Azərbaycanın Gürcüstandakı səfirliyində iftar süfrəsi təşkil edilib

Azərbaycanın Gürcüstandakı səfirliyində iftar süfrəsi təşkil edilib

Tbilisi, 12 may, AZƏRTAC

Azərbaycanın Gürcüstandakı səfirliyində müqəddəs Ramazan bayramı ilə əlaqədar iftar məclisi təşkil olunub.

Bu barədə AZƏRTAC-a səfirlikdən məlumat verilib.

Bildirilib ki, tədbirdə Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan, xarici işlər nazirinin müavini Laşa Darsalia, Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşaqmadze, Gürcüstan Patriarxlığının nümayəndəsi, Tbilisi Ruhanı Akademiyası və Seminariyasının rektoru protopresviter Giorgi Zviadadze, Gürcüstan Müsəlmanları İdarəsinin, eləcə də Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstan nümayəndəliyinin rəhbərləri, bu ölkədəki İslam və digər dinlərin təmsilçiləri iştirak ediblər.

Mərasimdə əvvəlcə müqəddəs “Qurani-Kərimd”ən ayələr oxunub.

Səfir Faiq Quliyev çıxış edərək 11 ayın sultanı olan Ramazanın ehtiva etdiyi nəcib mənalarını, bu ay ərzində ədalət, saf niyyətlər və nəfsin paklaşdırılması ətrafında insanların birləşməli olduğunu qeyd edib.

Bildirib ki, bu tədbirdə İslam, xristian və digər dinləri təmsil edən insanların dostcasına, qarşılıqlı hörmət və rəğbət əsasında toplaşması ölkələrimiz və xalqlarımız arasında tarixən formalaşmış sarsılmaz dostluq və qardaşlıq tellərinin bariz nümunəsidir.

Azərbaycan dövlətinin Gürcüstanla münasibətlərə xüsusi diqqət yetirdiyini vurğulayan səfir deyib ki, Baş nazir İrakli Qaribaşvilinin bu günlərdə ölkəmizə rəsmi səfəri zamanı Prezident İlham Əliyevlə apardığı danışıqlar strateji tərəfdaşlığımızın inkişafına yeni təkan verəcək.

Diplomat Azərbaycanın beynəlxalq müstəvidə hər zaman dost Gürcüstanla həmrəylik göstərməsini, ərazi bütövlüyü prinsipinə sadiq qalmasını ölkələrimizi birləşdirən vacib amil kimi səciyyələndirib. Bu xüsusda, ötən ildə 44 günlük Vətən müharibəsi sayəsində Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədlərinin bərpa olunması nəinki ölkəmiz, bütün bölgə, o cümlədən dost Gürcüstan üçün də yeni əlverişli şəraitin yaranması ilə yanaşı, sözün əsl mənasında Ədalət Zəfəri kimi vurğulanıb.

Ölkələrimiz arasında möhkəm əlaqələrin təmin və inkişaf etdirilməsində Gürcüstanda tarixən yaşamış soydaşlarımızın müstəsna rolu, onların həmişə bu ölkənin sədaqətli vətəndaşları olmaqla Azərbaycanla mənəvi əlaqələrin inkişaf etdirilməsində göstərdiyi əzm və qətiyyət məmnuniyyətlə qeyd edilib.

Gürcüstan xarici işlər nazirinin müavini Laşa Darsalia ölkələrimiz arasında uğurla inkişaf edən strateji tərəfdaşlığın əhəmiyyətini, Baş nazir İrakli Qaribaşvilinin Azərbaycana son səfərinin önəmini bildirib.

O, Gürcüstanda tarixən yaşayan azərbaycanlıların öz adət-ənənələrini qoruyub saxladığını, ölkənin mədəni rəngarəngliyinə mühüm töhfə verdiyini, Gürcüstan Hökumətinin də hər zaman bunun üçün şərait yaratdığını deyib.

Hər iki ölkənin ali siyasi rəhbərliyi səviyyəsində müəyyən edilən vəzifələrin bundan sonra da yerinə yetirilməsi sahəsində uğurların əldə ediləcəyinə dair əminliyini ifadə edib.

Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşaqmadze də çıxışında təmsil etdiyi qurum və şəxsən öz adından ölkənin müsəlman icmasının təmsilçilərini Ramazan bayramı münasibətilə təbrik edib. Agentliyin həm ölkə daxilində, həm də qonşu ölkələrlə münasibətlərdə həmişə dinlərarası harmoniyanın təşviq edilməsinə çalışdığını söyləyib. Bu baxımdan Azərbaycan və Türkiyə kimi yaxın və dost ölkələrdə dini məsələlər sahəsində dövlət siyasətini həyata keçirən qurumlarla müqayisədə Gürcüstanda bu cür Agentliyin nisbətən yeni olduğunu qeyd edən Z.Vashaqmadze Azərbaycan tərəfi ilə qarşılıqlı təmasların və faydalı əməkdaşlığın davam etməsi üçün çalışdığını bildirib.

Səfir Fatma Ceren Yazgan çıxışında iftar süfrəsini dünya miqyasında misli görünməmiş Türkiyə-Azərbaycan münasibətlərinin Gürcüstan torpağında nümayiş etdirilən bariz nümunəsi kimi səciyyələndirib. O, Ramazan dəyərlərinin müasir dünyanın şəraitinə uyğun olaraq birgə təbliğinin və bu sahədə bölgəmizdə olan təcrübənin dünya miqyasında örnək ola biləcəyini qeyd edib.

Tbilisi Ruhanı Akademiyası və Seminariyasının rektoru protopresviter Giorgi Zviadadze Gürcüstan Patriarxlığı adından Ramazan bayramı münasibətilə səmimi salamlarını və ən xoş təbriklərini çatdırıb, gürcü xalqı və Gürcüstan Pravoslav Kilsəsinin də həmişə səmavi dinlərin təbliğ etdiyi dəyərlərin keşiyində durduğunu söyləyib. O, bu sahədə qonşu Azərbaycanın dini rəhbərliyi ilə nümunəvi əməkdaşlığın qurulmasını qeyd edib.

O, Katolikos-Patriarx II İlia ilə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə arasındakı möhkəm dostluğu və qarşılıqlı hörməti münasibətlərin dəyərli örnəyi kimi təqdim edib. İki dost xalq və dini qurumlar arasında təşəkkül tapmış bütün münasibətlərin gələcəkdə də yüksək səviyyədə davam etdirilməsinin əhəmiyyətini vurğulayıb.

Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstan nümayəndəliyinin rəhbəri Hacı Əli Əliyev, Gürcüstan Müsəlmanları İdarəsinin Qərbi Gürcüstan müftisi Adəm Şantadze, dövlət agentliyinin sədr müavini Giorgi Ukleba, Gürcü Pravoslav Kilsəsinin protopresviteri Vissarion Tsintsadze və başqaları çıxış edib, xoş arzularını və dünya müsəlmanlarına təbriklərini çatdırıblar.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Mənbə: azertag.az