Qədim alban məbədləri öz həqiqi sahiblərinə qayıdır

"Bu gün tarixi gündür. Azərbaycan Alban-udi dini icması Pasxa bayramı ilə əlaqədar Laçın rayonundakı "Ağoğlan" monastırında dini ayin icra etdi".

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini Ceyhun Əliyev deyib.

O bildirib ki, bir həftə bundan öncə eyni ayin Kəlbəcər rayonunun Xudavəng monastırında həyata keçirilib: "Düşmən daim çalışıb ki, bu məbədləri özününküləşdirsin, saxtalaşdırsın. Amma indi qədim alban məbədləri öz həqiqi sahiblərinə qayıdır. Bizim udi qardaşlarımız öz mənəvi mirasına sahib çıxır. Biz də buna əlimizdən gələn dəstəyi göstəririk. Çiyin-çiyinə Vətən müharibəsində zəfər qazanan xalqımız bu gün öz tarixi dini abidələrinə qayıdıb".

C. Əliyev alban-udi xristian icmasının məbədlərə səfərlərinin davamlı olacağını qeyd edib: "Bu, alban-udi dini icmasının "Ağoğlan" monastırına üçüncü səfəridir. Bununla yanaşı, Xudavəng məbədinə üç dəfə səfər həyata keçirilib. Eyni zamanda, Xocavənd rayonunun Tuğ kəndində yerləşən alban məbədinə səfər edilib. Bu onu göstərir ki, səfərlər mütəmadi xarakter daşıyır. Hazırda bizim udi qardaşlarımız bu məbədlərdə dini ayinlər icra edərək əslində böyük mənəvi missiya həyata keçirirlər. Burdan da belə nəticəyə gəlmək olar ki, bu ənənə davam edəcək".

C. Əliyev məbədlərdə aşkarlanan saxtalaşdırma faktları ilə bağlı görüləcək tədbirlərdən də danışıb: "Biz bütün məbədlərdə saxtalaşdırmalarla rastlaşırıq. Amma bu məsələləri mütəxəssislər, arxeoloqlar, tarixçilər və digər aidiyyəti qurumlar araşdırmalı, konkret fakt olaraq ortaya çıxarmalıdır. Tezliklə bununla bağlı istər yerli, istərsə də əcnəbi tarixçilərin, nümayəndələrin burada tədbirlərinin keçirilməsi mümkündür. Yəqin ki, belə tədbirlər keçiriləcək. Alban-udi dini icması özü də bu məsələdə həssasdır. Mütəmadi biz abidələrə baxış keçirərkən, burada tədbirlər keçirərkən dini icmanın sədri və üzvləri bu saxtalaşdırma faktlarının olduğunu bildirirlər və özləri də bu məsələni daim diqqətdə saxlayırlar".

Milli.Az

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Kuleba: Krımla bağlı bu qərarı alqışlayıram

SONRAKI XƏBƏR

“Mançester Siti”nin müdafiəçisi “Barselona” ilə müqavilə imzalayıb