Televiziyalardan narazılıq: İntişar yox, “intihar” yolundadırlar

Zeynal Məmmədli:“Kanallar niyə cəmiyyətin nə istədiyini öyənmir?!"

“Nəticədə problem həll edilməmiş qalır”

“Çünki konkret meyarlar müəyyənləşmir və kiminsə sayğısızlıq hesab etdiyini kimsə səmimiyyət kimi qəbul etmir”

Televiziyanı XX əsrin ən böyük kəşfi adlandıranlar o vaxt haqlı ola bilərdilər. İndi isə “televiziya” sözünün qarşısında daha real epitetlər işlətmək olar. Məsələ ondan ibarətdir ki, televiziyaların bir çoxunda auditoriya ilə əlaqə itib. Aparıcılar özlərini evlərində, bəzən də lap küçədə hiss edirlər. Məşhur xanım aparıcının şqabat açmasından tutmuş, ayrı-ayrı meyxanaçıların işlətdikləri qeyri-etik ifadələrə qədər onlarca misal çəkmək olar.

Dünən Zaur Baxşəliyevin aparıcı olduğu “Bizimləsən” verilişinin yayımının bir günlük dayandırılması və ATV kanalının külli miqdarda cərimələnməsi isə onu göstərir ki, nə zamanlarınsa ən böyük kəşfi indi ən böyük bəlaya və təhlükəyə çevrilib. Çünki qarşılıqlı münasibətlərdə şəxsiyyətə hörmət, şərəf və ləyaqətin qorunması kimi dəyərlər ayaq altına alınır, zərərli tendensiyalar təbliğ olunur.

Məsələ barədə “Sherg.az”a danışan media eksperti Zeynal Məmmədli məsələnin kökündə dayanan məqamları açıqladı:

“Əlbəttə, oxşar fikirləri eyni televiziya kanallarına və aparıcılara şamil etmək ədalətsizlik olar. Hər halda zövqlər müxtəlifdir. Və bir çox hallarda tamaşaçı ilə ekspertlərin fikirləri üst-üstə düşmür. Lakin “Tamaşaçı hər zaman haqlıdır” prinsipi adətən özünü doğruldur. Nəzərə almalıyıq ki, “bazar” sərbəst deyil. Sərbəst olsa, televiziyalar reklam vasitəsilə maliyyələşərlər. Beləliklə, kanallar tamaşaçanın reaksiyasından asılı qalar və nəinki auditoriyaya sayğısızlıq edər, hətta tamaşaçının sayğısızlığına dözümlü davranar. İndiki halda isə belə deyil və biz mövcud vəziyyətin bir anda düzələcəyini gözləyə bilmərik”.

Z.Məmmədli, həmçinin digər məqamlara da toxundu:

“Televiziyalar necədirsə, cəmiyyət də elədir. Televiziya sadəcə rentgen aparatı kimi mövcud vəziyyəti göstərir. İndi “simptomlara” diaqnoz qoyub, müalicə etmək lazımdır. Təəssüf ki, sosioloji araşdırmalar aparılmır. Kanallar niyə cəmiyyətin nə istədiyini öyənmir?! Niyə bunun üçün pul xərcləmirlər?! Nəticədə problem həll edilməmiş qalır. Çünki konkret meyarlar müəyyənləşmir və kiminsə sayğısızlıq hesab etdiyini kimsə səmimiyyət kimi qəbul etmir”.

Sherg.az

ƏVVƏLKİ XƏBƏR

Manatla kreditlərin orta faiz dərəcələri artıb, əmanətlərin isə azalıb

SONRAKI XƏBƏR

Niyə qlobal hədəflər təəssüf doğurur və bunu necə düzəltmək olar