Şagirdlər üçün maska taxmaq məcburidir? - Nazirlikdən RƏSMİ AÇIQLAMA

Şagirdlər üçün maska taxmaq məcburidir? - Nazirlikdən RƏSMİ AÇIQLAMA

Mayın 17-dən etibarən Bakı, Sumqayıt və Abşerondakı ümumtəhsil müəssisələrinin məktəbəhazırlıq mərhələsində və ümumi orta təhsil səviyyəsində tədris həftədə 2 dəfə, ibtidai təhsil səviyyəsində həftədə 3 dəfə olmaqla əyani formada təşkil ediləcək.

Mayın 17-dən etibarən Təhsil Nazirliyi Kollegiyasının müvafiq qərarına əsasən, Bakı, Sumqayıt, Gəncə və Şəki şəhərlərinin, Abşeron rayonunun ərazisində yerləşən ümumi və məktəbdənkənar təhsil müəssisələrində əyani tədris forması qismən bərpa edilir. Valideynləri maraqlandıran əsas suallardan biri şagirdlərin məktəbə gedərkən maska istifadə edib-etməmələri ilə bağlıdır. Sputnik Azərbaycan bu suala aydınlıq gətirib.

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, məktəblilərdə şagirdlərin maska taxması məcburi deyil. Onun sözlərinə görə, bu məsələ valideynlərin ixtiyarına buraxılır: "Məktəblərdə şagirdlərin maska taxması ilə bağlı məcburiyyət yoxdur. Bu proses valideynlərin ixtiyarına buraxılır. Onlar istəsələr övladlarının sağlamlığı üçün məktəblərdə uşaqlarına maska taxmağı tövsiyyə edə bilərlər".

Qeyd edək ki, mayın 17-dən etibarən Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda yerləşən ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq mərhələsində və ümumi orta təhsil səviyyəsində (V-IX siniflərdə) tədris həftədə 2 dəfə, ibtidai təhsil səviyyəsində isə (I-IV siniflərdə) həftədə 3 dəfə olmaqla əyani formada təşkil ediləcək. Həmçinin, Bakı, Sumqayıt, Şəki və Gəncə şəhərlərinin, Abşeron rayonunun ərazisində yerləşən xüsusi məktəblər, xüsusi internat məktəbləri və inteqrasiya təlimli internat tipli təhsil müəssisələrinin xüsusi siniflərində (I-IX siniflərdə) həftədə 5 dəfə olmaqla dərslər əyani bərpa ediləcək.

Mənbə: sputnik.az