Bura Azərbaycandır

Bir məktəbdə bir şagird təhsil alır

"Bu olduqca müsbət bir addımdır. Bu onu göstərir ki, Azərbaycan dövləti özünün maliyyə resursları ilə gələcəyin şəxsiyyəti olan insanları yetişdirməkdə maraqlıdır"

Azərbaycanda ən az şagird sayı olan məktəblər açıqlanıb. Təhsil Nazirliyindən bildirilib ki, təhsil müəssisələrində şagird sıxlığı əhalinin məskunlaşma faizinə düz mütənasib olaraq dəyişir: "Belə olan halda sorğunuza cavab olaraq bildiririk ki, respublikada ən az şagirdi olan 2 məktəb var.

Onlar Lerik rayon Təndül kənd və Şabran rayon Leyti kənd ibtidai məktəbləridir. Adıçəkilən təhsil müəssisələrində 1 nəfər təhsil alan qeydə alınıb".

Mövzu ilə bağlı "Şərq"ə açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirib ki, əslində azsaylı uşaqlarla belə tədrisin davam etməsi Azərbaycanda təhsilin əlçatanlığının təmin olunduğunu göstərir. O qeyd edib ki, bu hal olduqca müsbət addımdır:

"İlk növbədə qeyd edim ki, hazırda Azərbaycanda 4447 orta ümumtəhsil məktəbində 1,6 milyon şagird təhsil alır. Azərbaycan Respublikasının Konstitusiyasına, eyni zamanda "Təhsil haqqında" qanuna görə, Azərbaycan dövləti icbari təhsili öz üzərinə götürür. Yəni fiziki hazırlığı məktəbə getməyə imkan verən hər bir şəxs yaşadığı ərazidən asılı olmayaraq məktəblə təmin olunmalıdır. Etiraf edək ki, bu gün Azərbaycanın məktəblə təmin olunma faizi 100 faizdir. Amma müəyyən ərazilər var ki, orada məskunlaşma aşağıdır. Daha çox bu dağlıq ərazilərdə, eyni zamanda mərkəzdən kənarda olan ərazilərdədir. Qeyd edək ki, insanlar köçmə, maldarlıq, kənd təsərrüfatı ilə məşğul olduqlarına görə müəyyən qədər uzaq ərazilərdə məskunlaşıblar. Dövlət həmin ərazilərdə yaşayan insanların təhsil hüququnu təmin etməkdən ötrü həmin ərazilərdə məktəb saldırıb. Buna görə də həmin məktəblərdə şagird sayı hədsiz dərəcə azdır. Qeyd edim ki, hazırda ölkə məktəblərinin 51 faizində şagird sayı 200-ün üzərində, 49 faizində isə 200 nəfərdən azdır. Bir çox modul tipli məktəblər var ki, orda hətta 10-15, 20-25 şagird təhsil alır. Əslində azsaylı uşaqlarla belə məktəblərin davam etməsi Azərbaycanda təhsilin əlçatanlığının təmin olunduğunu göstərir. Bu olduqca müsbət bir addımdır. Bu onu göstərir ki, Azərbaycan dövləti özünün maliyyə resursları ilə gələcəyin şəxsiyyəti olan insanları yetişdirməkdə maraqlıdır. Bəzən statistik rəqəm olaraq məktəbdə bir şagirdin olması bizə təəccüblü gələ bilər. Amma həmin 1 nəfər şagird bizim Mübariz İbrahimovumuz, bizim Polad Həşimovumuz və digərləri kimi milli qəhrəmanımız ola bilər. Eyni zamanda o yarışlarda, olimpiadalarda Azərbaycana medal gətirən şəxs ola bilər. Həmçinin gələcəyin dəyərli alimi də ola bilər. Bir nəfər şagirdlə tədrisin davam etdirilməsi Azərbaycan dövlətinin fəaliyyətinin insanyönümlü, sosialyönümlü olduğunu təsdiq edir. Azərbaycan Respublikasının "Təhsil haqqında" qanununda və digər qanunvericilik aktlarında hər bir şəxsin təhsillə əhatə olunması qeyd olunur. Şagird sayı bir olan məktəblər mərkəzdən kifayət qədər uzaqda olur. Ora ən yaxın məktəb 15-20 km uzaqlıqda olur. Bu amil nəzərə alınaraq həmin məktəblərdə şagirdlər tədrisə davam edirlər".

K.Əsədov qeyd edib ki, dünya təcrübəsində də belə hallara rast gəlmək mümkündür:

"Hətta Yaponiyada bir şagirdin gedəcəyi məktəb üçün ayrıca dəmir yolu xətti belə çəkilmişdir. Dünya təcrübəsində belə tendensiya var. Bir şagirdin olması heç də o demək deyil ki, orda tədris aparılmamalıdır. Azərbaycanda modul tipli məktəblərdə ümumilikdə şagird sayı çox kompaktdır. Bu da yalnız azsaylı şagirdi olan ərazilərdə oxuyan insanların təhsil hüququnu tanımaq məqsədi güdür. Bu olduqca müsbət bir addımdır. Bir məsələni də qeyd edim ki, həmin bir nəfər şagird də digər şagirdlər kimi eyni formada təhsil alır. Yəni şagird sayından asılı olmayaraq "Təhsil haqqında" qanuna görə bütün siniflər üzrə müəllimlərə eyni dərs saatını deyirlər. Yəni sinifdə 20 şagirdin, ya da ki, bir şagirdin olmasından asılı olmayaraq tədris yükü arasında heç bir fərq yoxdur. Dərsin müddəti də 45 dəqiqədir. Şagird də bütün şagirdlər kimi dərs prosesində iştirak edir. Təbii ki, onu da qeyd edim ki, individual yanaşma şagirdin nəticəsinin daha yaxşı olmasına imkan verir".

Sherg.az

ƏVVƏLKİ XƏBƏR

Myanmada Çinə gedən qaz kəmərinə hücum edilib: Ölənlər var

SONRAKI XƏBƏR

Bu ölkədə karantinin ləğv ediləcəyi vaxt açıqlandı