Ekspert: “ASAN Xidmət” fotoçəkilişi yasaqlamaq, jurnalisti saxlamaq hüququna malik deyil

“Qadağanı yalnız qanun müəyyən edə bilər. Qanuna əsasən, məhdudlaşmış, girişi qadağan olunan, xüsusi hərbi obyektlərin foto və videosunun çəkilməsi yasaqlanır”. Bu fikri media eksperti Ələsgər Məmmədli Sumqayıt şəhərində “ASAN Xidmət”in şöbələrindən birində baş verən hadisəni şərh edərkən söyləyib.

Qeyd edək ki, Bakupost.az saytının əməkdaşı “Asan Xidmət”in Sumqayıt şöbəsində xidmətin imkanlarından yararlanarkən telefonla bir neçə foto çəkib. Saytın məlumatına görə, bu zaman xidmətin mühafizəçiləri yaxınlaşaraq, həmin fotoları silməyi tələb ediblər. Xidmət rəsinin otağına aparılan müxbirə “Asan Xidmət”in binasında çəkiliş aparmağın qadağan olduğu deyilib. Daha sonra saytın əməkdaşı şəkillərin silinməsi tələbi ilə az müddət mühafizəçilərin otağında saxlanıb.

Saxta.info ekspertin baş verən hadisə ilə bağlı açıqlamasının əsaslı olub-olmadığını dəqiqləşdirməyə çalışıb.

Öncə qeyd edək ki, "ASAN xidmət" Azərbaycanda dövlət orqanları tərəfindən vətəndaşlara göstərilən xidmətlərin həyata keçirilməsini təmin edən mərkəzlərin adıdır. AsanXidmət ("Azerbaijan Service and Assessment Network" - Azərbaycan Xidmət və Qiymətləndirmə Şəbəkəsi‎) Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə tabedir.

Ələsgər Məmmədlinin açıqlamasının mahiyyət etibarilə Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olduğu aydındır.

Bu məsələ həmçinin “Məlumat Azadlığı Haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

Qanunun 1-ci maddəsində qeyd edilir ki, Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı vardır. Sənədin 2-ci maddəsində isə bildirilir ki, məlumat azadlığının məhdudlaşdırılmasına yalnız Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş hallarda yol verilir. Məlumat azadlığından istifadə edilməsi qaydası isə Azərbaycan Respublikasının Konstitusiyası və ona müvafiq olaraq Azərbaycan Respublikasının Qanunları ilə müəyyən edilir.

Qanunun 10-cu maddəsində bəzi məhdudiyyətlər sadalanır.

Alınması məhdudlaşdırılan məlumatlara — dövlət, peşə (vəkil, notariat, həkim), qulluq, bank, kommersiya, istintaq və məhkəmə sirləri, şəxslərin şəxsi və ailə həyatına, terror aktlarına aid olan məlumatlar aiddirlər.

Asan Xidmət Mərkəzində vətəndaşların ümumi görüntüsünün çəkilişi yuxarıda sadlanan tələblərdən heç birini pozmadığını deyə bilərik.

Jurnalistin ASAN Xidmətin mühafizəçiləri tərəfindən saxlanılmasına gəlincə, bu Azərbaycan Respublikasının qanunvericiliyinə ziddir.

İlk növbədə bu məsələ ölkənin Konstitusiyasında ciddi şəkildə tənzimlənib.

Konstitusiyanın 28-ci çaddəsində (Azadlıq hüququ) qeyd edilib ki, azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər.

Bu mənada jurnalisti çəkdiyi fotoşəkillərin silinməsi tələbi ilə qısa müddətə saxlayan ASAN Xidmət mühafizəçilərinin hərəkətləri vətəndaşın azadlığının qanunsuz olaraq məhdudlaşdırılması kimi qiymətləndirilə bilər.

Məsələ burasındadır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsinə əsasən inzibati qaydada tutma, yəni fiziki şəxsin azadlığının qısa müddətə məhdudlaşdırılması, müstəsna hallarda inzibati xəta haqqında işin düzgün və vaxtında baxılmasının və ya inzibati xəta haqqında iş üzrə qərarın icrasının təmin edilməsi üçün zəruri hesab edildikdə qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla tətbiq edilə bilər. İnzibati qaydada tutma səlahiyyətli orqanlar (vəzifəli şəxslər) tərəfindən həyata keçirilir.

Bundan əlavə, jurnalistin sərbəst məlumat toplamaq hüququ "Kütləvi İnformasiya Vasitələri haqqında" Azərbaycan Respublikasının Qanunu ilə qorunur. Qanunun 59-cu maddəsində (Kütləvi informasiya azadlığının və jurnalist hüquqlarının pozulmasına görə məsuliyyət) bildirilir ki, Qanunla müəyyənləşdirilmiş hüquqlarını pozmaq Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə mülki, inzibati, cinayət və digər məsuliyyətə səbəb ola bilər.

Yuxarıda deyilənləri nəzərə alaraq, media eksperti Ələsgər Məmmədlinin açıqlamasının qanunvericilik əsaslı olduğu qənaətinə gəlirik.

Buta.ws

ƏVVƏLKİ XƏBƏR

Hindistanda koronavirus dəhşəti: İnsan cəsədləri küçələrdə yandırılır - FOTOLAR

SONRAKI XƏBƏR

"Açıq havada maska məsələsinə baxılmalıdır" - Adil Qeybulla