Bu gün Ramazanın son cüməsi Beynəlxalq Qüds günüdür

Bu gün Ramazanın son cüməsi Beynəlxalq Qüds günüdür

Qırx ildən çoxdur ki, ramazan ayının sonuncu cüməsi müsəlman dünyasında Beynəlxalq Qüds günü kimi qeyd edilməkdədir...

Bu gün bir çox müsəlman ölkələrində İsrail tərəfindən işğal edilmiş Fələstin torpaqlarının və müsəlmanların birinci qibləsi əl-Əqsa məscidinin azadlığı naminə Beynəlxalq Qüds günü qeyd edilir. Qırx ildən çoxdur ki, ramazan ayının sonuncu cüməsi müsəlman dünyasında Beynəlxalq Qüds günü kimi qeyd edilməkdədir.

İnterAz xəbər verir ki, Qüds gününün keçirilməsi təşəbbüsü təkcə 1948-ci ildən bəri Fələstin xalqının məruz qaldığı zülmlərə son qoymaq məqsədilə deyil, həm də islam dünyası üçün böyük əhəmiyyət daşıyan müsəlmanların birinci qibləsi ilə bağlıdır. Qurani-Kərimin İsra surəsinin birinci ayəsində hazırda işğal altında olan Qüds şəhərindəki əl-Əqsa məscidinin islam dünyası üçün əhəmiyyətindən danışılır. Ayədə buyurulur:

“Bəzi ayələrimizi göstərmək üçün bəndəsi Peyğəmbəri bir gecə (Məkkədəki) Məscidül-həramdan, ətrafını mübarək etdiyimiz Məscidül-əqsaya aparan Allah pak və müqəddəsdir. O, doğrudan da, (hər şeyi) eşidəndir, görəndir!”

Qüds müsəlmanların birinci qibləsi olmaqla yanaşı, islam dünyasının üç müqəddəs məkanı və hərəmindən biridir. Bu müqəddəs məkanlar Kəbə evinin yerləşdiyi Məscidul-haram, Məhəmməd peyğəmbərin məzarının yerləşdiyi Mədinə məscidi və Allahın mübarək qıldığı əl-Əqsa məscididir.

Məlumdur ki, müsəlman ümməti bu müqəddəs məkanın işğalda olmasına biganə qala bilməz. Buna görə Qüds günü ramazanın son cüməsində çox mühüm bir əlamətdar gün kimi qeyd edilir.

Bu təşəbbüsün irəli sürülməsi ilə dünyada zülmə məruz qalmış ölkələrin və xalqların yeni hərəkatı yaranıb. Bu günün hər il qeyd edilməsi İslam dünyasında və ümumilikdə dünya xalqlarında zülmə və işğala qarşı mübarizə ruhunun formalaşmasına təkan verib.

Müşahidələr göstərir ki, hazırda Fələstinin işğalı məsələsi dünya müsəlmanlarını birləşdirən əsas amildir. Bu səbəbdəndir ki, müsəlman xalqlarının səadətini istəməyən qlobal imperializm müsəlmanların ön cəbhəsi hesab edilən Fələstin məsələsində təfriqə yaratmağa çalışır.

Belə əlamətdar günlərdə keçirilən tədbir və aksiyalar müsəlmanların həqiqi ağrı-acılarını nümayiş etdirir.

Son illərdə ABŞ tərəfindən Qüdsün İsrailin paytaxtı elan edilməsi, Colanı İsrailin ərazisi kimi tanıması, işğal edilən İordan çayının qərbində sonradan salınan 121 şəhər və qəsəbənin, habelə İordan vadisinin İsrailə ilhaq edilməsi planının gündəmə gətirilməsi Qüds gününün keçirilməsinin əhəmiyyətini daha da artırıb.

Hazırda Fələstin ərazilərinin böyük hissəsini təşkil edən İordan çayının qərb sahili və burada məskunlaşan 5 milyon fələstinli İsrailin işğalı altındadır. Daha 2.5 milyon fələstinin yaşadığı Qəzza HƏMAS hərəkatının nəzarətində olsa da, hava quru və sudan İsrailin mühasirəsindədir. Bu mühasirə artıq 13 ildir ki, davam edir. Ümumilikdə 1948-ci ildən bu yana həyata keçirilmiş işğal siyasəti nəticəsində 7 milyona yaxın fələstinli qonşu və digər dünya ölkələrində qaçqın şəraitində yaşamaqdadır

Geridə qalan il Fələstin məsələsi üçün nəhs il kimi yadda qaldı. ABŞ-ın təzyiqi ilə daha dörd ərəb rejimi İsraillə əlaqələri normallaşdırmaq, rəsmiləşdirmək və səfirliklərini burada açmaq istiqamətində addım atdılar. Müsəlman ölkələrindən Kosovo İsraildəki səfirliyini işğal edilmiş Qüdsdə açdı. Bütün bu addımlar həm Fələstin və həm də digər müsəlman xalqları tərəfindən qəzəblə qarşılandı. Cari ramazan ayının əvvəli Fələstin əraziləri yenidən oyanışın şahidi oldu. Belə ki ramazan ayının əvvəlində Qüdsdə əl-Əqsa məscidinə girişlə bağlı İsrail polisinin tətbiq etdiyi məhdudiyyətlər irimiqyası etirazlarla qarşılandı və üç gün qarşıdurmadan sonra İsrail məhdudiyyət qərarlarını götürməli oldu.

Bu il Fələstin xalqı göstərdiyi müqavimətlə səsini dünyada yuxarı istansiyaların birinə çatdıra bildi. Belə ki, Beynəlxalq Cinayətlər Məhkəməsi bundan sonra fələstinlilərin İsrailə qarşı şikayətlərini təmin edəcəyini bildirdi. Bu qərara ilk etiraz elə ABŞ tərəfindən gəldi və beynəlxalq məhkəmənin hakimlərinə sanksiyaları tətbiq etdi. Bununla da ABŞ hökuməti insan haqları məsələsində ikili standartlı rəftarını bir daha nümayiş etdirdi. İsrail isə, bu məhkəməyə üzv olmadığını bildirərək, məhkəmənin ona qarşı şikayət qaldırmasına haqqı çatmadığını bəyan etdi.

Bu il müxtəlif müsəlman dövlətlərində koranavirus pandemiyasına görə, Qüds günü aksiyaları istənilən kimi keçirilməsə də karantin şərtlərini riayət etməklə fərqli proqram və tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Mənbə: www.interaztv.com