrin daha yüksək səviyyəli tibbi və sair təminatla təchiz edilmələri müqabilində müxtəlif məbləğlərdə pul vəsaitinin rüşvət qismində yığılması, “VİP korpus”larda digər bu kimi üstünlüklər əldə etmələrinə görə hər xəstədən müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində alınması ilə bağlı əsaslı şübhələr müəyyən edilib.

Bir ildən artıq müddətdir ki, ölkəmiz də dünyanın bir parçası olaraq koronavirus pandemiyası ilə mübarizə aparır. Bu ümumbəşəri bəla ilə mübarizədə hər ölkənin öz dəst-xətti var. Azərbaycanda koronavirusun yayılmasının ilk günlərində Prezident İlham Əliyev bütün qərarların qəbul edilməsində əsas amil kimi Azərbaycan vətəndaşının sağlamlığının vacibliyini qeyd edib.

Pandemiya başlayandan indiyədək dövlət tərəfindən effektiv mübarizə üçün mümkün imkanlardan maksimum dərəcədə istifadə edilib. Yoluxmanın qarşını almaq üçün sərhədlər bağlanılıb, modul tipli xəstəxanalar yaradılmaqla çarpayı sayları çoxaldılıb. Ölkəyə tibbi avadanlıqların, ləvazimatların və dərmanların gətirilməsi həyata keçirilib. Geniş iqtisadi və sosial paketlər elan edilib.

Hər iki tibb müəssisəsi çox həssas missiyanı yerinə yetirməli olduğu bir məqamda, yuxarıda qeyd olunan mənfi əməllərə yol verilməsi və dövlət tərəfindən dərhal ciddi tədbirlərin həyata keçirilməsi digər qurumlar üçün də ciddi siqnal olmalıdır.

Bu gün ifşa olunan faktlar ölkə əhalisinə göstərilən tibbi xidmətlər sahəsində ictimai nəzarətin aparılması və şəffaflığın təmin olunması məqsədilə əlavə tədbirlərin həyata keçirilməsi vacibliynini təsdiqləyir. Xüsusən son dövrlər icbari tibbi sığortanın da tətbiq olunduğunu da nəzərə alsaq, dövlət nəzarətinin güclənməsi və paralel olaraq ictimai nəzarətin həyata keçirilməsi daha effektiv nəticələrə səbəb ola bilər.

 

Realtv.az

ƏVVƏLKİ XƏBƏR

Pul qazanmağın yolu da təmizlikdən keçir

SONRAKI XƏBƏR

“Real” və “Yuventus” Çempionlar Liqasından kənarlaşdırıla bilər