Rusiyanın elm və ali təhsil naziri: “Azərbaycanlı tələbələrin qayıtmasını gözləyirik”

Rusiyada azərbaycanlı tələbələrin təhsillərini davam etdirmələrini gözləyirlər.

Bu barədə ölkənin elm və ali təhsil naziri Valeri Falkov “Moskva-Bakı” portalına danışıb.

“Xarici tələbələri gözləyirik, onlar üçün ən əlverişli şərait yaradılacaq. Hər şey epidemioloji vəziyyətdən asılıdır. Əlaqə kanalları açıqdırsa, deməli mütləq əcnəbi tələbələri gözləyirik. Azərbaycandan da tələbə qəbul edirik, burada heç bir çətinlik yoxdur. Daha sonrası isə universitetdən asılıdır.

Əlbətdə ki, pandemiya təhsil prosesi üçün müəyyən çətinliklər yaratdı, Bu, xüsusən başqa bölgələrdən, başqa ölkələrdən olan tələbələr üçün anlaşılandır. Obyektiv səbəblərdən bəziləri ya kurslara gedə bilmədilər, ya da materialı zəif öyrəndilər. Yaxın gələcəkdə tələbələrin təhsilindəki boşluqları aradan qaldırmaq üçün hər cür səy göstərəcəyik ki, pandemiyanın təsiri ilə bu sahədə yaranmış problemlər həll olunsun”, – deyə nazir bildirib.

Xatırladaq ki, keçən yaz koronavirus pandemiyası səbəbindən Rusiya universitetlərinin tələbə yataqxanaları karantinə alındı və bu səbəbdən də bəzi azərbaycanlı tələbələr yaşayış problemi ilə qarşılaşdılar. Onların bir çoxu, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin sədri Leyla Əliyevanın dəstəyi ilə vətənə qaytarıldı.

Martın 20-də isə Rusiya hökuməti 25 ölkədən, o cümlədən də Azərbaycandan olan xarici tələbələrin ölkənin ali məktəblərində əyani təhsilə qayıtmasına icazə verdi.

“Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəliyindən bildirilib ki, hazırda təxminən 11 min azərbaycanlı Rusiyada ali təhsil alır.

Qeyd edək ki, artıq Rusiyanın Elm və Ali Təhsil Nazirliyi xarici tələbələrin ölkəyə girişi üçün müəyyən prosedur hazırlayıb. Tələbələr Rusiyaya gəlməzdən əvvəl ölkəyə giriş tarixi barədə ən az 10 gün əvvəl universiteti elektron poçtla məlumatlandırmalıdırlar. Məhz bundan sonra giriş barədə müvafiq icazə tələbənin elektron poçtuna göndəriləcək. Tələbələr yalnız iki həftəlik karantin və iki COVID testindən keçdikdən sonra təhsillərini davam etdirə biləcəklər. Azərbaycanlı tələbələr üçün ölkəyə giriş barədə ətraflı məlumatla Rusiya Federasiyası Elm və Ali Təhsil Nazirliyinin saytında tanış olmaq mümkündür.

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Zelenski Rusiyanın Ukrayna ilə sərhəddən qoşunları geri çəkməsinə münasibət bildirib

SONRAKI XƏBƏR

"Maraşlı" yeni serialda