Mirələmov cinayət məsuliyyətinə cəlb edilə bilər? - Seksual qısnama, sataşma...

Sabiq deputat, yazıçı və Yeni Azərbaycan Partiyasının Xətai Rayon Təşkilatının sədri Hüseynbala Mirələmovun ötən gün yayılan videosu rezonans doğurub. Görüntülərdə onlayn iclas zamanı keçmiş deputatın gənc xanıma qarşı qeyri-etik hərəkətləri əks olunub. 76 yaşlı yazıçının bu hərəkəti ciddi müzakirələr yaradıb və birmənalı qarşılanmayıb.

Bəs görəsən, sabiq deputatı bu hərəkətinə görə hər hansı cəza gözləyirmi?

KONKRET.az xəbər verir ki, məsələ ilə bağlı Yenisabah.az-a danışan hüquqi məsələlər üzrə ekspert Ələsgər Əhmədoğlu H.Mirələmovun bu hərəkətinin işçiyə qarşı seksual qısnama olduğunu bildirib:

“Seksual qısnamanın sadə dildə izahı rəhbər şəxsin öz tabeliyində olan əks cinsin nümayəndəsinə “sataşması”, onunla seksual xarakterli hərəkətlər etməyə və yaxud cinsi əlaqəyə girməyə çalışması və sair bu kimi hərəkətlərdir. Cinayət Məcəlləsində bununla bağlı konkret maddə – 151-ci maddə var. Hansı ki, seksual qısnamanın cinayət əməli olduğunu göstərir. Son yayılan video əlbəttə ki, araşdırılması lazım olan məsələdir. Çünki bu görüntülərdə şəxsin asılılığı var və şəxsin asılılığından istifadə olunaraq bu hərəkətə yol verilməsi hüquqi aspektdən seksual qısnamaya daxil olur. Dünyanın hər yerində bu tip davranış var, orada konkret olaraq zorakılıq olmasa belə, şəxsin işgötürəndən asılılığı varsa, o zaman bu situasiyada seksual qısnama baş tutmuş olur. Buna görə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə araşdırılma aparılmalı, həmin şəxs dinlənilməlidir, əgər o şəxsin belə bir hərəkətə məruz qalması bilavasitə əmək münasibətlərindəki asılılıqdan doğubsa, o zaman işəgötürənlə bağlı cinayət məsuliyyətinə cəlb olunma başlanır”.

Ekspert qeyd edib ki, işin hallarından asılı olaraq, seksual qısnamanın nəticəsi cinayət məsuliyyəti ilə yekunlaşa bilər:

“Cinayət məcəlləsinin 151-ci maddəsinə əsasən, zərərçəkmiş şəxsin maddi və ya sair asılılığından istifadə etməklə onu cinsi əlaqəyə girməyə və ya seksual xarakterli digər hərəkətlərə məcbur etmə – bir ildən iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bu məsələ konkret olaraq cinayət əməlidir və müxtəlif cəzalar nəzərdə tutulub. Burada həmçinin əmək hüququ aspektindən şəxsə dəyən bütün maddi zərər ödənilməlidir. O işdən çıxsa belə əmək haqqı və konpensasiya ödənilməlidir. Seksual qısnama Əmək Məcəlləsində də yolverilməz haldır. Bu işçi şəxsin asılılığından olduğu üçün ona yönəlik hər hansı sataşma xarakterli hərəkətə əlacsız qalaraq reaksiya verə yaxud etiraz edə bilmir. Bunu təbii ki, araşdırmaq lazımdır. Heç bir halda bu yolverilən və xoşgörülən bir məsələ deyil. Bəzən toplumda görürəm ki, bəlli insanlar bunu lağ-lağı predmetinə çevirmək istəyir, bu yolverilməzdir. Sözügedən şəxs ictimai fiqurdur və ayrıca o bu hərəkəti edərkən qarşı tərəfdəkilərə göstərmək istəyir. O, ekranda söhbət etdiyi şəxslərə özünün necə “intellekt sahibi” olduğunu göstərmək üçün belə aşağılıq hərəkət edir”.

konkret.az

ƏVVƏLKİ XƏBƏR

"Hamilə olduğumu belə gizlədim" - məşhur müğənni - FOTO

SONRAKI XƏBƏR

Mariya Stadnik 8-ci dəfə Avropa çempionu oldu - VİDEO