"Ata, biz qalib gələcəyik, mən şəhid olsam da, siz öz doğma yurdunuza qayıdacaqsınız" - FOTO

"Ata, biz qalib gələcəyik, mən şəhid olsam da, siz öz doğma yurdunuza qayıdacaqsınız" - FOTO

Zəfər yürüşünün qəhrəmanlarından olan şəhid Məhəmmədəli İsmayıllının doğum günü - 25 yaşı qeyd edilib. Atası ilə danışanda "Biz qalib gələcəyik, mən şəhid olsam da, siz öz doğma yurdunuza qayıdacaqsınız" demişdi.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan tarixinin şanlı səhifəsinə adları yazılan qəhrəman şəhidlərimiz öz qısa ömürlərini Vətən uğrunda fəda etsələr də, daim qəlblərdə yaşayacaqlar. Belə qəhrəmanlarımızdan biri də əslən Füzuli rayonundan olan İsmayıllı Məhəmmədəli Elxan oğludur. Məhəmmədəli hələ dünyaya gəlmədən öncə ailəsi Füzuli şəhərindən didərgin düşmüşdü. Onun ailəsi Horadiz əməliyyatlarında azad edilən 22 kənddən biri olan Yuxarı Kürdmahmudluda məskunlaşmışdı. Məhəmmədəli 1996-cı ildə bu kənddə dünyaya göz açıb.

Şəhidin atası Elxan Quliyev qəhrəman övladı haqqında qürurla danışaraq bildirib ki, hələ uşaq yaşlarından cəbhə bölgəsində yaşa dolan Məhəmmədlinin bir arzusu vardı - ailəsinin ata-baba yurduna qayıtması. Bu arzu uğrunda yaşayan Məhəmmədli həm istedadlı, həm də idmançı kimi böyüdü. Hələ yeniyetmə yaşlarında karate üzrə peşəkarlaşan Məhəmmədəli Azərbaycan çempionatında və beynəlxalq yarışlarda qalib olub. O, beynəlxalq turnirlərdə 38 dəfə çıxdığı döyüşdə bircə dəfə də olsun, məğlubiyyət nədir bilməyib. 2011-ci ildə respublika çempionu , Gürcüstanda keçirilən Beynəlxalq turnirin qalibi, Türkiyədə isə Dünya çempionu adını qazandı. 2013-cü ildə həqiqi hərbi xidməti Hərbi Dəniz Qüvvələrində keçdikdən sonra mülki həyatda mühafizə xidmətinin leytenantı olaraq işinə davam edib. Lakin uşaqlıqdan hərbçi olmaq istəyirdi deyə, müddətdən artıq hərbçi kimi Vətənə xidmət etməyə başladı. Beləcə Məhəmmədli ömrünün son iki ilini Vətən keşiyində dayandı.

Vətən müharibəsinin ilk günündən cəbhəyə atılan Məhəmmədli hərbi tibb maşını idarə edirdi. O, gecə-gündüz demədən vəzifəsinin öhdəsindən layiqincə gəlmək üçün çalışıb, yüzlərlə yaralını döyüşün ən qaynar nöqtələrindən çıxararaq xilas edib. Son telefon danışığında isə ailə üzvlərindən halallıq alıb. Məhəmmədəlinin yaddaşlara həkk olan cümləsi isə atasına dediyi ifadə olub: "Ata müharibə başlayacaq və biz qalib gələcəyik, torpaqlarımız azad olacaq. Mən şəhid olsam da, siz öz ata-baba yurdunuza qayıdacaqsınız".

Şəhid anası Arzu Quliyeva Məhəmmədəlinin doğum günündə gözləri yaşlı danışsa da övladının qəhrəmanlığı ilə qürur duyduğunu söyləyir: "Məhəmmədli çox cəsur, qorxmaz övlad idi. O, elə bir ürəyə sahib idi ki, Vətəni ilə anasını eyni sevgi ilə sevirdi. O, bir an tərəddüd etmədən cəbhədə gecə-gündüz döyüşlərdə öz xidmətini yerinə yetirdi. İstəmirdi ki, döyüşçü yoldaşları şəhid olsun, yoldaşlıqda da hər zaman sadiq biri idi. Hətta hərbidə çalışan zaman bayram günlərində növbələrdə özü qalardı ki, ailəli olan iş yoldaşları övladları ilə bayramlarını qeyd etsinlər. Vətən deyə yaşayırdı, Vətən uğrunda da canını fəda etdi".

Şəhid Məhəmmədəlinin indi onsuz keçən ilk doğum günü qeyd edilir. Ailəsi ilə birlikdə onun döyüşçü yoldaşları da Məhəmmədlinin xatirəsini əziz tuturlar.

Məhəmmədlinin qəhrəman döyüşçü olduğunu söyləyən hərbi tibb bacısı Elnarə Səfərova bildirib ki, onun haqqında danışmaq nə qədər çətindirsə, bir o qədər də qürurvericidir: "O, ölümü heç zaman özünə yaraşdırmırdı, lakin bir arzusu vardı - torpaqlarımız azad olsun, bu yolda lazımdırsa canını fəda etsin. Məhəmmədlinin çox arzuları vardı, lakin ən böyük arzusu Vətənlə bağlı idi. Məhəmmədəli yüzlərlə döyüşçümüzün həyatını xilas etdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin".

Şəhidin hərbçi yoldaşı Hilal Eminov isə bildirib ki, Məhəmmədəlini əvəz edə bilməsələr də, daim onun ata-anası üçün bir övlad olaraq üzərlərinə düşən vəzifəni yerinə yetirməyə hazırdırlar.

Məhəmmədəli oktyabrın 26-da Füzuli rayonu ərazisində gərgin döyüşlər zamanı atəş xəttindən yaralıları çıxaran zaman özü də düşmən gülləsinə tuş gələrək şəhidlik zirvəsinə ucalıb. Doğulub boya-başa çatdığı Yuxarı Kürmahmudlu kənd qəbiristanlığında torpağa tapşırılıb. Ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.

Mənbə: news.milli.az