Məscidlərdə hansı qaydalar tətbiq olunacaq? - DİQQƏT!

“Fövqəladə hallarda insanın yerinə yetirməsi lazım olan şeylər həmçinin dinimizin insanlardan tələb etdiyi şeylərdir. Məhz bu ümumbəşəri prinsiplər və tədbirlərdir ki, pandemiya şəraitində dövlətimiz bu tədbirləri alaraq insanlarımızın sağlamlığının əldə edilməsi və bunun həyata keçirilməsini uğurla və müvəffəqiyyətlə davam etdirdi”. Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan İlahiyyat İnstitutu, İslamşünaslıq kafedrasının müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Əhməd Niyazov deyib.

Onun sözlərinə görə, artıq iyunun 10-dan etibarən Operativ Qərargahın aldığı qərar və həmçinin Qafqaz Müsəlmanlar İdarəsinin tövsiyyəsi ilə məscidlərimiz ibadətə açılır: “Məlumdur ki, pandemiya şəraiti hələ də tam bitməmişdir. Ona görə də məscidlər ibadətə açılsa da məscidlərdə dindarların yerinə yetirilməsi lazım olan qaydalar var. Hər şeydən əvvəl əlbəttə məscidlərdə xütbələr, moizələr oxunacaqdır. Məscidlərdə məsul şəxslər xütbə və moizələrdə həmişə İslam dininin təmizliyə verdiyi önəm, pandemiya şəraiti kimi fövqəladə hallarda müsəlmanların yerinə yetirilməsi lazım olan işləri təfərrüatı ilə məscidə gələn insanlara başa salmalıdırlar”.

Əhməd Niyazov həmçinin qeyd edib ki, məscidlərdə insanların üzərinə düşən vəzifələr vardır: “Məsciddəki xütbə və moizələrdə insanları İslam dininin təmizliyə verdiyi əhəmiyyəti təfərrüatı ilə başa salmaları, fövqəladə vəziyyətlərdə necə davranmalarını insanlara çatdırmaları, məsciddə tələb edilən qaydaları yerinə yetirə bilmək üçün insanların bir-biriləri ilə yardımlaşmaları da lazımdır. Bunlar məsciddəki din xadimlərinin insanlara çatdırmalı olduqları şeylərdir.

Bundan əlavə dindarların üzərinə düşən vəzifələr də vardır ki, dindarlar da bu pandemiya şəraitində ibadətin yerinə yetirilməsində öz üzərinə düşən işləri yerinə yetirməlidirlər. Dindarlar əgər məscidə ibadətə gedirsə, dəstamaz kimi ehtiyacları evdə həll edərək məscidə gəlmələri, məscidin dəstnamazxanalarından minimum istifadə etmələri vacibdir. Həmçinin məscidə gedərkən dindarlar mütləq maska aparmalıdırlar. Məscid qapalı məkan olduĝu üçün maskadan istifadə etmələri zəruridir. Unutmayaq ki, dinimiz hər şeydən əvvəl can sağlığına diqqət edir. Sağlamlığımızı qorumaq üçün bəzi hallarda savablı olan işlərdən də geri durmaq dinin tələblərindəndir. Bu baxımdan biz ibadətimizi sağlamlığımıza zərər verəcək təhlükələrdən uzaq durmaqla yerinə yetirməliyik. Əgər biz savab qazanacayıq deyə özümüzü qəsdən təhlükəyə atırıqsa, o zaman bunun nəticəsindən biz məsuliyyət daşıyırıq. Çünki Qurani-Kərimdə uca Allah buyurur ki: "Öz əlinizlə özünüzü təhlükəyə atmayın”.

Arzu Elsevərqızı

Sia.az

ƏVVƏLKİ XƏBƏR

Vilayət Eyvazovdan YENİ TƏYİNAT

SONRAKI XƏBƏR

"Lahiç Beşiktaşdan getsə..."