Gürcüstan mətbuatı Prezident İlham Əliyevin Şuşaya növbəti səfərindən və “Xarıbülbül” festivalından yazıb

Tbilisi, 12 may, AZƏRTAC

Gürcüstanın aparıcı report.ge, 24news.ge, aktual.ge, dalgatv.ge informasiya portalları Azərbaycan Prezidenti İlham Əliyevin Şuşa şəhərinə növbəti səfərindən yazıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycan, rus, ingilis və gürcü dillərində yayılan materiallarda Prezident İlham Əliyevin xanımı Mehriban Əliyeva, qızları Leyla və Arzu ilə birlikdə Şuşada iştirak etdiyi tədbirlər barədə oxuculara məlumat verilir.

Xəbərlərdə Azərbaycan Prezidentinin Şuşada “Xarıbülbül” musiqi festivalındakı çıxışından sitat gətirilir: “Şuşanın azad edilməsi faktiki olaraq Ermənistan ordusunun və Ermənistan dövlətinin çökməsi demək idi. Çünki ondan bir gün sonra Ermənistan məcbur olub bizim şərtlərimizə əsasən formalaşmış kapitulyasiya aktına imza atıb və biz bir güllə atmadan Laçın, Kəlbəcər və Ağdam rayonlarını geri qaytardıq. Təsadüfi deyil ki, Şuşanın azad edilməsi günü – 8 noyabr günü Azərbaycanda rəsmi dövlət bayramı elan edildi, Zəfər bayramı elan edildi və biz bu bayramı hər il qeyd edəcəyik”.

Gürcü mətbuatı Şuşa şəhərində yeni məscidin təməlqoyma mərasimindən də yazıb, Prezident İlham Əliyevin çıxışından daha bir sitat verib: “Şuşada yeni məscid tikiləcəkdir. Məscidin tikintisi ilə bağlı qərarı mən çoxdan vermişdim. Şuşa şəhəri işğalçılardan azad olunandan sonra artıq bu məscidin memarlığı barədə düşünməyə başlamışdım. Nəzərə alsaq ki, Şuşa şəhərində vaxtilə 17 məscid olub və mənfur düşmən onların hamısını dağıdıb. Üç məscid yarıdağıdılmış vəziyyətdə idi – Yuxarı və Aşağı Gövhərağa və Saatlı məscidləri. Onların da təmiri ilə bağlı göstəriş verilib”.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Azertag.az

ƏVVƏLKİ XƏBƏR

Badmintonçumuz olimpiadaya lisenziya qazandı

SONRAKI XƏBƏR

Rövnəq Abdullayev: Türkmənistan və SOCAR əməkdaşlığı inkişaf etdirmək üçün böyük potensiala malikdirlər