Avropa Dərman Agentliyi peyvəndlərin patent hüququnun ləğvinə qarşıdır

Koronavirusa qarşı peyvənd preparatlarının əqli mülkiyyət hüququnun ləğv edilməsi və patentdən azad peyvəndlərin kütləvi istehsalı sayəsində dünyada peyvənd çatışmazlığının aradan qaldırılmasına dair debatlar uzun müddətdən bəri davam edir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Avropa Dərman Agentliyi (EMA) də bu məsələdə öz mövqeyini açıqlayıb. Qurumun rəhbəri Emer Kuk bu ideyaya qarşı çıxıb və patentlərin ləğv edilməsinin hazırkı peyvənd çatışmazlığı problemini aradan qaldırmadığını bildirib. Eyni zamanda, qeyd edilib ki, əqli mülkiyyət hüququnun dondurulması və ya ləğvi vaksinləri meydana çıxaran innovasiyalar mühiti üçün gələcəkdə zərərli ola bilər.

E.Kuk bildirib ki, hazırda istehsalatın artırılması və beynəlxalq əməkdaşlığın gücləndirilməsi üçün bütün digər vasitələrdən yararlanmaq daha yaxşı olardı. Bununla da ABŞ Prezidenti Cozef Baydenin bu yaxınlarda peyvəndlər üzərindəki patent hüququnun ləğvinə dair başlatdığı diskussiyaya Avropa ölkələrinin mövqeyi aydın olub.

Avropa Dərman Agentliyinin rəhbəri, eyni zamanda, pandemiyaya qarşı mübarizə çərçivəsində tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması və peyvənd olunmuş şəxslərə tam sərbəst hərəkət imkanı verilməsinə də ehtiyatla yanaşmağın tərəfdarıdır. O bildirib ki, peyvəndin hər iki komponenti vurulmuş şəxslərə sərbəst hərəkət edə biləcəyini söyləmək asan deyil. Əgər koronavirus pandemiyanın əvvəlində ciddiyə alınsaydı, hazırda dünyada bəlkə də başqa vəziyyət hökm sürərdi: "Ona görə də mən istəməzdim ki, biz eyni səhvləri yenidən təkrarlayaq".

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Prezident İlham Əliyev: Bir il bundan əvvəl Şuşada başqa musiqi səslənirdi, başqa hərəkətlər edilirdi

SONRAKI XƏBƏR

Prezidentin “Xarıbülbül” festivalında çıxışının - TAM MƏTNİ