İtaliyada pandemiya ilə bağlı ən gərgin regionlarında məhdudiyyətlər yumşaldılıb

İtaliyada pandemiya ilə bağlı ən gərgin regionlarında məhdudiyyətlər yumşaldılıb

Roma, 14 iyun, AZƏRTAC

İtaliyada koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilən məhdudiyyətlərin bir qismi ləğv edilib.

AZƏRTAC xəbər verir ki, məhdudiyyətlərin ləğv olunduğu regionlar arasında Emilia Romanya və Pyemont, Triyent muxtar regionu, paytaxt Romanın yerləşdiyi Latium, Apuliya, eləcə də pandemiya ocaqlarından biri olan Lombardiya və onun mərkəzi Milan şəhəri yer alırlar. Qeyd edilən regionlar pandemiya “işıqfor“unda bəyaz rəngdə təsvir olunurlar, bu isə o deməkdir ki, açıq havada qastronomiya fəaliyyətinə icazə verilir və gecə yaşayış yerini tərketmə ilə bağlı məhdudiyyət aradan qaldırılır. Məhdudiyyətlər aradan qaldırıldıqdan sonra 60 milyon əhalisi olan İtaliyada əhalinin 40 milyonu yaşayan ərazilərdə məhdudiyyətlər ən aşağı səviyyəyə salınıb.

İtaliyanın səhiyyə naziri Roberto Speranza iyunun 21-də bütün İtaliyanın “bəyaz zona” elan ediləcəyinə ümidvar olduğunu bildirib. O qeyd edib ki, koronavirusla əlaqədar ölüm hallarının sıfıra enməsi üçün hamı həmrəylik göstərməlidir, lakin bunun üçün vaksinasiya kampaniyası tam gücü ilə davam etdirilməlidir.

 

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Mənbə: azertag.az